Şəhərlər insanların rifahı üçün qurulmalıdır

Çin innovativ, yaşıl, dayanıqlı, ağıllı və müasir şəhərlərin qurulmasını prioritet hesab edir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çin Dövlət Şurasının Baş nazirin müavini Çjan Qotsin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən Liderlər Sammitində deyib.

Çin nümayəndəsi bildirib ki, ölkədə urbanizasiya prosesi insan mərkəzli yanaşma əsasında həyata keçirilir və şəhər infrastrukturunun keyfiyyəti davamlı şəkildə artırılır.

"Çin şəhər strukturlarının optimallaşdırılması, yaşıl keçid, mədəni irsin qorunması və idarəetmənin səmərəliliyinin artırılması istiqamətində geniş islahatlar həyata keçirir.

Biz şəhər təhlükəsizliyinin əsaslarını möhkəmləndirir və Çin xüsusiyyətlərinə malik urbanizasiya modelini inkişaf etdiririk", - deyə o əlavə edib.

Çin nümayəndəsi bu il BMT-nin Yeni Şəhər Gündəliyinin qəbulunun 10 illiyinin qeyd olunacağını xatırladaraq bildirib ki, Çin bütün tərəflərlə birlikdə şəhərlərin daha yaşıl və təhlükəsiz gələcəyinin qurulmasına hazırdır.

O həmçinin vurğulayıb ki, şəhərlər həyatı yaxşılaşdırır, əməkdaşlıq isə gələcəyi daha perspektivli edir.