İpoxondriya 20-40 və 50-70 yaş arasında olan insanlarda müşahidə olunur

Day.Az представляет новость на азербайджанском языке.


Sağlam olmağına baxmayaraq, bəziləri daim özünün xəstə olması barədə şübhələnir, tez-tez həkimə gedir, hansısa bir xəstəliyə tutulmaqdan qorxurlar. Psixoloqların bildirdiyinə görə, belə insanlar ipoxondriya adlanan psixoloji pozuntudan əziyyət çəkirlər. İpoxondriyanın qurbanları daim öz sağlamlıqlarının təhlükə altında olmasını zənn edir və həyəcan keçirirlər.

Müasir zamanda müxtəlif infeksion və təhlükəli xəstəliklərin yayılması ipoxondriya kimi psixoloji pozuntunun artmasına səbəb olub. Bundan əziyyət çəkən adamlar öz sağlamlıqlarına qarşı hədsiz dərəcədə diqqətli olurlar. Kiçik bir ağrı və nasazlıq onların stress keçirməsi ilə nəticələnir. İnsan bu zaman sağlam olsa da, hansısa xəstəliyə yoluxduğunu düşünür. Bəzi hallarda isə belə adamlar real mövcud olan xəstəliklərini ətrafdakılara daha ağır formada təqdim edirlər. Onlar özləri də yanlış olaraq inanırlar ki, çox ağır bir xəstəlikdən əziyyət çəkirlər. Nəticədə insanın əmək qabiliyyəti aşağı düşür, bəzi ağır hallarda isə bu xəstəlik əlilliyə də gətirib çıxarır.

İpoxondriya qurbanları tez-tez həkimə gedir, cüzi baş ağrısını, soyuqdəyməni, döş nahiyyəsindəki təsadüfi ağrıları, civzələri, şişkiniyi və s. əlamətləri xərçəng, infarkt və başqa xəstəlik kimi qəbul edir, daim ölüm qorxusu ilə yaşayırar. Belə insanlar bir orqana görə narahatlıq keçirə bilərlər. Bəzən isə onlarda müxtəlif orqanlarının dəyişməsi, xəstəliyə məruz qaması barədə şübhələr yaranır. Bu xəstəlik daha çox 20-40 və 50-70 yaş arasında olan insanlarda müşahidə olunur.

Belə adamlar vaxtaşırı tibbi jurnallar, qəzetlər və kitabarla maraqlanır. Televiziyada yayımlanan sağlamlıq verilişlərinin daimi izləyicilərinə çevrilirlər. Bu xəstələr həkimlərin də daimi pasientləri olurlar. Onları sağlam olmasına inandırmaq isə çox çətindir. Bu səbəbdən onlar həkimlərini də tez-tez dəyişirlər. Onlar düşünür ki, "yox, ətrafdakılar düz demir, hansısa bir xəstəliyə yoluxmaq çox asandır".

Psixoloq Fuad Zeynalabdinovun sözlərinə görə, ipoxondriya zamanı insanın keçirdiyi xəstələnmək qorxusu müxtəlif fiziki əlamətlərlə də müşayiət olunur: "Bu fiziki əlamətlər hansısa bir xəstəliyin əlamətlərinə bənzəyir və real olmur. Bu xəstəliyin qurbanlarının əksi olaraq daim özünü sağlam hesab edən insanlar da olur. Misal üçün, belə adamlar qışın soyuğunda, qar yağanda da dənizdə çimir, nazik geyimdə qaçır, idman edir və s. Bəzi adamlar isə yanlış olaraq özlərini çox möhkəm və tam sağlam hesab edir. Belə adamlar özlərini hədsiz dərəcədə fiziki məşğələlərlə yükləyərək özlərinə zərər də yetirə bilirlər".

İpoxondriyanın müxtəlif növlərinin olduğunu deyən psixoloq nəzərə çatdırır ki, bəzən bu xəstəlik zamanı insanlar hansısa yüngül xəstəliyi şişirdərək yaxınlarını da qorxudurlar. Onlar bədənlərində baş verən bütün dəyişiklikləri müşahidə edir, hər bir ağrıya qarşı qorxu ilə yanaşırlar. Belə adamlar həkimlərə etibar etmir və dərmanların qəbulu haqda olan göstərişləri özləri diqqətlə oxuyurlar. Belə adamlar müxtəlif klinikalara, həkimlərin yanına gedir, müayinə və müalicə üçün son qəpiklərini belə xərcləməkdən çəkinmirlər.

İpoxondriyanın bəzi növləri zamanı adam müayinədən keçəndə hesab edir ki, onda xərçəng kimi xəstəlik var, lakin həkimlər bunu gizlədirlər. Belə insanlar bəzən müayinəyə getməkdən çəkinirlər ki, onlarda ən təhlükəli xəstəliklər aşkar oluna bilər. Bəziləri isə hesab edir ki, onlarda elmə məlum omayan xəstəlik var. Bu da insanın zəifləməsinə gətirib çıxarır.

Müsahibim qeyd edir ki, ipoxondriyanın müalicəsi uzun və çətin prosesdir: "Nadir hallarda belə adamların psixi durumunu tez bir zamanda qaydaya salmaq olar. Bu xəstəlikdən əziyyət çəkənlərə ilk növbədə xəstəlik və tibb barədə olan qəzet, jurnal, kitablar oxumaq, sağlamlıqla bağlı verilişlərə baxmaq qadağan olunur. Belə adamların yaxınları xəstəliyin inkişafının qarşısını almaq üçün xüsusi davranış qaydalarını bilməlidir. İpoxondriyadan əziyyət çəkən insana onun tam sağlam olmasını, şübhələndiyi xəstəlikdən əziyyət çəkməməsini izah etmək lazım deyil. Onsuz da, o, sizə inanmayacaq. Belə adamlara diqqətlə qulaq asmaq, dediklərini sakit qəbul etmək lazımdır. Ona başa salmağa çalışın ki, hər şeyi başa düşürsüz. İpoxondriyadan əziyyət çəkən insan onun xəstəlik barədə fikirlərinin ətrafdakılar tərəfindən təsdiqini görməyəndə, onun dediklərinin əksinə çıxmayanda daha tez sakitləşir. Heç bir reaksiya görməyəndə uydurduğu xəstəlik barədə fikirlərindən əl çəkir. Belə adamlara çox ünsiyyətdə olmaq, təbiət qoynunda gəzmək, idman etmək (fiziki cəhətdən çox yüklənməmək şərti ilə), xəstəliyə yoluxma barədə fikirlərinin yayınması üçün maraqlı məşğuliyyət tapmaq və əylənmək məsləhət olunur".

/Ekspress.az/