20 Yanvar - keçmişin ağrısı, bu günün dərsi və gələcəyin məsuliyyətidir - Azər Qarayev
Azərbaycan xalqının müasir tarixində elə günlər var ki, onlar təkcə təqvimdə bir tarix deyil, milli yaddaşın, kollektiv şüurun və dövlətçilik düşüncəsinin ayrılmaz hissəsinə çevrilib. 20 Yanvar da məhz belə günlərdəndir. Bu tarix həm böyük faciənin, həm də milli iradənin, azadlıq əzminin rəmzi kimi yaddaşlarda yaşayır. Hər il yanvarın 20-si Azərbaycanda hüzn, ehtiram və düşüncə günüdür. Bu gün təkcə keçmişi xatırlamaq yox, həm də bu keçmişdən nəticə çıxarmaq, müasir dövrün reallıqları fonunda 20 Yanvar hadisələrinə yenidən baxmaq üçün bir fürsətdir. 20 Yanvar - keçmişin ağrısı, bu günün dərsi və gələcəyin məsuliyyətidir.
Day.Az xəbər verir ki, bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"1980-ci illərin sonları Sovet İttifaqının dərin siyasi, iqtisadi və ideoloji böhran dövrü idi. Milli respublikalarda, o cümlədən Azərbaycanda mərkəzi hakimiyyətə qarşı narazılıqlar güclənməyə başladı. Bu dövrdə Azərbaycanın üzləşdiyi əsas problemlərdən biri də Qarabağ münaqişəsinin başlanması idi. 1988-ci ildən etibarən Ermənistanın ərazi iddiaları, azərbaycanlıların öz tarixi torpaqlarından qovulması, mərkəzi sovet hakimiyyətinin isə bu məsələdə qeyri-obyektiv və passiv mövqeyi cəmiyyətdə ciddi narazılıq yaratmışdı. Eyni zamanda, Bakıda və respublikanın digər şəhərlərində müstəqillik, suverenlik tələbləri ilə kütləvi mitinqlər keçirilirdi. 1990-cı ilin yanvar ayına doğru Bakıda ictimai-siyasi vəziyyət son dərəcə gərgin idi. Minlərlə insan küçələrə çıxaraq həm Qarabağ məsələsində ədalət tələb edir, həm də Azərbaycanın gələcək taleyinin Moskva tərəfindən deyil, xalqın özü tərəfindən müəyyənləşdirilməsini istəyirdi. Bu etirazlar Sovet rəhbərliyi tərəfindən ciddi təhlükə kimi qiymətləndirilirdi", - o bildirib.
Onun sözlərinə görə, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun böyük kontingenti Bakıya yeridildi. Rəsmi bəhanə kimi ictimai asayişin bərpası göstərilsə də, əsl məqsəd milli azadlıq hərəkatını boğmaq idi. Şəhərə daxil olan hərbi hissələr dinc əhaliyə qarşı misli görünməmiş zorakılıq nümayiş etdirdi.
"1990-cı il yanvarın 20-si Azərbaycan tarixində qanla yazıldı. Hərbi texnika ilə şəhərə girən sovet qoşunları xəbərdarlıq etmədən insanlara atəş açdı. Küçələrdə, meydanlarda, hətta evlərinin yaxınlığında olan dinc sakinlər həlak oldular. Qadınlar, uşaqlar, yaşlı insanlar bu faciənin qurbanına çevrildi. Rəsmi məlumatlara görə, onlarla insan həyatını itirdi, yüzlərlə insan yaralandı. Hadisələr zamanı televiziya mərkəzinin enerji blokunun partladılması ilə informasiya axını kəsildi, Bakı faktiki olaraq informasiya blokadasına alındı. 20 Yanvar təkcə bir hərbi əməliyyat deyil, eyni zamanda Sovet İttifaqının öz vətəndaşlarına qarşı həyata keçirdiyi siyasi terror aktı idi. Bu hadisə imperiyanın əsl mahiyyətini açıq şəkildə göstərdi. Azərbaycan cəmiyyəti üçün isə bu faciə milli oyanışın daha da güclənməsinə səbəb oldu. Qanlı Yanvardan sonra müstəqillik ideyası daha geniş kütlələr tərəfindən qəbul edilməyə başladı. İnsanlar başa düşdülər ki, bu sistem daxilində ədalət və təhlükəsizlik mümkün deyil. Beləliklə, 20 Yanvar faciəsi eyni zamanda Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsinə çevrildi", - o bildirib.
A.Qarayev qeyd edib ki, 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiyməti verənlərdən biri də məhz Ümummilli lider Heydər Əliyev oldu. O, Moskvada Azərbaycanın daimi nümayəndəliyində mətbuat qarşısında çıxış edərək sovet rəhbərliyinin hərəkətlərini açıq şəkildə pislədi. Bu mövqe həmin dövrdə böyük cəsarət tələb edirdi və Azərbaycan xalqının maraqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Məhz sonrakı illərdə, müstəqil Azərbaycan dövründə 20 Yanvar hadisələrinə rəsmi siyasi qiymət verildi, şəhidlərin xatirəsi əbədiləşdirildi.
"Bu gün Bakının ən müqəddəs yerlərindən biri Şəhidlər Xiyabanıdır. 20 Yanvar şəhidləri burada dəfn olunub. Hər il minlərlə insan yanvarın 20-də xiyabana gələrək şəhidlərin xatirəsini ehtiramla yad edir. Şəhidlər Xiyabanı təkcə bir məzarlıq deyil, həm də milli yaddaşın, azadlıq uğrunda mübarizənin simvoludur. Burada səssizlik belə danışır, hər məzar daşı bir taleyi, bir ailənin faciəsini və bütöv bir xalqın mübarizə yolunu xatırladır. Bu gün müstəqil Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin arzularının reallaşdığı bir reallıqdır. Dövlət suverenliyi, müstəqil xarici siyasət, öz ordusu və milli maraqlara əsaslanan strategiya - bütün bunlar 1990-cı ildə həyatını itirən insanların qanı bahasına mümkün olub. Xüsusilə son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlar. Milli iradə, birlik və qətiyyət bu yolun əsas dayaqlarıdır", - o bildirib.
Politoloq vurğulayıb ki, zaman keçdikcə hadisələr tarixə çevrilir, lakin onların mənası dəyişməməlidir. Bu baxımdan 20 Yanvarın gənc nəsilə düzgün şəkildə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Məktəblərdə, universitetlərdə, mediada və ailə mühitində bu tarix yalnız faciə kimi deyil, həm də qəhrəmanlıq və milli ləyaqət nümunəsi kimi təqdim olunmalıdır. Gənclər bilməlidir ki, bu gün sahib olduqları azadlıq asanlıqla əldə edilməyib və onun qorunması da məsuliyyət tələb edir.
"Uzun illər ərzində 20 Yanvar hadisələri beynəlxalq ictimaiyyətə lazımi səviyyədə çatdırılmayıb. Lakin son dövrlərdə aparılan informasiya və diplomatik fəaliyyət nəticəsində bu faciə bir çox ölkələrdə siyasi repressiya nümunəsi kimi tanınmağa başlayıb. Bu, təkcə tarixi ədalətin bərpası deyil, həm də gələcəkdə oxşar hadisələrin təkrarlanmaması üçün mühüm mesajdır. 20 Yanvar Azərbaycan tarixində həm faciə, həm də şərəf səhifəsidir. Bu gün biz həmin hadisələri xatırlayarkən yalnız kədər hissi keçirmirik, eyni zamanda qürur duyuruq. Çünki o gecə həyatını itirən insanlar Azərbaycanın azad gələcəyi üçün şəhid oldular. Bu gün müstəqil, güclü və beynəlxalq aləmdə söz sahibi olan Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin xatirəsi qarşısında tarixi məsuliyyət daşıyır. Onların xatirəsini yaşatmaq, ideallarını qorumaq və gələcək nəsillərə ötürmək isə hər bir azərbaycanlının borcudur", - o bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре