Azərbaycanda 8 giqavatlıq bərpa olunan enerji layihəsi icradadır, 2 giqavatı gələn il sistemə qoşulacaq – Pərviz Şahbazov
Azərbaycanda 8 giqavat bərpaolunan enerji layihəsi icradadır, 2 giqavat gələn il sistemə qoşulacaq.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda WUF13 çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda keçirilən tədbirdə deyib.
"Bu proses yalnız enerji istehsalının artımı deyil, həm də yeni sənaye transformasiyası və illik təxminən 2,4 milyon ton emissiyanın azaldılması deməkdir", - nazir bildirib.
Pərviz Şahbazovun sözlərinə görə, enerji xətləri, nəqliyyat dəhlizləri, fiber-optik şəbəkələr və elektrik interkonnektorları qlobal sistemin yeni "arteriyaları"na çevrilir və XXI əsr artıq "bağlantılılıq əsri" kimi xarakterizə olunur.
Nazir qeyd edib ki, bağlantılılıq bu gün yalnız infrastruktur və ticarət deyil, həm də dayanıqlılıq, sabitlik və regional əməkdaşlıq deməkdir. Onun sözlərinə görə, Şərqlə Qərb, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan Avrasiyanın əsas bağlantılılıq mərkəzlərindən birinə çevrilməkdədir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре