Azərbaycanda ən tez 14 yaşda sürücü olmaq olar

Day.Az представляет новость на азербайджанском языке. 

Milli.Az-a müraciət edən və sürücü olmaq istəyən şəxsin cəmi 17 yaşı var. Oxucu 17 yaşında sürücülük vəsiqəsi almağın mümkün olub-olmamasını öyrənmək istəyir.

Baş Dövlət Yol Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, qanunvericilkdə nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.

Azərbaycan ərazisindəki yollarda "A", "B" və "C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan başlayır. Bundan başqa velosipedi və ya arabanı idarəetmə hüququ 14, asma mühərrikli velosipedi, mopedi və "A1" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 16, "BE" - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 19 yaşdan mümkündür.

Tramvayları, trolleybusları, "CE" və "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 21, "DE" - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 24 yaşdan etibarən mümkündür.

Onu da əlavə edək ki, "Yol hərəkəti haqqında" qanunda edilən dəyişiklikdən sonra A1, A və B kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üzrə sürücülük vəsiqəsi almaq istəyənlər nəzəri və təcrübi imtahanlara müstəqil hazırlaşa bilərlər.

Göstərilən kateqoriyalar istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.