Bu vəziyyət xüsusilə uşaqların inkişaf dövründə daha təhlükəlidir - Ekspert AÇIQLADI
"Valideynlər övladlarına daha ciddi nəzarət etməlidirlər".
Bunu Day.Az-a açıqlamasında araşdırmaçı ekspert Məhbubə Mehdiyeva deyib.
O, uşaqların rəqəmsal dünyada vaxt keçirməsinin onların psixologiyasına və formalaşmasına neqativ təsirlərindən danışıb.

Ekspert bildirib ki, sosial şəbəkələr uşaqlarda psixoloji və sosial problemlərə, həmçinin dərsə marağın azalması, diqqət dağınıqlığı və aqressiv davranışlara səbəb olur.
"Bu vəziyyət xüsusilə uşaqların inkişaf dövründə daha təhlükəlidir, çünki onlar virtual mühitin təsirinə daha həssasdır. Bir çox ölkələrdə sosial şəbəkələrə yaş məhdudiyyəti tətbiq edilir. Türkiyədə 15 yaşdan aşağı uşaqlar üçün bu cür məhdudiyyətlər müzakirə edilir, Fransada valideyn razılığı sistemi tətbiq olunur, Çin isə internetdə vaxt məhdudiyyəti qoyur. Lakin yaş məhdudiyyətlərinin effektivliyi bəzən çətinliklərə səbəb olur, çünki uşaqlar yaşlarını süni şəkildə artıraraq bu qaydaları keçə bilirlər", - deyə o bildirib.
M.Mehdiyeva əlavə edib ki, valideynlər övladlarına daha ciddi nəzarət etməlidirlər:
"Gündəlik ekran vaxtı məhdudlaşdırılmalı, gecə saatlarında telefon istifadəsinə nəzarət edilməli və dərs-istirahət balansı qurulmalıdır. Məktəblərdə rəqəmsal təhlükəsizlik mövzusunda seminarlar təşkil edilməli, valideynlər isə uşaqları ilə açıq ünsiyyət qurmalıdır.
Yalnız qanunvericiliklə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək yetərli deyil. Ən effektiv nəticə üçün dövlət, cəmiyyət və ailə birlikdə hərəkət etməli, maarifləndirmə və nəzarət mexanizmləri paralel şəkildə həyata keçirilməlidir", - ekspert vurğulayıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре