Makron çürüyən Avropa "liberalizm"inin müqəvvası oldu

Müəllif: Elçin Alıoğlu,
Baku Network-un direktoru

Fransa prezidenti Emmanuel Makron Vaşinqtona səfərə yollananda sadəlövhlük edərək onu bərabər tərəfdaş kimi qəbul edəcəklərini düşündü. O, alqışlar, heyranlıq, Avropanın "suverenliyinin" tanınmasını gözləyirdi.

ABŞ prezidenti Donald Tramp isə həmişəki üslubunda davrandı - soyuq etinasızlıqla bu illüziyaları darmadağın etdi, hətta öz üstünlüyünü gizlətməyə belə cəhd göstərmədi.

Bu səfər diplomatik triumf deyil, açıq-aşkar bir rüsvayçılıq oldu. Mətbuat konfransında Tramp Makronla elə danışırdı ki, sanki onun sözündən çıxan, nadinc və nə etdiyini anlamayan uşağı tənbeh edirdi. O, Makronun dediklərinə diqqətlə qulaq asmır, Fransa prezidentinin sözünü kəsir, yerində oturdur, arqumentləri ilə əzir, sanki canını qurtarmağa çalışan bir həşəratı tapdalayırdı. Makron iqlim dəyişikliyindən danışmağa başlayanda Tramp istehza ilə gülümsəyirdi. Fransız lideri "Avropa müstəqilliyindən" bəhs edəndə isə ABŞ prezidenti sadəcə biganə bir ifadə ilə çiyinlərini çəkirdi.

Vaşinqton hətta formal hörmət görüntüsü yaratmağa da cəhd etmədi. Hansısa səmimi nitq, xoş sözlər, xüsusi münasibət nümayişi olmadı. Yalnız sərt açıqlamalar və qayət aydın mesaj: Fransa sadəcə bir piyada, bir alətdir, vəssəlam.

Bundan artıq heç nə!

Trampın gözündə Makron lider deyil, sadəcə "axsaq ördək", epizodik fiqurdur.

Üstəlik, Tramp nəzakətli, lakin sərt şəkildə "suveren Avropa" konsepsiyasını ələ saldı. Əsla kəskin söz demədən, açıq şəkildə anlatdı: müstəqillik istəyirsiniz? O zaman ABŞ-yə baxmadan heç olmasa bir şey deməyə çalışın. Bacarmırsınız? Onda sakit oturun və Potomak sahillərindəki "böyüklər"in dediklərini edin!

Fransa alçaldıldı. Avropa biabır oldu. Bu səfər Makronun qlobal liderlik arzularını tamamilə dəfn etdi. İndi hətta ən sadəlövh fransalılar da gerçəkliyi görür: Fransa nə ciddi geosiyasi oyunçudur, nə də qərar verən tərəfdir - o, sadəcə Vaşinqtonun şahmat taxtasında bir fiqurdur.

Vaşinqton - siyasi intriqaların amansız bir cızma-qaraya çevrildiyi şəhər - xarici liderlərin səfərlərinə çoxdan öyrəşib. Lakin Emmanuel Makronun Ağ Evə son səfəri sadəcə diplomatik bir tədbir deyil, bütün dünyanın gözü qarşısında tam bir rüsvayçılığa çevrildi. Uca səslə bəyanatlar verməyin, gözlənilməz jestlərin və amansız ironiyanın ustası - öz "dostu" Makrona heç vaxt unutmayacağı bir dərs verməyə qərar verdi.

Adətən, dünya dövlətlərinin prezidentlərinin səfərləri təntənəli mərasimlərlə müşayiət olunur: qırmızı xalçalar, fəxri qarovul rotası, orkestr. Amma bu dəfə yox. Makronun təyyarəsi Vaşinqtonda yerə enəndə, o, ənənəvi isti qarşılanma gözləyirdi. Bunun əvəzinə - buz kimi bir sükut. Tramp onu şəxsən qarşılamağa belə gəlmədi. Nə təyyarənin trapında, nə də Ağ Evin qapısında onun izi belə yox idi.

Makronun olduğu avtomobil Ağ Evin qarşısına qərb fligelinin qarşısında duranda Tramp onu qarşılamaq üçün belə çölə çıxmadı.

Fransanın dövlət başçısını qarşılamaq üçün Ebigeyl Consu göndərilmişdi.

Ağ Evin əməkdaşı olan E.Cons adətən Zambiya və ya Papua-Yeni Qvineya səfiri kimi xarici diplomatlara sənədlər təqdim etməklə məşğuldur.

Sonucda naçar qalan Fransa prezidenti Amerika liderinin iqamətgahına demək olar ki, təkbaşına daxil olmalı oldu və anlayırdı ki, bu səfər artıq onun ssenarisi üzrə getmir.

Fransa mediası, təbii ki, başlıqlarla partladı: "Makronu görməzdən gəldilər", "Ağ Evdə soyuq qarşılama", "Vaşinqton Parijə yerini göstərdi" və s.

Parisdə bunu təhqir, Fransaya böyük dövlət kimi hörmətsizlik kimi qiymətləndirməyə başladılar. Vaşinqtonda isə buna sadəcə çiyinlərini çəkərək reaksiya verdilər - axı ABŞ üçün Fransa artıq çoxdan ciddi oyunçu deyil.

Makron ümid edirdi ki, Oval kabinetdə ilk görüş vəziyyəti düzəltməyə kömək edəcək. Fəqət Tramp tam fərqli qərar vermişdi. Hər iki lider mətbuat mənsubları qarşısında əyləşəndə Fransanın prezidenti özünü çox əlverişsiz mövqedə gördü. Tramp rahat kresloda, tam sərbəst və özünəinamla, ev sahibinin mövqeyində əyləşmişdi. Bəs Makron? Onu masanın sağ kənarında , adi bir stulda oturtmuşdular - sanki ciddi bir imtahan qarşısında titrəyən tələbə kimi.

Bu görüntü dərhal dünya mediasına yayıldı: amerikalı prezident - güclü, dominant görkəmdə, bivec Makronsa sıxılmış, özünəinamını itirmiş, sanki öz edamına dəvət olunmuş biri kimi.

Daha sonra mətbuat konfransı başladı və Tramp Makrona daha bir "hədiyyə" təqdim etdi. Görünüşdə dostcasına bir jest kimi görünən, əslində isə açıq-aşkar dominantlıq nümayişi olan hərəkətlə Tramp Makronun pencəyindəki xəyali kəpəyi nümayişkaranə şəkildə silib atdı və ucadan dedi: "Biz onu qüsursuz etməliyik. O, ideal olmalıdır!"

Zalda gülüş səsləri, Makronun sıxıntılı təbəssümü, fransız nümayəndə heyətinin çaşqın susqunluğu. Tramp dünyaya birmənalı şəkildə göstərdi ki, burada kimin söz sahibi, kimin isə sadəcə qonaq olduğunu. Hətta o qonağın öz paltarının təmizliyi üçün belə Trampın iradəsinə ümid etməsi məcburiyyətində qaldığını açıq-aşkar göstərdi. Fransız mediası bunu açıq şəkildə ictimai alçaldılma aktı adlandırdı. Paris qəzəbdən qaynaşırdı, lakin cavab vermək üçün heç bir vasitə yox idi - Makron bu istehzanı neytrallaşdırmaq üçün heç bir gücə malik deyildi.

Bundan sonra Ağ Evdə təntənəli şam yeməyi baş tutdu. Tramp hətta burada da fürsəti əldən verməyərək, kimin ev sahibi olduğunu açıq şəkildə xatırlatdı. Protokol fotolarında Makron elə görünürdü ki, sanki onu zorla iştirak etməyə məcbur etmişdilər. Tramp isə tam əksinə - vəziyyətdən açıq-aşkar həzz alır, baş verənlərdən məmnunluq duyurdu.

Şəxsi söhbət zamanı Tramp Makrona açıq mətnlə bildirdi ki, Avropa öz əhəmiyyətinin illüziyasında yaşamağı dayandırmalıdır. Onun sözlərinə görə, Fransa artıq Vaşinqton üçün müstəqil güc kimi heç bir maraq kəsb etmir. Əsas qərarlar başqa yerlərdə verilir, Fransanın yeganə vəzifəsi isə ABŞ-nin göstərişlərini yerinə yetirməkdir. Makron, yəqin ki, dostluq və dəstək mesajları almağa ümid edirdi, lakin bunun əvəzinə sərt gerçəkliyin soyuq xatırlatmasını aldı.

Makronun Parisə qayıdışından sonra fransız siyasətçilər ard-arda qəzəblərini ifadə etməyə başladılar. "Vsta, Fransa" partiyasının lideri Nikola Düpon-Enyan bəyan etdi:
"İllərlə ABŞ qarşısında itaətkarlıq göstərdikdən sonra tamamilə layiq olduğumuz şeyi - alçaldılmanı aldıq. Fransa artıq özünü müstəqil dövlət kimi dərk etmir və nəticə də budur".

RFI jurnalisti Devid Tompson bu səfəri Fransanın beynəlxalq aləmdəki vəziyyətinin bariz simvolu adlandırdı: "Böyük dövlət? Strateji müttəfiq? Xeyr, sadəcə tabeçilikdə olan bir ölkə".

Le Figaro qəzeti isə sərlövhəsində açıq şəkildə yazdı: "Makron Vaşinqtonda: unutmaq istədiyimiz səfər".

Amma ən mühüm məqam Makronun sükutu idi. Nə mətbuat konfransında, nə də Parisə döndükdən sonra o, səfərin siyasi fiaskoya çevrildiyini etiraf etməyə cəsarət etdi. Makronun susqunluğu əslində onun kapitulyasiyası idi.

Bu səfər sadəcə diplomatik bir tədbir deyil, Vaşinqtonun Parisə olan dərin hörmətsizliyinin açıq nümayişi idi. Fransa, bir zamanlar qürurlu müttəfiq olan ölkə, bu gün sadəcə öz keçmiş əzəmətinin kölgəsinə çevrilib, manipulyasiyalar və istehza obyekti olub. Tramp isə öz münasibətini heç gizlətməyə belə cəhd etmədi: alçaldıcı qəbul, soyuq biganəlik, istehzalı təbəssümlər - bütün bunlar bir aydın mesaj verirdi: Makron heç kimdir, onun fikri isə heç bir əhəmiyyət daşımır. Fransa artıq dünya arenasında oyunçu deyil, sadəcə güclü dövlətlərin əlində bir alətdir.

Tramp Fransaz mediasındakı isteriyaya qarşı tam biganəlik nümayiş etdirdi.

Onun üçün bu hadisə sadəcə siyasi təqvimində daha bir adi gün idi, onun əsas prinsipinin daha bir sübutu: Bu dünyada liderlər var və kuklalar var. Və Makron - boşboğaz ritorikası və marazmatik bəyanatları ilə - ikinci kateqoriyaya aid olan birisidir.

Əslində, təəccüblü heç nə yoxdur.

Çünki Avropa geosiyasəti cılızlaşır, onun çürümüş siyasi sistemi uçuruma yuvarlanır. Müasir Avropanın əsaslandığı liberal illüziyalar real problemlərin ağırlığı altında çökür - nəzarətsiz miqrasiya, cinayətkarlığın artması, radikal islamçılığın və neonasizmin yayılması, iqtisadi durğunluq və Brüsselin tam siyasi acizliyi. Avropa artıq subyekt deyil, obyektə çevrilib. O, müstəqil qərar qəbul etmək qabiliyyətini itirib və onun siyasi elitaları qorxu içində Vaşinqtona boylanaraq hərəkət edirlər.

Fransa bu böhranda Avropanın süqutunun ən bariz nümunəsidir. Bir zamanlar güclü, imperialist ambisiyalara malik dövlət, bu gün sadəcə bir vassaldır, Vaşinqtonun hər kəlməsini canfəşanlıqla izləyən, itaətkar bir ölkədir. Makron özünü nə qədər böyük dövlət xadimi kimi təqdim etməyə çalışsa da, onun ABŞ-yə səfəri əsas həqiqəti üzə çıxardı - onun ölkəsi artıq heç bir real rol oynamır. Onun fərdi alçaldılması - bütöv Fransanın alçaldılması idi. Və bu, təsadüfi bir hadisə deyil, onilliklər boyu yürüdülən uğursuz siyasətin məntiqi nəticəsidir. Bir zamanlar böyük bir dövlət - bu gün qlobal səviyyədə bir gülüş obyektinə çevrilib.

Avropada islamofobiya dəhşətli həddə çatıb. Bir zamanlar tolerantlığı ilə fəxr edən ölkələr indi müsəlmanlara qarşı qərəzli münasibətin qalalarına çevrilib. Fransa, Almaniya, Avstriya - radikalizmlə mübarizə bəhanəsi altında müsəlman icmalarına qarşı amansız təzyiqlərin tətbiq edildiyi ölkələrdir. Hicab qadağaları, təhqiramiz karikaturalar, məscidlərə hücumlar - Avropa elitasının görməzdən gəlməyə üstünlük verdiyi acı reallıqdır.

