Tatarıstanda ilk Azərbaycan incəsənəti sərgisi yerli KİV-də geniş şəkildə işıqlandırılıb

Rusiya Federasiyası Tatarıstan Respublikasında "Kazan Kremli" Muzey-Qoruğunda "Xalça sənəti - mənaların təkamülü" adlı ilk Azərbaycan incəsənəti sərgisi keçirilir. Sərgidə XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid 30-a yaxın qədim Quba, Qazax və Qarabağ xalçaları, o cümlədən CHINGIZ təxəllüsü ilə işləyən Çingiz Babayevin xalçaçılıq sənətindən ilhamlanaraq yaratdığı müəllif əsərləri nümayiş etdirilir. 

Qeyd edək ki, sərgi cəmiyyət tərəfindən böyük maraqla qarşılanmaqla yanaşı yerli kütləvi informasiya vasitələrində də geniş şəkildə işıqlandırılıb. Belə ki, THB və ГТРК "Татарстан" sərgi haqqında xəbərlər yayımlayıb. Xəbər süjetləri haqqında anonslar Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin saytında (https://culture.gov.ru), "Культура.рф", "Афиша 7", "Город зовет", "Daily Go" kimi informasiya resurslarında dərc olunub. 

Sərgi barədə reportajlar Tatarstan Xalqlar Dostluğu Evinin və Assambleyasının Portalı, azərbaycanlıların Rusiyadakı xəbər portalı, Tatarstan Respublikası Mədəniyyət Nazirliyinin saytı, Ümumdünya Tatar Konqresi, Kazan meriyası, həmçinin "Реальное время", "Яндекс.Дзен", "ТатарИнформ", "Kazan" jurnalı, "Tatarstan Respublikası" ictimai-siyasi qəzeti, "Imag.one", "Элита Татарстана", "My Seldon News" kimi kütləvi informasiya vasitələrində dərc edilib. 

"Kazan Kremli" Muzey-Qoruğu "Xalça sənəti - mənaların təkamülü" sərgi layihəsinin təşviqatı işinin böyük hissəsini həyata keçirir. Sərginin açılış günü Azərbaycan ekspozisiyasının yerləşdiyi "Manej" zalında mətbuat üçün brifinq, rəssam Çingiz Babayevlə görüş və Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın təqdimatında kurator ekskursiyası təşkil olunub. 

Sərgi müddətində "Kazan Kremli" Muzey-Qoruğunda sərgiyə həsr edilmiş əyləncəli ailə proqramı keçirilir. Proqrama ekskursiya və xalçatoxuma üzrə "Xovlu akvarel" adlı ustad dərsi daxildir. Həmçinin "Kazan Kremli" Muzey-Qoruğu "Manej" Sərgi zalında "Xalça sənəti - mənaların təkamülü" sərgisi əsasında uşaqlar üçün "Sehrli xalça və ya Şərqə Səyahət" interaktiv proqramını sınaqdan keçirib. 

Azərbaycan sərgi layihəsi ilə bağlı bütün tədbirlər "Kazan Kremli" Muzey-Qoruğunun saytında və sosial şəbəkələrdəki səhifələrində geniş işıqlandırılır. Xəbərləri izləyin və böyük hissəsi onlayn formatda keçirilən proqramlarda iştirak edin. 

Sərgi sentyabr ayının 5-dək davam edəcək.