İcra başçısının müavini vətəndaşı məhkəməyə verdi

Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Şirvan Şəhər Məhkəməsi Həsənovun şikayətinə baxıb. Həsənov, Sabirabadın Qəzli kənd sakini Arif Məmmədovun Cinayət Məcəlləsinin 148-ci maddəsi (Təhqir) ilə məsuliyyətə cəlb edilməsini tələb edib.

Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırmalar zamanı 2023-cü ildə Həsənovun A.Məmmədovdan məhkəməyə şikayət etdiyi və A.Məmmədovun onu ictimaiyyət arasında təhqir etməsi ilə bağlı iddia irəli sürdüyü məlum olub. O zaman Sabirabad Rayon Məhkəməsi A.Məmmədovun Həsənovdan üzr istəməsini təmin edib və işə xitam verilib. Lakin Həsənov, A.Məmmədovun ictimaiyyət qarşısında üzr istəməsini tələb edib və A.Məmmədov buna razılaşıb.

Bu səbəbdən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı ilə keçirilən səyyar görüş 2023-cü ilin noyabrından 2024-cü ilin fevralına təxirə salınıb. 2024-cü ilin fevralında Quruzma kəndindəki görüşdə A.Məmmədov iştirak etsə də, Həsənovdan üzr istəmədi.

Görüşdən sonra Həsənov, A.Məmmədovun onu yenidən təhqir etdiyi iddiası ilə məhkəməyə müraciət edib. O, akt tərtib edərək, A.Məmmədovun onu ictimaiyyət arasında söydüyünü bildirmiş, aktı bir sıra vəzifəli şəxslər və İcra Hakimiyyətinin əməkdaşları imzalayıb.

Şirvan Şəhər Məhkəməsi bu şikayətə baxıb və A.Məmmədovun Həsənovu təhqir etməsi ilə bağlı sübutların kifayət etmədiyini əsas gətirərək, ona bəraət verib.