Xalq artisti: "Təpədən-dırnağa qədər islanırdım" - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Xalq artisti Hacı İsmayılovun Milli.Az-a müsahibəsi.
 

Dosye: Teatr və kino aktyoru, xalq artisti Hacı Məcid oğlu İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub. Orta təhsilini 190 nömrəli orta məktəbdə alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. İnstitutu bitirəndən sonra səhnə danışığı kafedrasında assistent, daha sonra H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor kimi çalışıb. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Hacı İsmayılov yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik Milli Dram Teatrda Azərbaycan və dünya klassiklərinin, eləcə də müasir ədiblərin əsərlərinin tamaşalarında və kinoda oynadığı müxtəlif rolların böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə cavab verir. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" orendinə layiq görülüb.

Aktyor "Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib və 1980-ci ildə bu rola görə o vaxtkı Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət mükafatı laureatı adına layiq görülüb.

Teatrda "Xəyyam", "Şöhrət və ya unudulan adam", "Aydın", "Od gəlini", "Sevil", "Maqbet", "Kral Lir", "İblis", "Ölülər", "Xanuma" və digər tamaşalarda, kino və televiziyada "Ad günü", "Anın quruluşu", "Bağlı qapı arxasında", "Atayevlər ailəsi", "Bəyin oğurlanması", "Dantenin yubileyi", "Dundukley", "Əlvida, cənub şəhəri", "Fatehlərin divanı", "Fəryad", "Güllələnmə təxirə salınır!...", "Gözlə məni", "Qonşu qonşu olsa", "Ordan-burdan", "Həm ziyarət, həm ticarət", "Özgə ömür", "Ölsəm...bağışla", "Nekroloq", "Sahilsiz gecə", "Otel otağı", "Şeytan göz qabağında", "Təxribat", "Yad qızı", "Yaşıl eynəkli adam", "Yol əhvalatı", "Bəyin oğurlanması" və başqa teletamaşa və filmlərdə maraqlı, yaddaqalan obrazlar yaradıb.

Hacı İsmayılov:

- Mən həmişə teatr aktyoru olmağı arzulamışam. 70-ci ildən Akademik Milli Dram Teatrının aktyoruyam. O vaxt biz teatrda qoyulan tamaşalardan başqa radioda, televiziyada, dublyajda da məşğul olurduq. Və elə həmin dövrdə "Azərbaycanfilm" kinostudiyasında çoxlu yaddaqalan filmlər çəkilirdi. Mən də təbii ki, belə filmlərdə rol almaq arzusunda idim. Amma o vaxt kinoya daha çox qəddi-qamətli aktyorları çəkirdilər. Ona görə o qədər də cəsarətli deyildim. Hətta bir dəfə Eldəniz Zeynalovdan xahiş elədim ki, səni artıq kinorejissorlar tanıyırlar, sevirlər, hörmət edirlər, "Bir cənub şəhərində" kimi filmə çəkilmisən, rejissorların birinə tapşır, məni də hansısa filmdə heç olmasa, kütləvi səhnələrin birinə çəksin. Dedi, mənim gözüm üstə, gəl dalımca. Kinostudiyanın pillələri ilə aşağı enəndə o vaxtın çox tanınmış, bir neçə gözəl filmin müəllifi olan rejissorlardan birinə rast gəldik. Eldəniz məni ona təqdim edib dedi ki, bu, "Azdrama"nın istedadlı aktyorlarından biri Hacı İsmayılovdu, kinoya çəkilmək istəyir. Həmin rejissor da məni başdan-ayağa süzəndən sonra cavabı bu oldu: "İncəsənətin daha bir qurbanı". Özü də rusca dedi və çıxıb-getdi. Bu söz mənə çox pis təsir etdi. Eldəniz isə o, gedəndən sonra mənə dedi: "Heç ürəyini sıxma, qərdeşim, səni filmlərə çəkəcəklər, özü də tanınmış aktyorlardan biri olacaqsan".

Doğrudan da, elə o cür oldu. Rasim Ocaqov "Ad günü" filmini çəkəndə yaxınlaşıb məni Mustafa rolunun fotosınaq çəkilişlərinə dəvət elədi. Çox sevindim. Həm foto, həm də kinosınaq çəkilişləri uğurlu alındı və Bədii Şura məni Mustafa roluna təsdiq elədi. 76-cı ilin oktyabr ayında çəkilişlər başladı. Ssenarini oxuyanda hiss eləmişdim ki, sanki, içimdə nəsə dəyişdi, Mustafa mənim canıma hopdu, elə bil dönüb Mustafa oldum. Film 77-ci ilin fevral-mart aylarında tamamlandı. Çəkilişlər gedə-gedə kadrların heç birini görməmişdim. İlk nümayişdə mən də iştirak etdim. Öz rolumu görməkdən daha çox filmin, ümumiyyətlə, necə alınması məni çox maraqlandırırdı. Film hər cəhətdən valehedici alınmışdı. Çəkiliş prosesində fikirləşmirdim ki, rolum necə alınacaq, necə oynayacam? Ümumiyyətlə, şəxsən öz adımdan deyim ki, filmə çəkiləndə aktyor fikirləşmir ki, rolunu necə oynayacaq, tamaşaçıların xoşuna gələcək, ya yox, sadəcə öz işini görür. Amma ssenarini oxuyanda hiss eləmişdim ki, sanki, içimdə nəsə dəyişdi, Mustafa mənim canıma hopdu. Hiss elədim ki, Mustafa elə mənəm. Indi mənə o çəkiliş məqamları yuxu kimi gəlir. "Ad günü" filminin ekranlara çıxdığı gündən isə mən aktyor kimi tanınmağa başladım. Bu filmdən sonra mən "Mozalan" satirik kinojurnalına, elə təkcə Rasim Ocaqovun beş filminə və digər rejissorların filmlərinə çəkildim. Demək istəyirəm ki, mənim yaradıcılığımın kino səhifəsi Rasim Ocaqovun sayəsində açıldı. Kinoya çəkilə-çəkilə teatrda da fəaliyyətimi davam etdirirdim. Amma teatrda eləyə bilmədiklərimi kinoda eləmək imkanı daha geniş idi. Kinoya çəkiləndə tamam başqa aktyora çevrilirəm. Mənə elə gəlir ki, kinoda nə desən, eləyə bilərəm. Kino məni tamaşaçılara daha çox tanıtdı.
 

- Yəqin ki, ilk dəfə kinoya çəkilməyinizin kadrarxası maraqlı məqamları çox olub. Elədi?

- Elədi. "Ad günü" filmində yağış epizodu çətinliklə alındı. Təbii yağış yağan havada çəkiliş aparmaq mümkün olmadığına görə yanğnsöndürən maşının köməyindən istifadə edirlər. Bu filmdə də iki yanğınsöndürən maşın gətirmişdilər, biri o başda dayanmışdı, biri bu başda. Onlara da "motor!" komandası verilən kimi şlanqın suyunu elə buraxırdılar ki, elə bil başına vedrə ilə su tökülür. Təpədən-dırnağa qədər islanırdım. Ona görə bu epizodu çəkəndə mənim üçün iki kostyum götürmüşdülər. Biri islanırdı, onu xüsusi qurğu ilə qurudana qədər o birini geyinib çəkilirdim. Telefon "budkası"ndan zəng vurduğum epizodu çəkəndə isə az qala fövqəladə hal yaranacaqdı. "Budka"nın içinə elektrik lampası çəkmişdilər ki, çəkiliş qaranlıq alınmasın. Necə olubsa, elektrik naqilinin bir fazası gəlib düşüb telefon aparatının diskinə. Nömrənin ilk rəqəmini yığan kimi hiss elədim ki, bədənimə elektrik cərəyanı keçdi. Fikir verməyib o biri rəqəmləri yığdım, amma bu, təbii ki, çox qeyri-təbii alındı, çünki hər dəfə əlimi diskə vuranda bədənimə cərəyan keçdiyinə görə əlimi kəskin geri çəkirdim. Üstəlik də, dekabr ayı idi, mənim də üst-başım tamam suyun içində idi. Rasim müəllim "stop" komandası verdi, dedi, bu nədi, bu, necə telefon nömrəsi yığmaqdı? Dedim, ay Rasim müəllim, sizin xəbəriniz yoxdu, mən bayaqdan burda nələr çəkirəm, hər dəfə nömrəni yığanda elektrik cərəyanı bədənimə keçir. Çox təlaş keçirdi, dedi, yox, belə olmaz, gərək bayaqdan deyəydin. Nə isə, işıq ustaları bu məsələni yoluna qoydular, daha telefonun diskindən adamın bədəninə elektrik cərəyanı keçmirdi. Amma o kadr bir dubla alınmadı, çünki bayaqkı təəssüratdan hələ uzaqlaşmamışdım, hər dəfə əlimi diskə uzadanda elə bilirdim yenə elektrik vuracaq məni. Ona görə o kadr üç-dörd dubla çəkildi.
 

- O epizod şəhərin hansı hissəsində çəkilirdi?


- 20 nömrəli məktəblə üzbəüz küçədə, oralardakı məhəllədə. O vaxt Bakıda film çəkilişi çox asan idi, nə əhalinin, nə maşınların, nə də binaların bu dərəcədə sıxlığı yox idi. Hətta çəkiliş üçün icazə almağa da ehtiyac yox idi. İndi belə çəkilişlər aparmaq çox çətindi. Yeri gəlmişkən, Əlinin eyvandan Mustafanı görüb evinə dəvət etmək epizodunu bu yaxınlarda bir də təkrar oynadıq. Noyabrın 22-də Rasim Ocaqovun doğum günündə onun haqqında yenicə çəkilmiş filmin premyerası olacaq. "Ad günü" filmində Əli rolunda çəkilən gürcü aktyoru David Uplisaşvilini çəkmək üçün Gürcüstanda olanda rejissor Mirsadıq Ağazadə həmin epizodun çəkilişində gözlənilməzlik effektindən istifadə etdi. Davidə heç demədilər ki, mən də ordayam, amma dedilər ki, həmin epizodu yenidən çəkməliyik, küçədən keçən adam isə, çəkiliş qrupunun üzvlərindən biri, sadəcə mənə oxşayacaq, üzü görünməyəcək. David də epizodu həmin adamla məşq elədi, amma artıq çəkiliş vaxtı rejissor mənə dedi ki, indi sən çıx çəkiliş meydançasına. David məni görəndə gözlənilməzlikdən özünü itirsə də, rolunu oynamağa davam etdi. Çox təəccübləndi, çox da sevindi ki, mən də ordayam və həmin epizodu yenidən mənimlə oynayır.
 

- Doğrudan da, çox gözəl sürpriz olub. Elə 20 ildən sonra bu filmin davamı olan "Həm ziyarət, həm ticarət" filminin ekranlara çıxmağı da tamaşaçılar üçün gözəl sürpriz olmuşdu.

- Rasim Ocaqov ustad rejissor olmaqla yanaşı həm də çox yaxşı insan, şəxsiyyət, vətəndaş, əsl vətənpərvər idi. "Ad günü" filmi "Ezamiyyət" və "Ad günü" hekayələrinin sintezindən yaranmışdı. Hekayədə Mustafa Moskvaya ezamiyyətə gedir, filmdə isə Bakıya. "Ad günü" filminin tamaşaçılar tərəfindən belə sevildiyini görəndə Rasim müəllimdə belə bir fikir yaranmışdı ki, mütləq Şəki haqqında hərtərəfli bir film çəksin, o, bu filmi "Ad günü"nün davamı kimi yox, Mustafanın həyatının davamı kimi görürdü. İstəyirdi ki, yeni filmdə Mustafanın Şəkiyə olan münasibəti, məhəbbəti bədii həllini tapsın. "Həm ziyarət, həm ticarət" filmi Rasim müəllimin Mustafanın Şəkiyə məhəbbətini tam miqyasda ekrana gətirmək arzusundan yaranmışdı. Rasim müəllim istəyirdi ki, Mustafanın Şəkiyə bağlılığının tam kino obrazını yaratsın. Təbii ki, 20 ildən sonra həmin obrazı yenidən canlandırmaq, o uğuru təkrarlamaq o qədər də asan deyildi. Amma Rasim müəllimin sayəsində bu çətinliyi dəf edə bildim.

Ümumiyyətlə, kino fəaliyyətimin 90 faizi Rasim müəllimin adı ilə bağlıdı. Mən yalnız onun dediklərini eləmişəm. Və bəzi əlavələrim olub. Ümumilikdə isə Rasim müəllim çox konkret rejissor idi. Aktyordan yalnız tələb etdiyini almaq istəyirdi. Bundan artığını istəmirdi. Və düz də eləyirdi. İstədiyini almayınca isə əl çəkmirdi. Amma mənim Mustafaya bəzi əlavələrim olub. Özü də uğurlu kadra görə aktyoru heç vaxt tərifləməzdi, təbrik eləməzdi. Çəkilişlər gedə-gedə aktyoru təqdir eləməklə arası yox idi. Soruşanda ki, Rasim müəllim, filan epizod necə alındı, yalnız onu deyərdi ki, qaydasındadı. Amma "Həm ziyarət, həm ticarət" filminin çəkilişlərində, İstanbulda istisna baş verdi. Mallarının saxlama kamerasından itdiyini, Davud tərəfindən aldadıldığını aşkarlayan Mustafanın halını sözsüz şəkildə çatdırmalıydım. O vaxt da plyonka baha idi, qənaətlə çəkirdik. Rasim müəllim bu epizodu necə görmək istədiyini izah etdi, dedi ki, lentimiz lap az qalıb, hazırsansa başlayaq, dedim hazıram və çəkiliş başladı. Bitəndə isə heç gözləmədiyim halda yaxınlaşıb məni bağrına basıb öpdü, dedi ki, sağ ol, əla, sən yaxşı aktyorsan, tam ürəyimcə oynadın. Həmin gün mənim uçmağa qanadım yox idi ki, Rasim müəllim mənim bacarığımı etiraf elədi. Nə isə, filmin çəkilişləri bitdi, premyerasına gələndə baxa-baxa gözləyirdim ki, həmin epizodu görüm, fikirləşirdim ki, yəqin filmin ən uğurlu kadrlarından biridi. Amma film bitdi, həmin kadr görünmədi. Rasim müəllim soruşdu ki, hə, necədi, film xoşuna gəldi? Dedim, əlbəttə, hər şey əla idi, amma yadınızdadı, İstanbulda saxlama kamerasından Mustafanın mallarının itməsini çəkmişdik, o epizodu görmədim axı. Cavab verdi ki, o kadr artıq idi, montajda onu kəsmişəm. O elə rejissor idi ki, filmin baxımlılığına az da olsa, xələl gətirən kadrı lentdə saxlamırdı. Hətta çəkiliş vaxtı çox xoşuna gəlsə də, son dərəcə uğurlu kadr olsa da.
 

- Əsas odur ki, sənətkarlığınızı etiraf edib, həmin fraqment ekrana getməsə də...

- Əlbəttə, elədi... Kinoya çəkilmək bacarığını mənə Rasim müəllim aşılayıb. Özü də sabitliyi sevən rejissor idi. Bir dəfə birlikdə işlədiyi aktyor intizamlı və işinin öhdəsindən gəlməyi bacaran idisə, o biri filmlərinə də onu dəvət edirdi. Başqa filmlərin çəkilişlərinə başlayanda mütləq o aktyor üçün bir rol tapırdı. Lap epizodik rol olsa da. Əslində, Rasim Ocaqovun filmində ən kiçik rola çəkilmək hər bir aktyor üçün çox böyük şərəf idi. O cümlədən mənim üçün. Çəkildiyim digər rejissorların filmlərinə gəlincə isə "Yol əhvalatı" ilə "Bəyin oğurlanması" filmləri haqqında onu deyə bilərəm ki, bu filmlər çəkilən dövrdə fikirləşirdik ki, yəqin bu filmlərin mövzusu tamaşaçıların o qədər də böyük marağına səbəb olmayacaq. Amma aşkar oldu ki, həmin filmlər indiyə qədər ən çox baxılan filmlər sırasındadı. O filmlərdə improvizələrə geniş yer verilmişdi. Məsələn, "Yol əhvalatı"nda Yaşar Nurinin qatıq-çörək yediyi yerdə Səyavuş Aslanın onun başına qapaz vurması və Yaşarın bığlarının qatığa bulaşması improvizə idi. Bunu eləyəndə elə bildik ki, rejissor "stop!" deyəcək, amma görəndə ki, kamera çəkməkdə davam edir, biz improvizəni davam etdirdik, Yaşar da bir tikə çörəklə bığlarını silib ağzına qoydu və o epizod filmin ən uğurlu kadrlarından biri kimi baxılır. Hətta o filmlərdəki ifadələr indi camaat arasında zərb-məsələ çevrilib.
 

- Sizin bu məsələyə münasibət bildirməyə haqqınız çatdığı üçün belə bir sual verim - sizcə, niyə bizim köhnə filmlərimizə dönə-dönə baxırıq, özü də bütün yaşlara və sosial kateqoriyalara aid olan insanların marağına səbəb olur, son illərdə çəkilmiş filmlər arasında isə kifayət qədər mükəmməl işlər olsa da, dəfələrlə baxılıb yeni nələrsə kəşf edilmək cazibəsi olanı yoxdu?


- Son vaxtlar kino istehsalının intensivliyi artıb. Düzdü, mən yeni filmlərimizin hamısını görməmişəm, amma gördüklərimə əsaslanıb deyə bilərəm ki, onlar ümidverici filmlərdi. 70-ci illərdə teatrda nəsillərin dəyişməsi hiss olunmadı, əvvəlki ustad rejissorların yerinə yeni, fərqli və maraqlı rejissorlar gəldi. Amma kinoda son 20 ilin nəsil dəyişməsi bir qədər uzandı və uzanmaqdadı. Dönə-dönə baxdığımız o filmlərin rejissorlarının yerinə yeni nəsil hələ də gəlməyib. Orda-burda çəkilən filmlər Azərbaycan filmləri "Azərbaycanfilm" kinostudiyasında çəkilən filmlərin yerini vermir. Doğrudu, o filmlərin bəziləri beynəlxalq festivallara da göndərilir, amma camaat arasında tam maraq oyatmır. Düzdü, müasir tamaşaçını təəccübləndirmək çox çətindi. Bilmirəm, bunun səbəbi nədədi? Ya o filmlərdə milli ruh, milli kolorit azdı, ya o filmlərin rejissorları Avropa, Amerika standartlarına uyğunlaşmağa çalışırlar...
 

- Əksər hallarda da nəticədə film nə ondan olur, nə də bundan...


- Bəli, nəticədə də nə milli kino alınır, nə də dünyəvi. Amma ümidverici rejissorlarımız da yox deyil. Bizim kinonun güclü məktəbi, zəngin ənənəsi, möhkəm bünövrəsi var, ona görə ola bilməz ki, intibah dövrünün yeni dalğasını görməyək, mütləq görəcəyik.


Böyütmək üçün şəkillərə klikləyin: