Meşəni göz bəbəyi kimi qoruyan meşəbəyi

Day.Az представляет новость на азербайджанском языке

Meşələri qorumaq, ağacları kəsməmək vətəndaş olaraq hər birimizin borcumuzdur. TTV.az-ın (Region TV) məlumatına görə, Tovuzun Koxanəbi kəndində yaşayan 62 yaşlı  meşəbəyi Saleh Aşırov ömrünün yarıdan çoxunu meşələri qorumağa həsr edib.  Əməkdaşımız Cümşüd Bayramlı ucqar dağ meşələrində meşəbəyinin qonağı olub. Maraqlı həmsöhbət olublar.

62 yaşlı Saleh Aşırov 33 ildir ki, atasının peşəsini davam etdirir.158 hektarlıq qocaman meşəni göz bəbəyi kimi qoruyur. Hər gün piyada 10 kilometr yol qət edir. Dediyinə görə, meşədəki ağacların sayını, yaşını əzbər bilir. Axşam ağaclara işarə qoyur ki, səhər yoxlamaq çətin olmasın. Bu işdə ona vəfalı dostları da  kömək edir.

Meşəbəyi olasan tüfəngin olmaya?... Bir də onu atmayasan? Həmsöhbətim deyir ki, bəzən dövlətin onun üçün ayırdığı xidməti silahdan istifadə etmək məcburiyyətində qalır.

Meşə gözətçisinin təbiətə, ağaclara olan sevgisi onun yaşamaq həvəsini də artırır. Ağacları canının bir parçası hesab edir.

Təbiətin ayrılmaz hissəsi olan ağacların öz xüsusiyyətləri var. Müsahibim qeyd edir ki, ağaclardan öyrənməli çox məqamlar var. Bu illər ərzində  meşələrin keşiyi məsələsində də palıd kimi möhkəm, ağcaqayın kimi sərt olub.

Müsahibimin indi bir arzusu var. Özündən sonra bu meşələri etibarlı birinə həvalə etmək...

Meşədən, meşəbəyidən söz düşmüşkən, məsələnin hüququ tərəfini də xatırlatmağı özümə borc bildim. Meşəbəyinin gözündən yayınıb əlinə balta alaraq meşəyə qənim kəsilənlər üçün qanunla məsuliyyət nəzərdə tutulur. 2014-cü ildə 22 min kubmetr qanunsuz kəsinti faktı ilə əlaqədar olaraq 115 iş üzrə hüquq mühafizə orqanlarına müraciət edilib.

Azərbaycan azmeşəli ölkə hesab olunur. Respublika ərazisinin 11,8%-ni meşələr təşkil edir. Rusiyada bu göstərici 45%, Gürcüstanda isə 39%-dir. Demək, səbəb nə olursa olsun, meşələrin sahələrinin azaldılmasına deyil, artırılmasına çalışmalıyıq. Bununla da biz baş verəcək ağır ekoloji fəlakətlərin, eroziya proseslərinin, dağlıq ərazilərdə sel və sürüşmə, qar uçqunları kimi hadisələrin qarşısını ala bilərik.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Meşəni göz bəbəyi kimi qoruyan meşəbəyi - REPORTAJ