Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu minaya düşərək həlak olanlarla bağlı bəyanat yayıb

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Kəlbəcərdə mina partlayışı nəticəsində Azərbaycanın iki media işçisi olmaqla, 3 nəfərin şəhid olması ilə bağlı bəyanat yayıb.

Trend xəbər verir ki, bəyanatda deyilir:

"Təəssüf hissi ilə bildiririk ki, bu gün- 4 iyun 2021-ci il tarixində, saat 11:00 radələrində işğaldan azad edilmiş Kəlbəcər rayonuna xidməti vəzifələrinin icrası ilə əlaqədar ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşmüş, bunun nəticəsində 3 nəfər - Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

Baş verən bu hadisə Ermənistanın vaxtilə işğal altında saxladıqları ərazilərimizə basdırılan minaların xəritələrinin açıqlanmasından imtina etmələrinin, bununla yanaşı Ermənistan ordusunun həmin əraziləri tərk edərkən mülki ərazilərə işarələnməmiş minaları basdırmasının, son günlərə qədər kəşfiyyat qrupları vasitəsilə yeni minaların basdırılmasına cəhd etməsinin nəticələrindən biridir. Bu onu göstərir ki, Ermənistan tərəfi daha çox insan tələfatına yol açmaqda və regionda yeni münaqişə ocaqlarının yaradılmasında maraqlıdır.

Ermənistan beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, xüsusilə 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmağa davam edir, minaladığı ərazilərimizin xəritəsini verməməklə hərbi cinayət əməlləri törədir. Bu hadisə peşə fəaliyyətini həyata keçirən media nümayəndələrinə edilən açıq terror aktıdır.

Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə 130-a yaxın şəxs mina partlaması nəticəsində həlak olmuş və müxtəlif bədən xəsarətləri alaraq yaralanmışdır. Bunların arasında çoxlu sayda mülki şəxs, o cümlədən peşə fəaliyyətini yerinə yetirən media nümayəndələri də olmuşdur.

10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata uyğun olaraq erməni silahlı qüvvələrinin işğalı altında olan Kəlbəcər rayonunun boşaldılması tarixinin Ermənistan rəhbərliyinin xahişilə Azərbaycanın göstərdiyi humanistliyə əsasən, əlavə 10 gün müddətinə uzadılmasından sui-istifadə etmiş, Ermənistan tərəfi rayonu boşaldarkən kütləvi halda əraziləri minalamaqla ağır cinayət əməli törətmişdir.

Tərkibində 743 təşkilatı birləşdirən Azərbaycan Milli QHT Forumu, Ermənistanın bu vandalizmini pisləyir, beynəlxalq təşkilatlara, media təsisatlarına, jurnalist hüquqlarını müadafiə edən qurumlara müraciət edərək, onları Ermənistanın bu hərbi cinayət əməllərinə qəti şəkildə etiraz etməyə, minalanmış ərazilərin xəritəsini dərhal Azərbaycana təqdim edilməsini Ermənistandan tələb etməyə çağırır".