WUF13 çərçivəsində "Baku White City" və "Atkins" arasında "yaşıl" infrastrukturun inkişafı üzrə saziş bağlanıb
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Atkins" şirkəti ilə Baku White City layihəsi arasında "Baku White City"nin Şərq məhəlləsinin yol-nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun inkişafına yönəlmiş saziş imzalanıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, sənədi "Atkins" şirkətinin qlobal direktoru Metyu Trayb (Matthew Tribe) və "Azerbaijan Development Company Baku White City" layihəsinin direktoru Rüfət Cavadov imzalayıblar.
Sazişə əsasən, "Baku White City"nin Şərq məhəlləsində infrastrukturun layihələndirilməsi və inkişafı "yaşıl" və dayanıqlı şəhər prinsiplərinə tam uyğun şəkildə həyata keçiriləcək.
Layihə qabaqcıl ekoloji standartların tətbiqinə, nəqliyyat axınlarının optimallaşdırılmasına və enerji səmərəli mühəndis şəbəkələrinin yaradılmasına yönəlib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirəcək.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре