Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazaları möhkəmləndiriləcək

Prezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının 7 şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.12.4.4.12-ci (Təhlükəsizlik, sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsi) abzasında nəzərdə tutulmuş vəsaitdən 9.940,0 (doqquz milyon doqquz yüz qırx) min manatı bu Sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər və rayon icra hakimiyyətlərinə ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edir.