Bakı irsi qoruyaraq innovasiya və tərəqqini birləşdirən şəhərdir - Esvatini Kralı
Bakı zəngin tarixi irsi qorumaqla yanaşı, innovasiya və tərəqqini uğurla birləşdirən şəhər nümunəsidir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Esvatini Kralı Əlahəzrət III Msvati Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən Liderlər Sammitində deyib:
"Biz sizin möhtəşəm ölkənizdə həyata keçirilən təsirli inkişaf və modernləşmənin şahidi olmaqdan məmnunuq. Bakı öz zəngin irsini qoruyaraq innovasiya və tərəqqini necə birləşdirməyin mümkün olduğunu nümayiş etdirən bir simvoldur", - deyə III Msvati qeyd edib.
Esvatini kralı çıxışı zamanı WUF13 forumunun "Dünya üçün mənzil təminatı, təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mövzusunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, urbanizasiya, mənzil çatışmazlığı və iqlim dəyişiklikləri bütün ölkələr üçün ortaq çağırışdır və bu problemlərin həlli üçün dövlətlər, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq gücləndirilməlidir.
III Msvati qeyd edib ki, Esvatini hökuməti insan mərkəzli inkişaf modelini əsas götürərək əlçatan mənzil və sosial inklüzivlik siyasəti həyata keçirir.
"Forum çərçivəsində aparılan müzakirələr gələcəyin daha təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərinin qurulmasına töhfə verəcək", - deyə Esvatini kralı vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре