https://news.day.az/azerinews/1851635.html Diaspor gəncləri Azərbaycanın həqiqətlərinin ən güclü təbliğatçılarına çevriləcəklər - Məsim Məmmədov Diaspor Gənclərinin VII Yay Düşərgəsində iştirak edən gənclər Azərbaycanın reallıqlarını dünya ictimaiyyətinə çatdıracaq, burada qazandıqları təcrübə isə onların gələcək fəaliyyətinə mühüm töhfə verəcək.

Diaspor gəncləri Azərbaycanın həqiqətlərinin ən güclü təbliğatçılarına çevriləcəklər - Məsim Məmmədov

Azərbaycanca, 2 августа 2026 12:14 (UTC +04:00) 167
Diaspor gəncləri Azərbaycanın həqiqətlərinin ən güclü təbliğatçılarına çevriləcəklər

Diaspor Gənclərinin VII Yay Düşərgəsində iştirak edən gənclər Azərbaycanın reallıqlarını dünya ictimaiyyətinə çatdıracaq, burada qazandıqları təcrübə isə onların gələcək fəaliyyətinə mühüm töhfə verəcək.

Trend-in Zəngilana ezam olunan müxbirinin xəbərinə görə, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində deyib.

O bildirib ki, diaspor gənclərinin yay düşərgələri artıq ənənəyə çevrilib və bu il keçirilən tədbir sayca yeddincidir.

"İki il əvvəl Laçında keçirilən düşərgə bizim üçün böyük təcrübə oldu. Gördük ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər doğma Vətənə necə bağlıdırlar və Azərbaycana nə qədər böyük maraq göstərirlər", - deyə o vurğulayıb.

M.Məmmədov qeyd edib ki, düşərgə iştirakçıları burada qazandıqları bilik və təcrübəni gələcək fəaliyyətlərində istifadə edəcəklər.

"Ümid edirəm ki, bu tədbirdən sonra siz nəinki Azərbaycanın həqiqətlərinin təbliğatçılarına çevriləcəksiniz, həm də burada qazandığınız dostluqlar və təcrübə gələcək karyeranıza müsbət təsir göstərəcək", - deyə o bildirib.

Xüsusi nümayəndə vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq prosesi öz miqyasına görə unikal yanaşma ilə həyata keçirilir.

Onun sözlərinə görə, bölgədə inşa olunan beynəlxalq hava limanları, magistral yollar, tunellər, körpülər, su anbarları və digər iri infrastruktur layihələri gələcək iqtisadi inkişafın əsasını təşkil edir.

 

"Bu layihələr regionun iqtisadi potensialının formalaşmasına xidmət edir. Logistika, kənd təsərrüfatı, tikinti və digər sahələrin inkişafı üçün güclü baza yaradılır", - deyə M.Məmmədov qeyd edib.

O bildirib ki, Qarabağın bütün rayonları vahid inkişaf modeli əsasında bir-birini tamamlayır və hər bir bölgənin resursları ümumi inkişaf strategiyasına xidmət edir.

M.Məmmədov əlavə edib ki, Laçının zəngin su ehtiyatları regionun digər rayonlarında kənd təsərrüfatının inkişafına dəstək verir, su elektrik stansiyalarının istehsal etdiyi enerji isə təkcə bölgənin deyil, gələcəkdə ölkənin enerji təminatına da mühüm töhfə verəcək.

Xüsusi nümayəndə qeyd edib ki, Qarabağın davamlı inkişafı üçün yüksək ixtisaslı insan resurslarının hazırlanması əsas prioritetlərdən biridir.

"Bu ərazilərin müasir texnologiyalar əsasında idarə olunması üçün gələcəkdə savadlı, peşəkar və yüksək ixtisaslı mütəxəssislərə ehtiyac olacaq. İnanıram ki, bu gün burada iştirak edən gənclərin bir qismi gələcəkdə həmin prosesdə öz töhfəsini verəcək", - deyə o bildirib.

Sonda M.Məmmədov diaspor gənclərinə düşərgə müddətində Qarabağda aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olmağı, onları maraqlandıran bütün sualları ünvanlamağı tövsiyə edib.

"Bu günləri maksimum dəyərləndirin, Qarabağ barədə mümkün qədər çox məlumat əldə edin və gördüklərinizi yaşadığınız ölkələrdə obyektiv şəkildə çatdırın", - deyə o əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости