Türk Dövlətləri Təşkilatı türk dünyasında ciddi potensiala malikdir

2 mart 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə nazir Ceyhun Bayramov bu qurumun türk dünyasında dostluq, qardaşlıq və əməkdaşlığın gücləndirilməsi baxımından ciddi potensiala malik olduğunu qeyd edərək, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini vurğulayıb.

Görüş zamanı nazir türk dünyası ilə əlaqələrimizin genişləndirilməsinin və dərinləşdirilməsinin ölkəmizin xarici siyasətinin əsas prioriteti olduğunu vurğulayaraq, bu təşkilat çərçivəsində əməkdaşlığın inkişafı üçün bərabər səylər göstərməyə hazır olduğumuzu qeyd edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində TDT ilə mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.