Bu gün Beynəlxalq Ana Dili Günüdür

Bu gün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur.

Day.Az xəbər verir ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn siyasətinin nəticəsidir.

2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqa və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilin inkişafına böyük qayğının təzahürüdür.

Qeyd edək ki, hazırda dünyada təxminən 8 324 dil mövcuddur. Bunların çoxu yerli və azsaylı cəmiyyətlərə məxsusdur. UNESCO-nun hesablamalarına görə təxminən 2 400-2 700 dil artıq "təhlükədə" (endangered) kimi təsnif edilir və onların gələcəyi qeyri-müəyyəndir. 1950-dən bu yana isə təxminən 400-dən çox dil artıq tamamilə yoxa çıxıb (heç bir danışanı qalmayıb).