Kasko sığorta etdirənlərə

Texniki nasazlıqdan baş verən qəzalarda bəzən kasko sığortası ödənişi edilmir. Bəzi sürücülər isə bundan məlumatsızdırlar. 

Bəs hansı hallarda ödəniş mümkündür?

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a hüquqşünas Hüseyn İsmayılov açıqlama verərək bildirib ki, texniki nasazlıqdan baş vermiş avtoqəzalar zamanı sığorta şirkətlərin sığorta ödənişi etməkdən imtina edirlər. Bunun əsas səbəbi aşağıdakılardır:

"Mülki Məcəllənin 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

Bundan başqa Məcəllənin 935.1.4-cü maddəsinə əsasən sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi sığorta ödənişindən imtina etmək üçün əsas olaraq qeyd edilmişdir.
Sığorta şirkətlərinin sığorta qaydlarında adətən texniki nasazlığı sığortalıya əvvəlcədən məlum olduğu təqdirdə belə vəziyyətdə olan nəqliyyat vasitəsinin istismar edilməsi nəticəsində dəymiş zərərlərin sığorta təminatına daxil olmadığı xüsusilə qeyd olunur". 

Hüquqşünas qeyd edib ki, avtomobilin nasaz idarə edilməsi nəticəsində baş verən qəzalar təsadüfi, ya da hadisələrin təbii axarı nəticəsində baş vermir. Burada sürücünün səhlənkarlığı yaranır.