Əbədiyaşar
Day.Az представляет новость на азербайджанском языке
Azərbaycanın müstəqilliyinin bərpasından 25, onun siyasi və iqtisadi həyatında önəmli rol oynayan "Əsrin müqaviləsi"nin imzalanmasından isə 22 il keçir. Bu möhtəşəm hadisələr böyük bir insanın - ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan xalqının tarixən formalaşmış ənənələri əsasında milli dövlətçilik modelinin yaranması, möhkəmləndirilməsi və ən başlıcası, qorunub saxlanılması yalnız XX əsrin sonlarına doğru - ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşmişdir. Azərbaycan xalqı müxtəlif mərhələlərdə milli dövlət qurmaq əzmini və iradəsini nümayiş etdirsə də, etiraf olunmalıdır ki, müəyyən səbəblərdən yaranmış tarixi şansdan sonadək bəhrələnə bilməmiş, uğursuzluqlar məhz lider amili ilə şərtlənmişdir. Bu mənada ulu öndər Heydər Əliyev XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş fenomenal şəxsiyyət deyil, həm də yaratdığı dövləti böyük əzmlə hər cür qəsddən qoruyan, möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük rəhbər idi.
1993-cü ildə ölkə uçuruma getdiyi zaman Azərbaycan xalqı öz əfsanəvi rəhbərindən imdad gözləyərkən məhz bu duyğularla yaşayırdı. Ermənistan tərəfindən Azərbaycana edilən təcavüz, hakimiyyət uğrunda gedən daxili çəkişmələr, başsızlıq ölkəni vətəndaş müharibəsinə sürükləyirdi. Hakimiyyətdəki qüvvələrin səriştəsiz və heç bir məntiqə sığmayan siyasəti nəticəsində respublikada anarxiya baş alıb gedir, cəmiyyətdə milli-mənəvi dəyərlər tapdanır, qanunsuz silahlı dəstələr ölkədaxili vəziyyətə nəzarəti ələ keçirirdi. İnsanlar qorxu içərisində qurtuluşunu və qurtarıcısını arayırdılar. Belə bir mürəkkəb mərhələdə Azərbaycan xalqı tarixi bir qərara imza ataraq Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ağır məqamda cəmiyyəti ümumi mənafelər ətrafında birləşdirmək, insanları vahid bir məqsədə səfərbər etmək üçün ilk növbədə milli dövlətçilik ideyalarının təşəkkülünə nail olmaq tələb olunurdu.
Tarixdə ölkəsinin ən çətin anlarında həyatları bahasına olsa belə dövlət gəmisinin sükanı arxasına keçən böyük şəxsiyyətlər olmuşdur. Türkiyədə Mustafa Kamal Atatürk, Amerikada Franklin Ruzvelt, Fransada Şarl de Qoll, İngiltərədə Uinston Çörçill və başqaları parlaq şəxsiyyətləri ilə sadəcə öz xalqlarının deyil, bütün bəşəriyyətin tarixində silinməz izlər qoymuşlar.
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk öz əsgərlərinə "Mən sizə hücum etməyi deyil, ölməyi əmr edirəm. Biz hamımız ölənə qədər yerimizi tutacaq güclərimiz gələcəkdir" deyirdi. Bu sözlər ölkəsinin bütövlüyünü qorumaq istəyən liderin öz vətəninə sonsuz sevgisindən doğan bir hayqırtı idi. Heydər Əliyev də böhran vəziyyətində olan ölkəsini sürətlə inkişaf edən və regionda söz sahibi olan bir dövlətə çevirdi. Böyük rəhbərin hakimiyyətə gəlişi Azərbaycanda yeni dəyərlər sisteminə və yeni ideyaların meydana çıxmasına stimul yaratmış oldu. Bu dəyərlər və ideyalar müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərini müəyyənləşdirən baxışlar sistemi kimi nəzərdən keçirilirdi.
"Həmrəylik - budur bütün cümlələrimizin mübtədası. Onunla biz qorxu belə olsa da, bütün çətinliklərə qalib gələcəyik". Bu sözlər ölkəsini Böyük böhrandan qurtaran, amerikan xalqını öz ətrafında sıx birləşdirən və xalqa özünəinam aşılayan Prezident Franklin Ruzveltə məxsusdur. Məhz Franklin Ruzvelt sayəsində o zaman 150 milyonluq amerikan xalqı öz gücünə güvənərək bütün bəlaların öhdəsindən gəldi.
1995-ci ildə Heydər Əliyev Kopenhagendə dövlət başçılarının sammitində iştirak edərkən Bakıda dövlət çevrilişi və sui-qəsd hazırlanırdı. Ulu öndərə Bakıya qayıtmamağı, həyatının böyük təhlükədə olduğunu xəbər verdilər. Amma Heydər Əliyev ölümü gözünün qarşısına alaraq güclü olduğunu göstərdi və tərəddüd etmədən irəliyə doğru getdi və qalib gəldi. Bu, xalqını arxasınca aparan həqiqi liderin atdığı bir addım idi.
Bu gün Franklin Ruzvelt Amerika xalqının yaddaşında xalqını qorxudan qoruyan və həmrəylik simvolu olaraq qaldığı kimi, Heydər Əliyev də millətinin yaddaşında qorxuya və ölümə qalib gələn böyük şəxsiyyət kimi qalıb. Napoleon deyirdi ki, cəsarət - təqlidi mümkün olmayan yeganə fəzilətdir. Nə şöhrət, nə də şərəf cəsarətsiz əldə edilə bilməz. Heydər Əliyev sonsuz şöhrət və şərəfini yalnız cəsarəti ilə deyil, həm də bütün təhlükələrə qalib gələrək öz xalqına və ölkəsinə sonsuz sevgisi ilə qazanmışdır.
Şarl de Qoll Fransa tarixində fransızların şərəfini özünə qaytaran bir rəhbər kimi qalır. Dağıdılmış Fransanın bir briqada generalı tərəfindən ayağa qaldırılması XX əsrin möcüzələrindən sayılır. Heç bir ordusu, maddi imkanları və ciddi məşhurluğu olmayan de Qoll dünyanın ən böyük qüvvəsini - xalqın inam və əqidəsini öz tərəfinə çəkməyi bacardı. Fransızlar "De Qoll gözəl Fransa uğrunda qəhrəmanlıq etməyi öz vəzifəsi olaraq görürdü və o, bizim sahib olduğumuz tək bir ziyadır" deməyi çox sevərlər. Əgər Şarl de Qoll Fransanın azadlıq yolunu işıqlandıran ən böyük fransız olaraq tarixdə qalmışdırsa, Heydər Əliyev də Azərbaycan tarixində Böyük Vətəndaş olaraq yolumuzu aydınladan parlaq bir ulduza çevrilmişdir. Onun da nə ordusu, nə maddi imkanları vardı. "Mənim əsas silahım Sözdür" deyərdi. Bu silah sayəsində ulu öndər insanlara özlərinə güvənməyi öyrətdi və xalqı inandırdı ki, Azərbaycanın gələcəyi də, onun iqtisadiyyatı və mədəniyyəti də öz əlindədir. O, xalqa bu zamana qədər misli görünməmiş bir imkanı - imkansızı əldə etmə inamını təqdim etdi. Onun tükənməz enerjisi, optimizmi, praqmatizmi və millətinə sonsuz inamı milli dirçəlişimizin təməlini qoydu. Sanki bu böyük şəxsiyyət dünyaya bir milləti qurtarmaq missiyasını həyata keçirmək üçün ulu Tanrı tərəfindən göndərilmişdi.
1982-ci ildə Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində Azərbaycanın böyük oğullarından birinin - şair-filosof Hüseyn Cavidin nəşi Sibirdən vətəninə gətirildi. Bu, böyük ürək, cəsarət tələb edirdi. Ancaq xalqına, millətinə, ədəbiyyat və mədəniyyətimizə olan sədaqəti, sevgisi ulu öndərə belə bir cəsarəti göstərməyə imkan verdi. Bu addım həm böyük həmvətəni ilə keçirdiyi qürur hissini, həm Azərbaycan xalqının mənəvi dəyərlərinə bəslədiyi dərin hörməti və həm də gənc nəslə öz mədəniyyətini necə sevməli, bu sevginin, sayğının hər hansı nomenklatur üstündə olduğunu öyrətmək imkanını əks etdirdi. Heydər Əliyev o dövrün ən ağır şərtləri, məhdudiyyətləri çərçivəsində xalqının gələcək rifahı üçün əlindən gələni əsirgəməmişdi, bəzən mümkün görünməyəni belə reallığa çevirmişdi. Ulu öndər həmin dövrləri xatırlayarkən deyirdi: "...Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da, sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı". Daha sonra Heydər Əliyev özünün məşhur kəlamını dünyaya səsləndirdi: "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".
1992-ci ildə Böyük Britaniyanın keçmiş baş naziri Azərbaycanda olarkən Elmlər Akademiyası Rəyasət Heyətinin binasının tavanında qeyri-adi gözəllikdəki naxışlara işarət edərək "İran mədəniyyətinin gözəl elementləridir" demişdi. Akademiyanın prezidentinin otağında olarkan yenə nəzərlərini tavana yönləndirərək təkrar etdi: "İran mədəniyyətinin unudulmaz elementləri". Ermənipərəst baxışları ilə tanınan bu siyasətçi Azərbaycan Elmlər Akademiyasının əməkdaşları ilə söhbəti zamanı Dağlıq Qarabağın Azərbaycana aid olmadığını iddia edirdi. 1994-cü ildə Heydər Əliyev Böyük Britaniyaya səfər etdi və orada keçmiş baş nazirlə görüşdü. Əvvəllər olduğu kimi, o, Dağlıq Qarabağın Azərbaycana aidiyyətini şübhə altına almağa başladı. Heydər Əliyev ona məxsus olan səbirlə həmişə olduğu tək dinlədi və sonra söylədi: "Aldığım məlumata görə, 1992-ci ildə Azərbaycan Elmlər Akademiyasına ziyarətiniz zamanı Siz tavandakı qeyri-adi naxışları görüb onları İran mədəniyyətinin elementləri adlandırmısız. Bunu deyərkən Siz, yəqin ki, İranda yaşayan 25 milyondan çox azərbaycanlını nəzərdə tutmusuz. Siz haqlısız, bu, Azərbaycan xalqının qədim və təkrarolunmaz mədəniyyətinə aiddir və biz bununla fəxr edirik. Dağlıq Qarabağ məsələsinə gəldikdə, Azərbaycanın ərazi bütövlüyü Böyük Britaniya daxil dünyanın bütün böyük dövlətləri tərəfindən tanınmışdır. Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz bir hissəsi olmuşdur, belə də qalacaqdır". Söhbət zamanı Heydər Əliyev Folklend (Malvin) adalarının tarixindən bəzi məqamları xatırladaraq müsahibini təksilah etmişdir.
Dahi Çörçill deyirdi: "Biz hər yerdə mübarizə edəcəyik və heç bir zaman təslim olmayacağıq". Bu fikir sanki tarixdə daim mübarizələrdə olan və hər zaman qalib gələn Heydər Əliyevin həyatını əks etdirir. Onu heç nədən çəkinmədən, qorxmadan xalqı və ölkəsi üçün cəsarətli addımlar atmağa vadar edən nə idi? İntellektimi? Xarakterimi? Bəlkə taleyinə həkk olunmuş alın yazısımı? Bura onun güclü xarakterini, özünəinamını, nəyi nə zaman etmə fəhmini də əlavə etsək, gördüyü işləri qismən də olsa anlayarıq. Kromvelin dəmir yumruğu, Bismarkın qavrama qabiliyyəti onun dövlətçilik anlayışı ilə birləşərək bir zamanlar Linkoln Amerikanı, Bismark Almaniyanı qoruduğu kimi, Heydər Əliyev də Azərbaycanı qoruyub saxlayaraq parçalanmaqdan xilas etdi.
Heydər Əliyevin fitrətində Tanrıdan gələn iki özəllik də vardı: heç bir zaman sarsılmayan inamı və fenomenal yaddaşı. O, uzun illər öncə baş verən hadisələri bütün ayrıntılarına qədər hafizəsində saxlaya bilirdi. Müharibədən sonrakı ilk illərdə Naxçıvanda işləyən gənc bir həkim məktəbdə müəllimi olmuş və ailəsi çox çətin vəziyyətdə yaşayan bir qonşusunun israrlı xahişiylə onun oğluna xəstəlik haqqında arayış verir. Gənc olmasına baxmayaraq, bu həkim Naxçıvanda namuslu və yüksək həkimlik adını qazanmışdı. Bir müddətdən sonra həmin həkimi DTK-ya çağırırlar və zabit Heydər Əliyev ona "Bu arayışı siz vermisiniz?" deyə soruşur. Həkim: "Bəli, mən vermişəm", - deyir. Zabit: "Arayış həqiqətə uyğundurmu?" soruşanda həkim "Xeyr" cavabını verir və hadisəni olduğu kimi danışır. Zabit bir az düşünür və arayışı oradaca cırıb ataraq deyir: "Siz Naxçıvanda məşhur həkim, namuslu və düzgün bir insan kimi tanınırsınız. Bir daha belə işlər etməyin".
İllər keçir, gənc həkim Bakıya gəlir, respublikanın tanınmış akademiki adını qazanır. Arayış hadisəsindən 28 il keçdikdən sonra akademik Bakının böyük tibb mərkəzlərindən birinə rəhbər vəzifəyə irəli sürülür. Bütün müsahibələrdən uğurla keçən akademiki təbrik edən Heydər Əliyev incə bir tərzdə: "Ümidvaram, daha saxta arayışlar vermirsiniz" deyərək bir daha necə fenomenal yaddaşa sahib olduğunu göstərir. Mərhəmət bütün müqəddəs kitablarda bəhs edilən əsas mövzulardan biridir. Məhz mərhəmət insanı ucaldır və həmin şəxsin böyüklüyünü göstərir.
Həyat yolunda qarşılaşdığı xəyanət və məyusluqlar heç zaman Heydər Əliyevin Azərbaycan xalqına inamını sarsıda bilmədi. 1993-cü ildə yenidən hakimiyyətə gələn böyük rəhbər millətin xilası və birliyi naminə bir zamanlar onun siyasi olimpin zirvəsinə doğru irəliləməyinə mane olan bir çox insana mərhəmət göstərdi və əfv etdi. O, hamını milli birliyə çağıraraq məşhur kəlamını söylədi: "Mən ömrümün qalan hissəsini də öz xalqıma bağışlayıram".
Heydər Əliyev düşdüyü dərin böhrandan çıxmasında millətə yardım etdi və Azərbaycanı sürətlə inkişaf edən sabit bir ölkəyə çevirdi. Bir həmrəylik simvoluna çevrilən Heydər Əliyev xalqın inamını özünə qaytardı və onun birliyinin təməlini qoydu. Hər kəs böyük məsuliyyət hissi ilə arxasında möhkəm bir dəstəyin olduğunu dərk etdi. Rusiya Federasiyasının Prezidenti V.Putin onu "siyasi qaya" adlandırırdı. O həm siyasi qaya, həm də dövləti öz üzərində daşıyan bir təməl idi. Çətin və çox qarışıq zamanlarda iki dəfə iqtidara gələn Heydər Əliyevin zəruri olanı zamanında həyata keçirmək kimi bir fəhmi vardı. Gördüyü işləri ilahi bir sevgi ilə reallaşdırırdı. Öz xalqının mənəvi dəyərlərinə necə həssaslıqla yanaşmağı və qorumağı sovet dövründə belə böyük vətəndaşlıq hissi ilə nümayiş etdirirdi.
1993-cü ildə yenidən Azərbaycanın rəhbəri olduğu zaman Qərb mətbuatı yazırdı: "Azərbaycan elə ağır vəziyyətdədir ki, onu Heydər Əliyev kimi nəhəng siyasətçi belə qurtara bilməz". Amma ulu öndər hər kəsi heyrətləndirdi. Azərbaycan böyük güclərin diqqət mərkəzinə çevrildi. 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı və daha sonra onun müəllifinin - Heydər Əliyevin adını fəxrlə daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa edildi. Bu onun dahiyanə və ardıcıl olaraq həyata keçirdiyi uğurlu siyasətin qələbəsi idi. "Əsrin müqaviləsi"ndən öncə yaşanan mürəkkəb siyasi vəziyyəti Heydər Əliyev ona məxsus olan qabiliyyət və ustalıqla idarə edirdi. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində Heydər Əliyev Norveç şirkəti "Statoyl"un təmsilçiləri ilə görüş keçirdi. Müxtəlif kanallardan bu görüşün müvəffəqiyyət gətirməyəcəyinə dair xəbərlər yayılmağa başladı, amma nəyin bahasına olursa-olsun "Statoyl"la dost olaraq qalmaq lazım idi. "Statoyl"un təmsilçisi görüşə tərcüməçilik edən və köməkçi olan bir xanımla gəlmişdi. Heydər Əliyevin yanında isə bir nazir, şöbə müdiri və köməkçi vardı. Görüş, gözlənildiyi kimi, nəticəsiz qaldı və "Statoyl"un təmsilçiləri ayrılmaq istərkən Heydər Əliyev birdən: "Bu xanım kimdir?" deyə soruşdu. Təmsilçi "Mənim köməkçim və tərcüməçimdir" dedi. Heydər Əliyev gülümsəyərək ona "Köməkçilərimizi dəyişəkmi?" deyə təklif etdi. Norveçli bu yumoru anlamayaraq: "Yox-yox, bu, mümkün deyil", - dedi. O zaman Heydər Əliyev bir az düşünərək: "Siz haqlısınız, bu, ədalətsiz mübadilə olardı. Sizin köməkçiniz gözəl bir xanımdır, mənimki isə o qədər də gözəl deyil, üstəlik də kişidir. Ona görə mən köməkçimin üstündə bir də şöbə müdirini təklif edirəm", - dedi və əlavə etdi: "Məncə, heç də pis mübadilə deyil". Heydər Əliyev norveçli təmsilçinin bu "təklifdən" əsəbiləşdiyini görüncə yanındakı nazirinə döndü və "İşin xatirinə səni də bu gün qurban verməli olacağam" dedi. Bu sözləri tərcümə edincə norveçli, nəhayət, Heydər Əliyevin incə yumorunu anladı, gülməkdən uğunub ulu öndərə yanaşaraq dedi: "Siz bütün dünyada böyük siyasi xadim olaraq tanınırsınız. Amma mən indi anladım ki, qeyri-adi bir insanla qarşılaşıram. Mən Sizi özümə yaxşı bir dost görmək istərdim". Heydər Əliyevin bu addımı, bəlkə də, siyasi ənənələr çərçivəsinə sığmayan hərəkət kimi görünə bilərdi. Amma bu davranış siyasi qanun və ənənələri özü yaradan dünyamiqyaslı nadir bir siyasətçinin xəyal məhsulu idi. Bu, sadəcə bir yumor deyildi. Böyük bir şəxsiyyətin, mürəkkəb vəziyyətdən çıxış yolu tapan qüdrətli intellektin bir təzahürü idi. Əgər dahilik bütün imkanları sonuna qədər istifadəetmə qabiliyyətidirsə, Heydər Əliyev, şübhəsiz ki, dahi idi.
1981-ci ildə keçmiş Kirovabad (indi Gəncə) şəhərini iki rayona ayırmaq məsələsi müzakirə olunurdu. Moskvadan rayonların birinə Proletar, ikincisinə Lenin adı verilməsi təklifi gəlmişdi. Amma şəhərin hər sakininin qəlbində bir arzu vardı: şəhərin qədim adı - Gəncə bərpa olunsun. Kommunist rejiminin hökm sürdüyü bir zamanda buna kimsənin cəsarəti çatmırdı. Müzakirələr uzun sürdü, Gəncə adından başqa bütün adlar təklif edilirdi. Nəhayət, Heydər Əliyev şəhərin fəallarını Bakıya dəvət etdi. O, özünəməxsus səbirlə hər kəsi dinlədi və sonra soruşdu: "Bu torpaqda doğulan böyük şair və mütəfəkkirin adı nədir?" Anında cavab gəldi: "Nizami". "Nizamini bu dünyaya bəxş edən yerin adı nədir?" Zal bir səslə "Gəncə" dedi. "O halda rayonların birinin adı Nizami, digərininki isə Gəncə olsun" dedi. Beləliklə, rayonun birinə Gəncə adı verildi və nəhayət, şəhərin qədim adı özünə qaytarıldı. Ulu öndərin bu hərəkəti Moskva tərəfindən xoş qarşılanmadı. Amma kimsə öz xalqına, onun mədəniyyətinə və tarixinə heyran olan həqiqi bir vətəndaşın bu hərəkətinin və təşəbbüsünün qarşısını ala bilmədi. Ulu öndər mənəvi dəyəri sovet ideologiyasından üstün tutdu.
1983-cü ildə Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü seçildi. O, Siyasi Büroya yeni ideyalar, praqmatizm və digər üzvlərə məxsus olmayan təbəssüm gətirdi. Heydər Əliyevin bütün çıxışları dərin məzmunu ilə seçilir, həll etdiyi məsələlər diqqət çəkirdi. Onun məftunedici təbəssümü isə hər kəsi əsir alır, ciddi baxışları və tələbkarlığı insanları çalışmağa təşviq edirdi. Siyasi Büroda onun başladığı yaradıcılıq işi və praqmatiklik qısqanclıqla qarşılandı. Və Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırıldı. Tarix boyu Siyasi Büronun 177 üzvündən heç biri işdən çıxarıldıqdan sonra siyasi olimpin zirvəsinə yüksələ bilmədi. Tək istisna Heydər Əliyevə aiddir. O, 1993-cü ildə xalq tərəfindən Azərbaycanın Prezidenti seçilərək ən yüksək zirvəni fəth etdi. Heydər Əliyev Siyasi Büronun üzvü olarkən Sovet dövlətinin elm və təhsil məsələlərini idarə edirdi. Aşağıda bəhs edilən əhvalatı bu sətirlərin müəllifinə Filds medalı (yaşı 40-ı keçməyən riyaziyyatçılara verilən və Nobel mükafatı ilə eyni dəyərdə olan mükafatdır) və Lenin mükafatı laureatı, akademik S.P.Novikov söyləmişdir. S.P.Novikov məşhur sovet riyaziyyatçısı, akademik P.S.Novikovun oğlu və SSRİ Elmlər Akademiyasının keçmiş prezidenti M.V.Keldışın bacısı oğludur. Özünəməxsus bir xarakteri olan S.P.Novikov ötən əsrin 70-ci illərində akademik Saxarovun başçılıq etdiyi insan haqları komitəsinin sədr müavini də olmuşdu. 1994-cü ildə İstanbulda Boğaziçi Universitetinin professoru kimi çalışarkən S.P.Novikovu seminarda məruzə üçün universitetə dəvət etmişdilər. Seminar bitdikdən sonra Novikov öz xatirələrini danışmağa başladı. Sovet siyasi nomenklaturasına qarşı mənfi münasibətini söyləyərkən birdən "Amma şəxsiyyətinə böyük hörmət bəslədiyim Heydər Əliyev istisna təşkil edir" dedi və bir əhvalatı təfsilatı ilə söyləməyə başladı. 1977-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinə məşhur bir fizika alimini rektor təyin edirlər. Bu rektor başqa vəzifələri də olduğu üçün universitetlə az maraqlanırdı. Ali məktəbin alimləri müxtəlif instansiyalara şikayət etsələr də, heç bir nəticəyə nail ola bilmirdilər. Çünki rektoru Siyasi Büronun güclü bir üzvü müdafiə edirdi. 1984-cü ildə Heydər Əliyev Siyasi Büroya seçildikdən sonra Moskva Dövlət Universitetindən gələn məktublarla maraqlanmağa başladı və bir müddət sonra rektoru Mərkəzi Komitəyə dəvət etdi. Heydər Əliyevin rektorla görüşü 20 dəqiqə sürdü. Kabinetdən çıxan rektor "Mən böyük intellektə sahib, təhsili dərindən anlayan bir şəxsiyyətlə görüşdüm və rektorluqdan ayrılmağım doğru olardı düşünürəm" dedi və ərizəsini yazdı. Ölkənin məşhur alimlərinin uzun illər boyu etdikləri şikayətlər nəticəsiz qaldığı halda Heydər Əliyev bu məsələni 20 dəqiqəyə necə həll etdi? Bu sualın cavabını indiyə qədər tapa bilmədim", - dedi S.P.Novikov.
2003-cü ilin dekabr ayında Heydər Əliyev əbədiyyətə qovuşdu. Əvvəllər öz varlığı ilə insanları birləşdirən rəhbər indi də yoxluğu ilə onları göz yaşlarına boğaraq birləşdirirdi. Rayonlardan, kəndlərdən axın-axın gələn xalq onu hər cür fəlakətdən qurtaran rəhbərini əbədiyyətə yola salırdı. Yüzillər keçəcək, Azərbaycan xalqı hər zaman ən ağır vaxtlarda onun yanında olan və öz həyatını milləti üçün qurban verən böyük oğlunu şükranlıqla xatırlayacaq, onu əbədi olaraq qəlbində yaşadacaq.
Heydər Əliyevin həyatdan getməsi ilə sanki Azərbaycan xalqı kimsəsiz qaldı. Xalqın dayağı və ümidi əbədiyyətə qovuşdu. Amma Heydər Əliyevin surətinin sanki təkrarı olan, dərin intellektə, geniş dünyagörüşünə, analitik zəkaya sahib bir şəxsiyyət Azərbaycan xalqının ümidi oldu. Bu şəxsiyyət İlham Əliyevdir. Tale qədirbilən Azərbaycan xalqına sanki bir təsəlli olaraq onu Heydər Əliyevin davamçısı kimi göndərmişdi. 2003-cü ildə Klivlenddə dahi Prezidentimizi ziyarət edən cənab İlham Əliyev təntənəli şəkildə bəyan etdi: "Cənab Prezident, mən Sizin ümidlərinizi doğruldacağıma və xalqa sədaqətlə xidmət edəcək bir Prezident olacağıma söz verirəm". Həyat Azərbaycan Prezidentinin ulu öndərə verdiyi sözü şərəflə yerinə yetirdiyinin şahidi oldu. O, hər bir azərbaycanlının Prezidenti olduğunu, respublikanı sürətlə inkişaf edən bir ölkəyə çevirdiyini isbat etdi. Azərbaycanın tarixində bu qədər incə zövq və zərifliklə inşa olunmuş binalar, yollar, körpülər və s. olmamışdır. Ölkə başçısı İlham Əliyev əfsanəvi Prezidentimizin müdrik siyasətinə yeni nəfəs gətirdi. Onun dövründə Azərbaycanın keçid dövrü tamamlandı və ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan bütün Cənubi Qafqazın ÜDM-nin 80 faizini verərək regionun liderinə çevrildi. 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Prezident İlham Əliyevin düşünülmüş və tarazlaşdırılmış siyasəti nəticəsində mühüm siyasi və iqtisadi problemləri həll etmək üçün böyük dövlətlərin (Rusiya, Fransa, Türkiyə, İran, Çin və d.) başçıları Azərbaycana gəlməyə başladılar. 2014-cü ildə Bakıda keçirilən humanitar foruma 15 Nobel mükafatçısı qatıldı. Azərbaycan öz peyklərini orbitə çıxardı. Dünyada sayca kiçik olan çox az ölkə var ki, öz peyki olsun. Azərbaycan yalnız regional deyil, həm də dünyamiqyaslı böyük layihələr həyata keçirir. Transanadolu, Transadriatik layihələri bunlara misaldır. Ölkə ən yüksək səviyyədə I Avropa Oyunlarına evsahibliyi etdi. Azərbaycan idmançılarının xəyalları həyata keçdi. Bu gün üçrəngli bayrağımız dünya arenalarında qürurla dalğalanır.
Dəmir iradəsini heç bir qüvvənin qıra bilmədiyi Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda əzmlə mübarizə aparır. Həyatda qarşısına qoyduğu ən çətin problemləri həll edən ulu öndər Heydər Əliyevin bir böyük arzusu vardı. Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması və köçkünlərin öz doğma evlərinə dönməsi. Əminik ki, Azərbaycan torpaqlarına bu böyük səadət gələcək. Bu inamı bizlərə ruhu torpaqlarımız üzərində dolaşan ümummilli liderimizin əmanət etdiyi üçrəngli bayrağımızı Dağlıq Qarabağ torpaqlarına sancacaq Prezident İlham Əliyevin qüdrətli əli, müdrük siyasəti və zəkası təlqin edir.
Asəf HACIYEV,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi, akademik
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре