ABŞ-nin Kolumbiya Universitetində Zəfər Günü qeyd olunub

ABŞ-nin nüfuzlu Kolumbiya Universitetində şanlı Zəfərimizin beşinci ildönümünə həsr olunan tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-a verilən məlumata görə, tədbir Azərbaycan Amerika Gənclər Federasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Əvvəlcə Azərbaycan və ABŞ-nin Dövlət himnlərinin səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Amerika Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova çıxış edərək Zəfər tarixi haqqında geniş məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun igidliyi sayəsində qazanılan tarixi qələbənin siyasi əhəmiyyətini diqqətə çatdırıb, Zəfərimizin dünya azərbaycanlılarının qürur mənbəyinə çevrildiyini, soydaşlarımızı informasiya müharibəsində daha əzmkar olmağa sövq etdiyini bildirib.

 

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev Zəfər Gününün xalqımızın tarixində xüsusi yerini vurğulayıb, 30 illik işğala son qoyulması prosesini xatırladaraq hadisələri beynəlxalq hüquq aspektindən təhlil edib.

"Koloradoda Azərbaycan Diasporu" təşkilatının rəhbəri Nigar Şıxsəfiyeva, Azərbaycan-Amerika Gənclər Assosiasiyasının prezidenti Nabat Eminova, yerli ictimaiyyətin nümayəndəsi Con Teylor, "My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzinin təmsilçisi çıxışlarında Azərbaycan xalqını Zəfər günü münasibəti ilə təbrik edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu qələbədə əvəzsiz xidmətlərini, qəhrəman Azərbaycan oğul və qızlarının fədakarlıqlarını nəzərə çatdırıblar.

Sonra qələbəyə aparan yolu tərənnüm edən "Vətən" İncəsənət və Mədəniyyət Mərkəzinin və "ElTV production" şirkətinin birgə layihəsi çərçivəsində komitənin dəstəyi ilə ərsəyə gələn "Dəmir Yumruq" filmi, eləcə də "Şəhidə məktub" qısa filmi göstərilib.

Tədbir bədii hissə ilə davam edib. Milana Nabiyeva, Dana və Aline Zoabi bacıları, Emili Məmmədova, eləcə də "My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzinin rəqs qrupunun ifa etdikləri Azərbaycan milli rəqsləri tədbir iştirakçılarının sürəkli alqışları ilə qarşılanıb.

Tədbir zamanı həmçinin "My Way" Mərkəzinin gənc rəssamlarının əsərlərindən ibarət sərgi də nümayiş olunub.