Mifoloji təsəvvürlərə əsaslanan iddialar keçmişdə qalmalıdır

10 illər boyu mifoloji təsəvvürlərin təsiri altında olan Ermənistana hazırda qalib dövlət tərəfindən təklif edilən sülh Vaşinqtonda paraflanıb və bununla bağlı Azərbaycan dövləti əməli addımlar atır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bu gün Bakıda "Ümumdünya Kitab və Müəllif Hüququ Günü" münasibətilə keçirilən "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqazla əlaqələri" mövzusunda konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd əqli mülkiyyətə, xüsusən kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətini artırmaq və eyni zamanda erməniçilik saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir.

"Biz ümid edirik ki, bununla hay-erməni mifologiyasını formalaşdıran "böyük torpaqlar və qonşulara qarşı ərazi iddiaları" ideyası keçmişə çevriləcək, qonşuların mədəni irsinin mənimsənilməsinə "təbiilik" və "legitimlik" qazandıran yanaşmalar aradan qalxacaq, erməni siyasətçilərinin, dövlət və kilsə xadimlərinin, alimlərinin, eləcə də ictimai düşüncəni formalaşdıran ideoloji baxışları dəyişəcək. Bununla da ermənilərin "müstəsnalıq" və "əzabkeşlik" kimi tezislərdən irəli gələn ambisiyaları real olmayan ideyalarla əvəz olunacaq. Təəssüf ki, bu qədim yanaşmaların izləri bu gün də özünü göstərir", - o əlavə edib.