"Nizami Gəncəvi ilinə töhvə verək" adlı onlayn konfrans keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı Gənclər Birliyi tərəfindən "Nizami Gəncəvi ilinə töhvə verək" adlı onlayn konfrans keçirilib.
Birlikdən Trend-ə bildirilib ki, konfransda rayonun fəal gəncləri, Milli Məclisin deputatı Ramin Məmmədov, Sosial Tədqiqatlar Mərkəzinin Baş Məsləhətçisi, politoloq İlyas Hüseynov, Milli Məclisin deputatı Eldəniz Səlimovun köməkçisi Kamal Laçınov, Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Quluzadə iştirak ediblər.
Tədbirdə çıxış edən millət vəkili Ramin Məmmədov Nizami Gəncəvi irsinin öyrənilməsinin və bu irsə verilən dəyərin əhəmiyyəti barədə ətraflı çıxış edib. Hətta o, Nizami Gəncəvinin əsərlərinin çox dərin araşdırıldığına baxmayaraq, yenə də araşdırılmaq üçün mövzuların olduğunu, Prezident İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi ili" elan etməsini xalqımızın və ölkə rəhbərliyinin tarixi keçmişimizə, mənəvi dəyərlərimizə sadiqliyinin nümunəsi kimi səciyyələndirib və bu xarakterik xüsusiyyətin dünyanın azsaylı dövlətlərində müşahidə edildiyini bildirib.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq İlyas Hüseynov isə çıxışında N.Gəncəvinin sosial-siyasi fikirlərinin dövrümüzlə səsləşən məqamlarından bəhs edib.
Bundan sonra Zəngilan Rayon gənclər və idman idarəsinin rəisi Natiq Quluzadə "Nizami Gəncəvi ili"ndə ölkəmizdə planlaşdırılan layihələrdən və onun miqyasından danışıb. Bildirib ki, bu tədbirlərdə Zəngilan rayon gənclərinin iştirakı da gözlənilir, onlar da bu istiqamətdə müxtəlif layihələr icra edəcəklər.
YAP Zəngilan rayon təşkilatı Gənclər Birliyinin sədri Nərmin Hüseynzadə "Nizami Gəncəvi ili"nin onun üçün xüsusilə əhəmiyyətli və yaddaqalan il olacağını bildirib. O, bu ili Zəngilan və ölkəmizin 30 ilə qədər işğal altında qalmış Qarabağ torpaqlarının azad edilməsi, yenidən qurulması və "Böyük Qayıdış" üçün ilkin addımların atılacağı il kimi səciyyələndirib. Qeyd edib ki, YAP və gənclər təşkilatı da bu il "Nizami Gəncəvi ili" ilə əlaqədar silsilə tədbirlər planlaşdırır.
Sədr bu tədbirlərin imkan olacağı təqdirdə Zəngilan rayonunda keçirilməsinin onun arzusu olduğunu və bunun baş tutacağına ümid etdiyini vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре