Motosikletlər üçün ödənişli yolda gediş haqqı müəyyənləşdirilib

Tarif (qiymət) Şurası Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ödənişli hissəsindən istifadə edən motosikletlər üçün gediş haqqını təsdiqləyib.

Day.Az xəbər verir ki, qərar Şuranın 1 iyun 2026-cı il tarixində keçirilən növbəti iclasında qəbul olunub.

Qərara əsasən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzrə motosiklet nəqliyyat vasitələrinin hərəkəti üçün ödəniş məbləği 1 kilometrə görə 4,65 qəpik müəyyən edilib.

Bununla yanaşı, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli hissəsində motosikletlərin hərəkəti üçün tarif 1 kilometrə 5 qəpik təşkil edəcək.

Qeyd edək ki, yeni tariflər Tarif (qiymət) Şurasının qərarı ilə təsdiqlənib və ödənişli avtomobil yollarından istifadə edən motosiklet nəqliyyat vasitələrinə şamil olunacaq.