Möhtəşəm üç gün və ya müharibə qaçılmazlığı

Day.Az представляет новость на азербайджанском языке

Son günlər Azərbaycan cəmiyyəti çox böyük həyəcan yaşadı və hələ də bu həyəcanın keçmədiyinə əminəm. Televiziyalar, qəzetlərdə və saytlarda oxuduğumuz xəbərlər, çayxana söhbətləri, ayaqüstü müzakirələr belə düşünməyə əsas verir. Cəbhədən gələn xəbərləri "dörd gözlə", narahatlıqla izləyirdik. 

Nəfəsimizi qısıb əməliyyatların nəticələrini gözləyərkən qəlbimiz Qarabağla döyünürdü. Şəhid xəbərləri kefimizi pozsa da, strateji nöqtələrin düşməndən azad olunması, ordumuzun cəbhə xəttində irəliləməsi ovqatımızı bir o qədər yüksəldirdi. 

Etiraf edək ki, cəmiyyətimizdə son günlər müşahidə etdiyimiz birliyin, həmrəyliyin illərdir həsrətini çəkirdik. Eyni zamanda illərdir xalq olaraq sevinə, qürurlana, öyünə bilmirdik. Ordumuzun keçirdiyi uğurlu əməliyyatlar qələbəyə möhtac toplumu kifayət qədər coşdurdu və bu coşğunluğun fonunda fikir ayrılıqları, narazılıqlar unuduldu. Son hadisələrə reaksiyamız, cəmiyyətin böyük əksəriyyətində müşahidə olunan birlik, həmrəylik ovqatı sübut etdi ki, Qarabağ münaqişəsinin həlli sülhlə, danışıqlarla mümkün deyil. Bu məqamda "barıt qoxusu"nun barışdırıcı amil olması qəribə də olsa, danılmazdır. Bir sözlə, üç möhtəşəm gün arxada qaldı...

Təəssüf ki, cəbhə xəttindəki gərginliyə, döyüşlərdə qarşı tərəfin verdiyi itkilərə fərqli reaksiyalar nümayiş olundu. Etiraf edim ki, müəyyən qəddar reaksiyalar məni dəhşətə gətirirdi. Xüsusilə düşmən əsgərinin parçalanmış cəsədinin fotosunu paylaşıb şadyanalıq edənləri anlamaqda çətinlik çəkdim.

Uşaqlığım müharibə dəhşətlərindən yan keçməsə də, o vaxt cəmiyyətin müxtəlif reaksiyalarını anlamaq çətin idi. Nə internet, nə də sosial şəbəkələr vardı. O zaman mənim gördüyüm adamlar, xəlvətcə müşahidə etdiyim böyüklər, sadəcə, öz itkilərimizə üzülür, ağlayırdı. İndi artıq qarşı tərəfin də itkilərindən xəbərdar olub, reaksiya vermək imkanımız var və bu fürsət müharibənin insanları necə qəddarlaşdırdığını daha aydın göstərir. 

Şəxsən mən son üç gündə müharibənin dəhşətini yenidən yaşadım, təkrar-təkrar müharibəyə nifrət etdim, müharibənin necə böyük faciələrə səbəb oduğunu bir daha anladım. İstəmədən cəlb olunduğumuz və böyük itkilər verdiyimiz bu münaqişə illərdir öz həllini gözləyir və sülh haqqında danışılan nağıllar xalqı hər gün bir az da bezdirirdi. Nə qədər qəbul etməsəm də, bu reaksiyaları da anlayıram... 

Dövlətin ərazi bütövlüyü ciddi məsələdir və vətənin taleyindən söhbət gedirsə, birlik labüddür. Amma bütün sivil toplumlarda olduğu kimi bizdə də müharibə əleyhdarları var və qəbul etmək lazımdır ki, müharibəni pisləmək heç də vətənə xəyanət deyil. Heç şübhəsiz ki, müharibə əleyhdarlarının da fikirlərinə sayğıyla yanaşmaq, onları da anlamaq lazımdır. İlk növbədə, sevinmək lazımdır ki, cəmiyyətimizdə fərqli fikirlər səsləndirmək cəsarətində olan insanlar da var. İnanın ki, müharibə əleyhdarları və "humanist" deyib ələ saldıqlarımız da bizdəndir.

...Müxtəlif beynəlxalq təşkilatların illərdir bu münaqişənin həllində passivlik nümayiş etdirməsi xalqın qələbəyə olan inamının sarsılmasına səbəb olmuşdu. İllərdir susan, boynunu büküb beynəlxalq təşkilatların ağzına baxan xalq bir anda, sanki, silkələnib yuxudan ayıldı. Cəmiyyətin yekdil şəkildə müharibəyə hazır olduğunu müşahidə etmək çətin deyil. Son iki gündə qarşılaşdığım bütün insanların gözündə qeyri-adi bir parıltı sezdim.

Həqiqət budur ki, biz nə qədər müharibə tərəfdarı olmasaq da, gec ya tez müharibə qaçılmazdır.

Hələlik atəşkəs bərpa olunub və yenidən danışıqlar gündəmdədir. Proqnoz vermək bu məqamda çox çətindir və eyni zamanda mənim işim deyil. Lakin dərk edirəm ki, heç nə proqnozlaşdırıldığı kimi olmayacaq. 

Çünki bu xalq qələbəyə təşnədir...

Cəlil Cavanşir

Milli.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.