Roza Zərgərli: "Efirdə nə qədər qapalı olsan, o qədər də maraqlı olarsan" - FOTO
Day.Az представляет вниманию читателей интервью на азербайджанском языке.
Müğənni Roza Zərgərlinin Milli.Az xəbər portalına müsahibəsi:
- Fasilə verdiyin 5 il ərzində şou-biznesdə nə kimi dəyişikliklər baş verib?
- Bəli, 5 il fasilə oldu. Amma bu 5 ildən sonrakı 3 ili fəaliyyətdəyəm. Bu dövrdə yeni mahnılar, kliplər üzərində çalışmışam və yeni iş birliyi üçün müqavilələrə imza atmışam. Mənim üçün elə də böyük bir dəyişiklik olmayıb. Həmin simalar, həmin ifaçılar... Keçmişdən bu günə baxanda insanlar arasındakı vəziyyət bir qədər fərqli olub. Əvvəl səmimiyyət, ünsiyyət baxımından hörmət vardı. Hal-hazırda insanları təəccübləndirmək çox çətindi.
Bu 3 il ərzində işlədiyim layihələrdən sonra mətbuatdan, forumlardan və insanlar arasında gəzən söhbətlərdən görürəm ki, təəccübləndirə bilirəm. Qarşıdan yay fəsili gəlir. Biz bu yay ərəfəsində istirahətdən çox, işləyəcəyik ki, gördüyümüz işləri payız aylarında nümayiş etdirək, tamaşaçılara gördüyümüz işlərin, sənətimizin mükəmməlliyini dəqiq isbat edə bilək.
- Tamaşaçını nə ilə təəccübləndirmək olur?
- "Eurovision"da birinci olmağımız yaxşı təəccübdür. Biz bunu çox istəyirdik və buna layiqik! Araşdırma aparmamışam, amma 56-cı "Eurovision" mahnı müsabiqəsinin tarixinə nəzər salsaq, ardıcıl olaraq 3 dəfə iştirak edən və 4-cü iştirakında birinci olan dövlət görməmişəm. Bu baxımdan, Azərbaycan birinciliyi ilə hamını təəccübləndirə bildi. Deməli, biz nə etməliyik? Dostlarımızı, tamaşaçılarımızı təəccübləndirmək üçün daha güclü amillərə müraciət etməliyik. Təkcə "klip çəkdirib camaatı şoka salacağam", yaxud "yeni mahnı səsləndirib hitə çevirəcəyəm" prinsipi ilə yanaşmaq düzgün deyil. Yaxşı şou konsertlər tərtib və təşkil etdikdən sonra nümayişini gerçəkləşdirmək lazımdır.
Artıq "Eurovision"da qalib olduq. Eldar və Nigarın qalib olması Azərbaycan musiqi mədəniyyətinin qalibiyyətidir. Onlar gəncdirlər, bizə qulaq asıb, təcrübə əldə ediblər. Dünyaya qalibiyyətimizlə, çox böyük olmağımızı təsdiq və sübut etdik. Üstəlik, dördüncü dəfə iştirakmız ərəfəsində... "5" əlaçı deməkdir: beşinci dəfə isə öz evimizdə - Azərbaycanda Avropanı qonaq kimi qarşılayacağıq.
Qoy, Avropa evimizə gəlib-gedən qonaq olsun! Mədəniyyətimizi görüb, haradasa özlərinə nə isə edə bilsinlər. Mentalitetimizin, mədəniyyətimizin və insanların qonaqpərvər olmasının şahidi olsunlar. Əvvəl xarici ölkələrdə olanda Azərbaycanlı olduğumu söyləyəndə, orada mənə Azərbaycanın xəritədə hansı tərəfdə yerləşdiyini soruşurdurlar. Amma artıq idmanımızla, musiqimizlə, muğamımızla başa salmağa çalışmışıq ki, biz birincidən də yüksəklərdə dururuq.
- Müğənnilər tamaşaçıları təəccübləndirməklə yanaşı, mahnıyla, musiqiylə hadisəni başa salmağı bacarmalıdırlar. Bu baxımdan, müğənnilərimiz psixoloji təsir qüvvəsinə malik olan insanlardır, yoxsa tamaşaçıları yola verirlər?
- Bu yaxınlarda telekanalların birində musiqi aləmindən olan bir neçə insanın danışığına qulaq asdım. Deyirlər ki, bizdə müğənni solo konsertinə hazırlaşır. Konsertin səhnə tərtibatının hazırlanması, 5 dəqiqədən bir paltar dəyişməsi, saç düzümü və konsert boyu sponsorların adlarının bir neçə dəqiqə səsləndirilməsi düzgün deyil.
Üstəlik, aparıcı missiyasını daşıyan şəxslərin tərifnaməsindən sonra müğənni təqdim olunur və konsert proqramı başlanır. Ümumiyyətlə, dünya konsert arenasında hansı müğənni özünü konsertə gələn tamaşaçıya təqdim edir? Heç kim! Konsertə gələn tamaşaçılar öz yerlərini alırlar və bundan sonra müğənni səhnəyə çıxıb solo konsertini açıq elan edir, şou-konsert proqramına başlayır. Konsertin ortasında, yaxud sonunda musiqi tərtibatı ilə məşğul olan insanlar təqdim edilir. Onlar da öz şüarı ilə, mini-performansları ilə səhnəyə çıxıb özlərini təqdim edirlər və bununla da konsert bitir.
Bizdə isə belə deyil. Müğənnilərimizin konsertində müğənni haqqında yarım saat danışlır, hansı mükafatlara layiq görüldüyü açıqlanır. Bunlar isə tamaşaçıya maraqlı deyil. Bu, süni qabartmadır! Süni qabartmaqdan başqa, konsertə gələn tamaşaçı artıq bilir ki, sən kimsən. Tamaşaçının ürəyini çəkib, feyziyabını korlayıb yola salırsan. Bundan başqa, dünya sənətçiləri adi idman geyimində səhnədə elə şou göstərir ki, mat qalırsan. Axı sən də müğənnisən?! Musiqiçi kimi başqasının işindən gözünü çəkə bilmirsənsə, deməli, o, səndən çox yüksəkdə durur. Bugünkü gündə tamaşaçını təəccübləndirmək çox çətindir.
"Məcbur etdilər, mən də oxudum"
- Bəs sən necə, tamaşaçını yola verirsən, yoxsa ona psixoloji təsir etməyə çalışırsan?
- (fikirləşir) Əvvələ qayıtsaq, böyük konsert zallarında, şou-proqramlarda sən məni ifa etdiyim mahnının ortasında saxlayıb, mahnının sözlərini soruşsaydın bilməyəcəkdim. Çünki artıq mən tamaşaçının içərisindəydim. Bir proqram kimi mahnılar beynimə yazılıb və bilirəm ki, hansı mahnını nə vaxt oxumaq lazımdır. Elə konsertlərdə olub ki, mahnıları ardıcıllıqla sıralayıb konsertə başlamışıq.
Amma konsertə nəzər yertirdikdə proqramda dəyişiklikllər etmişəm. Çünki tamaşaçının məndən nə istədiyini gözünə baxaraq bilmişəm. Səhnədə olanda son sıraları görməsəm də, ön sıradakıları görmək mümkün olur. Ona görə də tamaşaçının gözünə baxanda bilirəm ki, onun gözündən "major", yoxsa "minor" yağır. Düzdür, buna görə musiqiçilərlə problemlər olurdu. Amma hər şeyi yoluna qoyurduq.
Texnikanın inkişaf etdiyi bir zamanda tamaşaçı dünyanın istədiyi musiqisini dinləyə bilir və tamaşaçı zövqü dünya musiqisinə köklənib. Öz musiqi ladını dünyaya elə verməlisən ki, dünya xalqlarının da zövqünü oxşamağı bacarmalısan. İlk mahnım elektro-haus janrında olub. Azərbaycanda bu janrda mahnı oxuyan olmayıb. Həmin janrda olan mahnını məşq edəndə, mahnıdan imtina etdim. Çünki mahnıda səs imkanlarımı nümayiş etdirə bilmirdim və hər kəs elə biləcəkdi ki, səsim yoxdur. Elektro-haus janrda olan mahnılarda xüsusi səs effektlərindən istifadə edilir. Məni məcbur etdilər və bu janrda mahnı oxudum. Bundan sonra müxtəlif janrlarda mahnılar səsləndirdim və yavaş-yavaş ətrafıma tamaşaçı kütləsini toplaya bildim.
Məsələn, Castin Timberleyk heç kim idi. Amma bir gündə ulduz oldu. O, mahnısını 3 milyon avroya satır. Rusiyalı müğənni Dima Bilan "Eurovision"da ifa etdiyi mahnını Castin Timberleykdən 3 milyon avroya almışdı və sonda bəhrəsini də gördülər.
- Kimi özünə düşmən bilirsən?
- Tam səmimiyyətimlə deyirəm, özümü özümə düşmən bilirəm. Məsələn, bu yaxınlarda yeni mahnımı aranjeman etdirdim. Mahnı hazır olanda hamı deyirdi ki, mahnı pisdir. Amma mən mahnının yaxşı olduğunu deyirdim. İşi təhvil verəndə isə hamı mahnının yaxşı olduğunu, mən isə pis olduğunu dedim. Sonda aranjeman olunması üçün mahnını başqa bir yerə göndərdim. Hamının yaxşı bildiyi işi bəyənmirəm.
- Müğənnilərin evlənib-boşanmalarını tamaşaçıya göstərmək dəb halını alıb. Amma getdikcə də bu hala maraq azalır. Görəsən, bundan sonra tamaşaçıları nələr gözləyir?
- (sürücüsünü göstərir) Məsələn, Ramin ailəlidir. Amma Raminin ailəsində nə isə ola bilər. (Allah etməsin!) Bu adi insandır və sabah yenidən ailə qura bilər və hər şey Raminin çərçivəsində qalacaq. Üzdə olan insan isə gərək, hər bir addımına diqqət yetirsin. Unutmasın ki, həmin tanınmış insan həyat tərziylə, geyimiylə, danışığıyla, oturuşu-duruşuyla və başqa amillərlə gənc nəslin zövqünə oxşayır.
Nə vaxtsa insanın ailəsi dağılırsa, yenidən ailə qurmalıdır ki, həyatını davam etdirsin. Deməli, ilk ailəni elə qurmalısan ki, "çat verməsin". İkinci dəfə ailə quran şəxs də elə seçim etməlidir ki, yenidən ailəsinin dağılmasına şahid olmasın. Belə bir atalar sözü var: "Eşşəyə minmək bir ayıb, düşməki min ayıb!"
Bir də ki, efirə çıxıb "mən ərdəyəm", "mənim uşağım var", "mən doğmuşam", "hamiləyəm" və başqa bu kimi ifadələri işlətmək düzgün deyil. Bu cür sözləri heç sevmirəm! Görəsən, hamilə olmayan şəxs efirə baxanda nə düşünür? Sən niyə insanların qəlbinə dəyirsən?! Bəzi şəxslər bu cür sözləri deyəndə, özümə nifrət etməyə başlayıram ki, necə bunları dinləyə bilərəm? Hər bir normal insan ailə qurur. Hər bir normal qadın da dünyaya övlad gətirir. Mənim övladım var, amma elələri var ki, övlad arzusu ilə yaşayırlar. Küçədə xəstə uşaq görəndə özümü onun anasının yerinə qoyuram. Biz efirdəyik - hər bir danışığımıza, hərəkətimizə diqqət yetirməliyik. Efirdə nə qədər qapalı olsan, o qədər də maraqlı olarsan. Dediklərimi müğənni kimi deyil, adi tamaşaçı kimi danışıram.
"Bunun kimi neçə-neçə hadisə tamaşaçıya gizli qalıb"
- Həyat yoldaşını niyə ictimaiyyətdən gizli saxlayırsan?
- Ailəmin ətrafında olan hadisələri danışmağı sevmirəm. Həyat yoldaşım haqqında danışsam, sabah başqa bir jurnalist məndən bu barədə başqa bir şey soruşacaq.
- Bəlkə müğənnilərin əksəriyyəti həyat yoldaşlarını göstərir, sənsə gizli saxlamaqla bir qədər maraq oyadıb, bundan istifadə edirsən?
- Yox, biir çox müğənnilər həyat yoldaşlarını gizli saxlayırlar. Məsələn, müğənni Samirənin həyat yoldaşı Valeh... Onun üzünü görməyiblər, özü haqqında da məlumatsızdırlar. Amma onlar neçə ildir ki, ailəlidirlər. Ola bilər ki, təsadüfən şəkillərdə görünə bilərlər.
Övladımı üzə çıxarmadığım üçün hətta mənə deyiblər ki, yəqin övladın yoxdur, özün belə edirsən. Bundan başqa, ögey övladım haqqında da söz-söhbətlər gəzirdi. Ona görə də doğma övladımla - qızımla fotosessiya çəkdirdim ki, heç kim şübhə ilə yanaşmasın. Ögey övladımdan isə neçə illərdi ki, ayrılmışıq. Ögey övladımla bağlı çox danışmayacağam, yalnız onu deyə bilərəm ki, onun hazırda 19-20 yaşı var və onu o vaxtları övladlığa götürmüşdüm. Ümumiyyətlə, ailəmlə bağlı çox danışmağı sevmirəm.
- Şou-biznes təsir qüvvəsinə malik olan sahədir. Şou-biznesin özünü də siyasət hesab etmək olarmı?
- Mədəniyyətin ən çirkli siyasi sahəsi şou-biznesdir. Şou-biznesdə olan hadisələr qabarıq olduğundan çirklidir. Bu gün efirdə gördüyün şəxslər bir-biri haqqında xoşagəlməz sözlər danışırlar, sabah isə hər hansı layihədə yan-yana görürsən və s. Şou-biznes amilləri 18 əsrdən bu günə kimi var, bizə gec gəlib çatıb. Bizdə əvvəlcədən danışıqlar əsasında razılaşıb, sonra bir-birinə qarşı gələn müğənnilər var. Bunun kimi neçə-neçə hadisə tamaşaçıya gizli qalıb.
- Sonda, ikinci peşəniz varmı?
- Fortepiano müəlliməsiyəm, modelyer-dizaynerəm, tibb bacısıyam və rejissoram. Sadaladığım sahələrdən diplomum var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm və hazırda həmin universitetin magistraturasında təhsil alıram.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре