"Made in Azerbaijan" dəbdə ola bilərmi?
Hər bir vətənpərvər üçün xarici ölkələrdə "Made in Azerbaijan" markası ilə satılan malların olması fərəh hissini yaşadardı. Lakin nəinki xarici ölkələrin vitrinlərində, bunu öz bazarlarımızda belə (geniş şəkildə) görə bilmirik.
Azərbaycan vətəndaşlarının pulları haraya gedir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Milli.Az-a bildirib ki, bir çox ölkələr yalnız öz malları ilə tanınır: "Çoxlu sayda belə ölkələrin adlarını bilirik. Həmin ölkələrin istehsal etdiyi brendlər ölkəni dünyada tanıtdırır. İnsanlar ona meyl göstərirlər. Bütün dünyanın ölkələri, sanki bütün yerlərdən o ölkələrə pul göndərirlər", - deyə E.Hüseynov əlavə edib ki, Sədərək Ticarət Mərkəzinə gedəndə özümü həddindən artıq pis hiss edirəm: "Baxıb görürəm ki, Azərbaycan vətəndaşlarının pulları haraya gedir!
Tezliklə Yeni Zelandiyadan qayıtmışam. Orada yalnız yerli malların, özü də baha qiymətə satılması məni çox təəccübləndirdi. Düzdür, orada qiymətlərə nəzərən maaşlar da yuxarıdır. 80 faiz yerli mal satılır".
Hüseynovun dediyinə görə, yerli malların azlığı Azərbaycanı narahat edir: "Artıq 8 ilə yaxındır ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) deyilən şirkət yaradılıb. Bu şirkət Azərbaycan məhsullarının dünyada təbliği ilə məşğul olmalıdır. Çox təəssüf olsun ki, bu şirkət dövlət qurumu olaraq yaradılsa da, effektli bir iş apara bilmir. Onu qeyd edim ki, mən Kanadada narşərab gördüm, Yeni Zenlandiyada AzNar və Şirvanlar Nar şirələrini, Jalə nar şirələrini gördüm və həddindən artıq çox sevindim. Məşhur Azrəbaycan kürüsünü də görmüşəm. Xalçalarına da rast gəlmişəm. Amma bundan artıq bir şey görmədim".
O qeyd edib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAİD 5 illik Azərbaycan mallarının rəqabətə davamlılıq layihəsini həyata keçirtmişdi. Bu layihənin sonunda - 2011-ci ildə USAİD antireklam vasitəsilə 20-yə yaxın təhlükəli malların satışdan çıxarılması ilə bağlı bizə müraciət etmişdi. Təhlillər əsasında belə qənaətə gəldilər ki, Azərbaycan istehsalı olan mallar üçün dünyada ilk təcrübə olaraq qida təhlükəsizliyi nişanı təsis olunsun. AİB Beynəlxalq İstehlakçı Təşkilatın üzvüdür. Dünyanın 120 ölkəsi ilə əlaqəsi var. Qida təhlükəsiliyi nişanını dövlət qeydiyyatına almaq istiqamətində işlər apardıq. Bu nişan barədə dünyanın 120 ölkəsində istehlakçılara məlumat verdik. Beynəlxalq təşkilatlar vasitəsilə mesaj yaydıq.
Lakin 2011-ci ildən bu günə qədər biz cəmi 6 müəssisəyə bu nişanı şamil edə bildik. Yəni bu müəssisələr "Ulduz Şokolad Fabriki", "Sevimli dad" ət və kolbasa məhsulları, "İseland, Camal LTD" dondurma, "Sab" kolbasa məmulatları, "Səhliyalı" kolbasa və ət məmulatları, "Şirin" MMC şokolad və konfet məhsulları istehsalçısıdır. Biz bu nişanla olan malları dünyada təbliğ etdik. Lakin başqa heç bir müəssisəyə onu şamil etmək mümkün olmadı. Belə ki, istehsalçı müəssisəyə daxil olduqda onun ətarf mühitə, ekologiyaya münasibətini qiymətləndirdik. Və bu nişana uyğun müəssisə tapılmadı. Çox təəssüflər olsun ki, AZPROMO bizimlə görüşümüzdə bu işə dəstək vermək üçün bir iş görmədi".
Azərbaycan brendini dünyada tanıtmaq olar
AİB sədri bildirib ki, Azərbaycan brendini, xüsusilə də ərzaq sənayəsi sahəsində olan brendini dünyada tanıtmaq olar: "Mümkündür. Lakin bu işdə qeyri-hökumət təşkilatlarının və dövlət orqanlarının birgə istəyi lazımdır. Təəssüf ki, dövlət orqanları Azərbaycan brendinin tanıtma işini arxa plana qoyub.
Ölkə prezidentinin sahibkarlara yaratdığı şəraitdən onlar sui-istifadə edirlər. Son 4 ayda sonsuz sayda şikayətlər gəlir və sahibkarlar onlara toxunulmazlığı önə çəkib təhlükəli malla istehlakçıları cəlb edirlər. Ölkədə sahibkarların işinə nəzarət edən ictimai nəzarət mexanizmi olmalıdır".
Onun fikrincə, hazırda Azərbaycan brendinin dünyada tanıldılmasının imkanları var. Bu şərtlə ki, aşağıdakı işlər görülsün:
1.Mükəmməl istehsalçı siyasəti formalaşdırılsın;
2.Mükəmməl ictimai nəzarət və bu ictimai nəzarətə reaksiya verən dövlət qurumları formalaşdırılsın;
3.Müstəqil ekspertiza olsun;
4.Müstəqil ekspertizanın təqdim etdiyi sənəd hüquqi sənəd olaraq məhkəmələrdə tanınsın;
5. Sertifikat verən orqanla əhalinin sağlamlığının keşiyində duran orqan bir-birindən ayrılsın. Ona görə ki, burada maraqlar konflikti var. Eyni bir orqan sertifikat verir və ərzaqların təhlükəsizliyinə nəzarət edir.
6. Ümumiyyətlə, sertifikat verən orqan müstəqilləşsin. (SMPDK-da bu proses gedir).
7. Laboratoriyalarda müstəqil qurumların şəffaf və rahat iştirakı təmin olunsun.
8. İstehlakçı hüquqlarını qoruyan təşkilatların sayı artırılmalıdır. Onlar şəffaf işləməlidir. Öz məqsədlərinə çatmaq üçün yox, Azərbaycan brendini dünyada tanıtdırmaq üçün iş aparmalıdır.
Hamı yerli mal alsın, xeyir vətənə qalsın!
Ekspert onu da qeyd edib ki, AİB 20 ilə yaxındır, dünya istehlakçı hərəkatında Azərbaycanı təbliğ və təmsil etsə də, başqa ölkələrdən fərqli olaraq, Azərbaycanın bu sahə ilə bağlı dövlət qurumları dünya yığıncaqlarında təmsil olunmurlar.
Vaxtilə Azərbaycanda belə bir şüar gəzirdi: "Hamı yerli mal alsın, xeyir vətənə qalsın!" Təəssüf ki, o şüar ümumxalq devizinə çevrilmədi. Azərbaycan pullarının xaricə axması həddindən artıq pisdir. Əhali yerli mallara üstünlük verməlidir. Əhalinin təxminən 50 faizinin yerli mallara inamı azdır".
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, ölkəmizin daxilində istehsal olunan malların, məhsulların təbliğatının bir sıra metodları var: "Məsələn, beynəlxalq təcrübələrə baxsaq, şirkətlər mallarını tanıtmaq üçün şəhər və bölgə yarmarkaları keçirirlər. Məsələn, il ərzində böyük illik proqram hazırlanır. Müxtəlif şəhər və bölgələrdə il ərzində yerli istehsal olan məhsulların sərgisi keçirilir. Belə sərgilər əhaliyə həmin məhsullarla yaxından tanış olmağa imkan verir".
R.Atakişiyev bildirib ki, Azərbaycan brendinin dünyada tanıdılması üçün reklam işi gücləndirilməlidir: "Bazarlar tədqiq olunmalıdır. Dövlət tərəfindən və şirkətlərin özləri tərəfindən reklam işləri aparılmalıdır. Azərbaycanda istehsal olunan mallar haqqında kitabçalar, bukletlər artırılmalı, paylanılmalıdır. Daha çox beynəlxalq tədbirlər, forumlar keçirilməlidir. Malların tanıdılması yolunda əsas iş şirkətlərin üzərinə düşür. Şirkətlər xaricdəki reklam şirkətləri, marketinq qurumları ilə yaxından əməkdaşlıq etməlidirlər".
"Made in Azerbaijan" brendi qlobal miqyasda
Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Milli.Az-a verilən məlumata görə, qurumun missiyası xarici investisiya axınını artırmaq və eyni zamanda ixracatı təşviq etmək yolu ilə iqtisadiyyatın şaxələndirilməsi və iqtisadi inkişafın təmin edilməsidir.
Bu istiqamətdə AZPROMO-nun əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:
Azərbaycanın biznes məkanı kimi təbliğ olunması;
2. İnvestisiyaların cəlb olunması istiqamətində xidmətlərin göstərilməsi;
3. Azərbaycanda fəaliyyət göstərən şirkətlərin xarici bazarlara çıxışına dəstək;
4. Beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi.
Ölkə təbliği istiqamətində görülən işlər sırasına biznes-forumlar, ikitərəfli görüşlər və bu qəbildən olan digər tədbirlərin təşkili, beynəlxalq tədbirlərdə iştirak, xarici səfərlərdə Azərbaycanın biznes, sahibkarlıq və investisiya mühitinin təbliğini nəzərdə tutan ölkə təqdimatı və çıxışlar daxildir. AZPROMO son zamanlarda reallaşmış bir çox işgüzar görüş və forumlarda təşkilatçı qismində iştirak etmişdir ki, onlar arasında Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı Biznes Forumu, Almaniyanın paytaxtı Berlində baş tutan Almaniya-Azərbaycan Biznes Forumu və Bakıda reallaşan Azərbaycan-Rusiya Biznes Forumunu xüsusi qeyd etmək lazımdır.
İnvestisiya təşviqi sahəsində görülən işlərə Azərbaycan bazarına daxil olmaq istəyən beynəlxalq şirkətlərin ətraflı məlumatla təmin edilməsi, artıq fəaliyyətə başlayan investorlara binzesin genişləndirilməsi üçün müəyyən xidmətlərin göstərilməsi aiddir. AZPROMO-nun hər il çap olunan və yenilənmiş investisiya layihələrini özündə cəmləyən "İnvestisiya Layihələri Kataloqu" investorların lazımi sektorlar üzrə istiqamətlənməsində mühüm rol oynayır.
İxracın təşviqi sahəsində AZPROMO Azərbaycanda fəaliyyət göstərən və beynəlxalq bazara çıxmağa çalışan şirkətlərə dəstək göstərir. Bu istiqamətdə göstərilən xidmətlərə mütəmadi beynəlxalq bazar araşdırmalarının aparılmasını, sahibkarlar üçün qlobal bazarın vəziyyəti və ixrac prosedurları haqqında təlimlərin, seminarların təşkilini, potensial bazar və alıcılar ilə əlaqələrin yaradılmasında vasitəçiliyin təmin edilməsini misal göstərmək olar. Belə ki, yaxın zamanlarda fəaliyyətə başlayan AZPROMO-nun Çin Xalq Respublikası üzrə nümayəndəsi may ayında azərbaycanlı sahibkarlar ilə görüş keçirmiş, Çin bazarının mövcud vəziyyəti, ixrac imkanları ilə bağlı iştirakçılara ətraflı məlumat vermiş və Çin bazarına daxil olmaq istəyən ixracatçılar ilə potensial imkanlar haqqında geniş fikir mübadiləsi aparmışdır.
Qeyd olunan bu kimi ixrac və investisiyanın təşviqi sahəsində görülən işlər, göstərilən xidmətlər qeyri-neft sektorunun ölkə iqtisadiyyatındakı payının artırılmasına xidmət edir. Xarici sərmayənin cəlb olunması və Azərbaycanda fəaliyyət göstərən şirkətlərin ixrac qabiliyyətinin yaxşılaşdırılması istiqamətində dəstək isə bilavasitə istehsal olunan yerli və keyfiyyətli məhsulların dünya bazarına çıxarılması üçün yeni imkanlar yaradır ki, bu da, "Made in Azerbaijan" brendinin qlobal miqyasda tanıdılmasına, Azərbaycan istehsalı olan məhsulların daha geniş bazarda yayılmasına müsbət təsir göstərir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре