Bulvarda Novruz ənənələri və baharın təravətini əks etdirən fotokünclər təşkil edilib

Bu il ilk dəfə Dənizkənarı Bulvarda Novruz ənənələrini və baharın təravətini əks etdirən fotokünclər təşkil edilib.

Bunu Trend-ə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva deyib.

 

Qurum rəsmisi vurğulayıb ki, ziyarətçilər bu məkanlarda xatirə şəkilləri çəkdirərək bayram ab-havasını daha yaxından hiss edə biləcəklər:

"Hazırlanan bayram guşəsində həm böyüklər, həm də uşaqlar üçün istirahət imkanları nəzərə alınıb. Məkan ziyarətçilərin asudə vaxtını daha maraqlı və rahat keçirməsi üçün park estetikasına uyğun şəkildə təşkil olunub, uşaqların əyləncəsi də diqqətdə saxlanılıb.

Dənizkənarı Bulvarda təşkil olunan bayram yarmarkaları və tematik guşələrin hazırlanması son illər daha maraqlı və zəngin məkan yaratmağa xüsusi diqqət yetirilir. Bu istiqamətdə görülən işlərdə məqsəd hər yeni layihənin əvvəlki illərlə müqayisədə daha təkmil və daha cəlbedici olmasıdır. Bu il də hazırlanmış bayram guşəsi ziyarətçilərə Novruzun sevincini və baharın təravətini hiss etdirmək məqsədi daşıyır".