Kəlbəcərin azad edilməsi xalqımızın yaddaşına qürur və zəfər səhifəsi kimi həkk olunmuş xüsusi bir gündür
Müəllif: Elçin Mehdiyev
25 noyabr ölkəmizdə Kəlbəcər şəhəri günü kimi qeyd olunur. Bu tarix təkcə təqvimdə bir gün deyil, xalqımızın yaddaşına qürur və zəfər səhifəsi kimi həkk olunmuş xüsusi bir gündür. Məhz həmin gün Azərbaycan dövləti və ordusu Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsini bir güllə atmadan işğaldan azad etdi. 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə, Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində düşmən Kəlbəcəri dinc yolla öz sahiblərinə qaytarmağa məcbur oldu.
Vətən müharibəsində əldə edilmiş Zəfər nəticəsində imzalanan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. 1993-cü il 2 apreldə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər həmin tarixdən etibarən böyük bir faciə və dağıntı dövrünə məruz qalmışdı.
Həmin illərdə 511 dinc sakin qətlə yetirilib, 321 nəfər isə əsir və ya itkin düşüb. Minlərlə ailə öz doğma yurdlarından didərgin salınaraq Azərbaycanın 56 rayonundakı 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal illərində Kəlbəcərin onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəbi, 9 uşaq bağçası, 116 kitabxanası, 43 klubu və 42 mədəniyyət evi tamamilə dağıdılıb. Bundan başqa, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya, inzibati binalar, yaşayış evləri və yüzlərlə texnika talan edilib, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.
Kəlbəcər Azərbaycanın ən füsunkar guşələrindən biri olmaqla yanaşı, təbii sərvətlərlə də son dərəcə zəngindir. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa, yenidənqurma və müasir infrastruktur layihələri sürətlə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə təsdiq edilən "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan" gələcəkdə bu ərazinin tamamilə yeni bir simaya qovuşacağını göstərir.
Hazırda Kəlbəcərdə yaşayış məhəllələrinin salınması, yolların, körpülərin, su və enerji təchizatı sistemlərinin bərpası davam edir. Eyni zamanda rayon Azərbaycanın "yaşıl enerji" strategiyasında mühüm yer tutur. Son illər Tərtər çayı və onun qolları üzərində bir sıra kiçik su elektrik stansiyaları tam yenidən qurularaq istifadəyə verilib. Meydan çayı üzərində 3,4 meqavatlıq SES, Tərtər çayı üzərində 8,33 meqavatlıq "Çıraq-1" və 5,3 meqavatlıq "Soyuqbulaq", Qaraarxac çayı üzərində 3,6 meqavatlıq "Çıraq-2" kimi stansiyalar "AzərEnerji" tərəfindən müasir standartlara uyğun şəkildə bərpa olunub. Bundan əlavə, "Aşağı Vəng" (8,6 MVt), "Nadirxanlı" (8,8 MVt) və "Çaykənd" (5 MVt) SES-lərin tikintisi də başa çatdırılıb ki, bu da rayonun enerji potensialını əhəmiyyətli dərəcədə artırır.
Kəlbəcər təkcə təbiəti və sərvətləri ilə deyil, həm də müalicə-istirahət və turizm imkanları ilə seçilən unikal bir bölgədir. Hazırda inşası davam edən "İstisu" Müalicə-İstirahət Kompleksi 80 min kvadratmetrlik ərazini əhatə edəcək və burada 145 nömrəli hotel binası, onlarla kottec və inzibati binalar tikilir. Bu layihə rayonun gələcəkdə regionun mühüm turizm mərkəzlərindən birinə çevriləcəyini göstərir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре