İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
Sahibkarlarla investorları birləşdirən portalda layihələrin və istifadəçilərin sayı artır.
Yerli və xarici investorları mikro, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinə, startapların biznes ideyalarına sərmayə qoymağa imkan yaradan İnvestisiya Portalında (invest.smb.gov.az) indiyədək 173 layihə yerləşdirilib. Bu layihələrdən 147-si investisiyaların cəlb edilməsi, 4-ü investisiya təklifi, 22-si isə hazır biznesin satışı ilə bağlıdır. Sözügedən layihələr kənd təsərrüfatı, sənaye, xidmət, istehsal və digər istiqamətləri əhatə edir.
Bugünədək 1300-dən çox sahibkar, investor və startap müvafiq layihələrlə tanış olmaq, layihəsini portalda yerləşdirmək üçün invest.smb.gov.az saytında qeydiyyatdan keçib.
Portaldan istifadə edən biznes sahibləri investisiya cəlb etməklə bizneslərini genişləndirə, investorlar isə bu layihələrə yatırım etməklə həm özləri qazanc əldə edə, həm də KOB-ların layihələrini dəstəkləməklə onların inkişafına, yeni məhsul və xidmətlərin yaranmasına dəstək göstərə bilərlər.
Qeyd edək ki, www.invest.smb.gov.az portalı Azərbaycanda KOB-ların investisiya imkanlarını genişləndirmək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb. Layihəsinə investor axtaran sahibkarlar, startaplar, eləcə də sərmayə qoymaq üçün layihə axtarışında olan investorlar portalın imkanlarından faydalana bilərlər. Portaldan istifadə etmək üçün ödəniş tələb olunmur. Layihələrin portala yerləşdirilməsi prosesi sadə və rahatdır. Bununla bağlı əlavə sualları yaranan sahibkarlar və startaplar KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре