Çimərliklərdə bunlar qadağandır

"Çimərliklərdə nəqliyyat vasitələri və heyvanlarla hərəkət qadağandır".

Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev çimərliklərdə təhlükəsizliklə bağlı sosial media hesabında paylaşım edib.

O bildirib ki, nəqliyyat vasitələrinin və heyvanların insanların sıx toplaşdığı istirahət zonalarında hərəkəti qanunla qadağandır. Belə hallarda xüsusilə uşaqların, yaşlıların və digər vətəndaşların həyat və sağlamlığı ciddi təhlükə altına düşür.

Elşad Hacıyev vətəndaşları məsuliyyətli davranmağa çağıraraq qeyd edib:

 

"Çimərliklərdə məsuliyyətsiz davranış faciəyə səbəb ola bilər. Düşünün ki, ehtiyatsızlıqla bir uşağa zərər yetirsəniz, bunun mənəvi ağırlığını bir ömür boyu daşımalı olacaqsınız".

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, ictimai asayiş və təhlükəsizliyə hər kəs məsuliyyətlə yanaşmalıdır. Onun sözlərinə görə, çimərliklər istirahət üçündür, riskli və təhlükəli hərəkətlər üçün deyil.