Azərbaycanın İsraildəki səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
19 yanvar tarixində Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirdə İsraildə yaşayan Azərbaycan icmasının fəal nümayəndələri və jurnalistlər iştirak edib.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İsraildəki Səfirliyindən məlumat yayıb.
Tədbir 20 yanvar faciəsində şəhid olmuş şəxslərin xatirəsini yad etmək üçün 1 dəqiqəlik sükutla başlamışdır. Tədbiri giriş sözləri ilə açan Azərbaycan Respublikasının İsrail Dövlətində səfiri Muxtar Məmmədov 20 Yanvar hadisələrinə qədər və həmin tarixdən sonrakı dövrdə Azərbaycanda baş verən hadisələrin xronologiyası haqqında danışıb.
Daha sonra dəyirmi masa iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin öz torpaqlarını azad etdikdən sonra Azərbaycan və Ermənistan arasında başlamış sülh prosesi və Zəngəzur Dəhlizi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, həmçinin həmin ərazilərdə olan mina problemi və ANAMA tərəfindən aparılan fəaliyyət haqqında ətraflı məlumat verilib.
İştirakçılara bu mövzularda statistik məlumatları əks etdirən təqdimatlar edilib. Azərbaycan icmasının fəal nümayəndələrinin Azərbaycan üçün aktual olan məsələlər barədə məlumatlı olması və yerli ictimaiyyət arasında Azərbaycan həqiqətlərinin yayılması məsələləri müzakirə edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре