Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib

Xaçmaz rayonunda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə "Heydər Əliyev Azərbaycandır!" adlı konfrans təşkil olunub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatları Ağalar Vəliyev, Sevil Mikayılova, Mahir Süleymanlı, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki misilsiz rolundan, onun müdrik strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışıb. Bildirib ki, Ulu Öndərin əsasını qoyduğu inkişaf yolu sayəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, iqtisadi və sosial sahələrdə böyük nailiyyətlər qazanılıb. Elnur Rzayev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Xaçmaz rayonunda uğurlu layihələr həyata keçirilir, rayonun müasir memarlıq üslubu qorunmaqla yeni infrastruktur formalaşdırılır.

Daha sonra Milli Məclisin deputatları Ağalar Vəliyev, Sevil Mikayılova və Mahir Süleymanlı çıxış edərək Heydər Əliyevin zəngin irsi, dövlətçilik məfkurəsi və xalq qarşısındakı əvəzsiz xidmətləri barədə fikirlərini bölüşüblər.

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov bildirib ki, Heydər Əliyev ideyaları əbədidir və bu ideyalar ətrafında birləşən Azərbaycan xalqı dövlətimizin daha da güclənməsi naminə fədakarlıqla çalışacaq.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən "Heydər Əliyev Azərbaycandır!" adlı sənədli film nümayiş etdirilib.