COP 29 çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə təşkil olunub
Panel müzakirədə yaşıl keçidin KOB-lar üçün faydası, ətraf mühitə biznesin məsuliyyətli yanaşması, iqlim maliyyələşdirilməsi, yaşıl bizneslərin yaradılması üçün sahibkarların ehtiyacları barədə fikir mübadiləsi aparılıb.
Day.Az xəbər verir ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində "KOB-ların yaşıl iqtisadiyyatda rolu" mövzusunda panel müzakirə keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Yaşıl zona"da keçirilən tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, iş adamları və "yaşıl iqtisadiyyat" ilə bağlı layihələri olan startaplar iştirak ediblər.
Panel müzakirədə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, BMT-nin Cənub - Cənub Əməkdaşlıq Ofisinin direktoru Dima Əl-Xatib, İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru Zehra Zümrüt Selcuk, Beynəlxalq Ticarət Mərkəzinin şöbə müdiri Vanessa Erogbogbo və Qlobal Sahibkarlıq Şəbəkəsinin təsisçisi və prezidenti Conatan Ortmans çıxış ediblər. Çıxışlarda KOB-ların dünya iqtisadiyyatında və məşğulluqda, eləcə də iqlim dəyişiklikləri ilə mübarizədə rolu, iqlim maliyyələşdirilməsi, yaşıl keçidin KOB- lar üçün faydası, bizneslərin yaşıl keçidində ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin önəmi, ətraf mühitə məsuliyyətli münasibət və bu sahədə sahibkarların öhdəlikləri barədə məlumat verilib.
Tədbirdə KOB-ların yaşıl transformasiyasının qlobal və milli səviyyədə birgə əməkdaşlıqla mümkün olduğu qeyd edilib və KOB ekosisteminin bütün maraqlı tərəfləri KOBİA-nın irəli sürdüyü "KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi"nə qoşulmağa dəvət olunublar. Vurğulanıb ki, artıq Beynəlxalq Ticarət Mərkəzi, Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE) və BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai müvafiq bəyannaməni imzalayaraq öz dəstəklərini ifadə ediblər.
Paneldə KOB-ların "yaşıl iqtisadiyyat"a keçidi zamanı ehtiyaclarının davamlı dəstəklənməsi üçün zəruri addımlar və onların ekoloji məsuliyyətinin artırılması ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Həmçinin tədbir çərçivəsində Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin baş tədqiqat meneceri Tim Çeston İqtisadiyyat Nazirliyi və mərkəz arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal "Yaşıl artım portalı"na
dair təqdimatla çıxış edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре