3 uşağınız olsa, bu güzəştləri əldə edə biləcəksiniz - MÜHÜM YENİLİK
Ölkədə çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi təklif olunur.
Day.Az xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, bu istiqamətdə təkliflər Milli Məclisin Əmək və sosial siyasət komitəsinə, eyni zamanda aidiyyəti dövlət qurumlarına təqdim olunub.
Deputatın sözlərinə görə, 3 və daha çox uşağı olan ailələr üçün həm sosial güzəştlərin tətbiqi, həm də həmin ailələrdə böyüyən uşaqlara dövlət dəstəyinin gücləndirilməsi məqsədəuyğundur. Bu addım bir tərəfdən belə ailələrin aylıq sosial müavinət almasına imkan verə bilər və onların sosial təminatının gücləndirilməsi baxımından mühüm rol oynayar.
Bununla yanaşı, bu təşəbbüs çoxuşaqlı ailələrdə anaların, bəzi hallarda isə ataların daha tez pensiyaya çıxmaq hüququ qazanmasına da şərait yarada bilər. Deputat qeyd edib ki, bu istiqamətdə təkliflər həm komitəyə, həm də müvafiq dövlət qurumlarına təqdim olunub.
O bildirib ki, bu kateqoriyaya aid ailələr üçün erkən pensiya təyinatının tətbiqi sosial baxımdan vacibdir. Vurğulanıb ki, çoxuşaqlı ailə anlayışı 5-dən 3-ə endirilərsə, təxminən 110 min ailə bu hüquqdan yararlana bilər.
Hazırda 5 uşağı olan ailələrdə analar, bəzi hallarda isə atalar 5 il daha tez pensiyaya çıxmaq hüququna malikdir. Lakin aylıq sosial müavinət yalnız 6 və daha çox uşağı olan ailələrə şamil olunur.
Deputatın sözlərinə görə, əsas təklif ondan ibarətdir ki, həm sosial müavinətlərdə, həm də pensiya güzəştlərində çoxuşaqlı ailə anlayışı üçün uşaqların sayı eyni meyar üzrə müəyyən edilsin. Bu addım həm təbii artımın təşviqinə, həm də həmin ailələrin sosial təminatının daha da gücləndirilməsinə mühüm töhfə verə bilər.
Elcan Turan
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре