“Vistar” Mükəmməllik Mərkəzində ikinci dalğanın “Məzun günü” keçirilib

Mayın 6-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikası Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi Korporasiyasının və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı ilə təsis edilmiş "Vistar"  Mükəmməllik Mərkəzində ikinci dalğanın məzunlarının layihə təqdimatları baş tutub. Ümumilikdə ikinci dalğadan 30 nəfər məzun olub, onların 37%-ni xanımlar təşkil edir. Fərqli komandalar 6 startap üzrə layihələrini təqdim edib.

Day.Az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov "Vistar" Mükəmməllik Mərkəzinin fəaliyyətinin ölkədə innovativ insan kapitalının inkişafına mühüm töhfə verdiyini vurğulayıb: "Mərkəz İsrail-Azərbaycan texnoloji əməkdaşlığının bir simvolu olaraq qabaqcıl təcrübənin öyrənilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Proqramın iştirakçıları aparıcı ekspertlərlə işləyir və onların mentorluğundan faydalanırlar".

Daha sonra məzunların layihə təqdimatları baş tutub. Məzunlar süni intellekt və kosmik texnologiyalar əsasında hazırladıqları məhsul və xidmətlər haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, "Vistar"  Mükəmməllik Mərkəzində "İnsan kapitalının inkişafı" və "Peyk innovasiyaları və tətbiqi" proqramınlarına 2025-ci ilin noyabr ayında başlanmışdır. 2026-cı ilin yanvar ayında birinci dalğadan 32 nəfər məzun olmuşdur. "Vistar" Mükəmməllik Mərkəzinin məqsədi innovasiya, süni intellekt, enerji və kosmik texnologiyalar kimi sahələrdə bilik və bacarıqların artırılması, startapların inkişafı və onların beynəlxalq bazarlara çıxışını təşviq etməkdir.