Xüsusilə diqqətçəkən məqam Fransa hakimiyyətinin son illərdə islamla mübarizəni daxili siyasətin əsas elementinə çevirməsidir. "Respublikanın müdafiəsi" şüarı altında Makron hökuməti ardıcıl olaraq müsəlmanlara yeni məhdudiyyətlər tətbiq edir, mediada isə islam əleyhinə nifrət təşviq olunur. Ancaq elə həmin fransız hakimiyyəti nədənsə erməni radikallarına tam dözümlülük göstərir, onların türklərə və azərbaycanlılara qarşı nifrət təbliğatına göz yumur, ermənilərin törətdikləri cinayətlərə susqun qalır.

Avropalıların yalnız radikal islamçılara aid etməyə çalışdığı antisemitizm isə əslində Avropanın öz cəmiyyətinə dərindən sirayət edib. Yəhudilərə qarşı hücumlar, qəbiristanlıqların təhqir olunması, sinaqoqların yandırılması - Almaniya, Fransa və digər Avropa ölkələrində artıq normaya çevrilib. Avropa siyasətçiləri isə bunu görməzliyə vurur, problemi guya kənardan gəldiyini iddia edərək məsuliyyətdən yayınırlar.

Avropa siyasəti türk xalqlarına qarşı açıq düşmənçilik nümayiş etdirir. Türkiyəyə, Azərbaycana və Mərkəzi Asiyadakı türk faktoruna qarşı düşmən mövqe Qərb elitalarında dərin kök salmış sistemli bir tendensiyadır.

Bu siyasətdə xüsusilə Fransanın aktivliyi nəzərə çarpır. Paris erməni radikalizmini açıq şəkildə dəstəkləyərək, antitürk və antiislam ritorikasını təşviq edir. İkinci Qarabağ müharibəsindən sonra Fransa tam şəkildə ermənipərəst mövqe tutaraq, Azərbaycana qarşı sanksiyalar tələb edir, Ermənistana hərbi yardım göndərir və Avropa İttifaqı səviyyəsində antitürk və antiislam ritorikasını yayır. Makron təkcə Türkiyəyə və prezident Ərdoğana qarşı şəxsi nifrətini gizlətmir, həm də bu münasibəti bütün Avropaya qəbul etdirməyə çalışır.

Lakin geosiyasi reallıq öz sözünü deyir. Ankara və Bakı bölgədə mövqelərini gücləndirməkdə davam edir, Fransa isə Ermənistana verdiyi dəstəyin heç bir nəticə vermədiyini görərək, ciddi böhran içində çabalayır. Parisin açıq-aşkar himayədarlığına baxmayaraq, Ermənistan Qarabağda məğlub oldu, Fransa diplomatiyası isə Azərbaycanın qətiyyətinə qarşı heç bir ciddi addım ata bilmədi.

Avropanın lideri olmaq iddiasında olan Fransa bu gün diplomatik iflas yaşayır. Makronun uğursuz siyasəti nəticəsində Paris dünya miqyasında təsir imkanlarını sürətlə itirir. Afrikada Fransa şirkətləri rus və çinli rəqibləri tərəfindən sıxışdırılır, Cənubi Qafqazda siyasəti iflasa uğrayıb, Avropada isə Fransa getdikcə daha çox gülüş obyektinə çevrilir.

Makron öz yarıtmaz siyasəti ilə Fransanın ambisiyalarına son qoyan əsas fiqur oldu. Onun beynəlxalq danışıqlarda daimi uğursuzluqları, özünü nüfuzlu lider kimi qəbul etdirmək qabiliyyətinin olmaması nəticədə Fransanın dünya siyasətində ciddiyə alınmamasına gətirib çıxardı.

Fransa üçün ən böyük təhlükə isə odur ki, artıq o, Avropa İttifaqı daxilində də lider hesab edilmir. Almaniya Makrondan uzaqlaşır, İtaliya onun təşəbbüslərini görməzliyə vurur, Şərqi Avropa ölkələri isə onun təkliflərini açıq şəkildə sabotaj edir. Paris diplomatik nəzarəti tamamilə itirib, erməni məsələsi üzərindən təsir imkanlarını artırmaq cəhdləri isə iflasa uğrayıb.

Və bu böhran fonunda Avropada liberal bataqlığa meydan oxuya biləcək yeni liderlər meydana çıxır. Viktor Orban, Corca Meloni, Aleksandar Vuçiç - güc və müstəqillik nümayiş etdirən siyasətçilərdir.

Orban Brüsselin diktəsinə qarşı sərt siyasət yürüdür, Almaniya və Fransanın göstərişlərinə tabe olmur, Macarıstanın milli maraqlarını qoruyur. Meloni sübut etdi ki, sağçı lider olmaqla yanaşı, uğurlu siyasətçi olmaq da mümkündür. Vuçiç isə, Avropa İttifaqının təzyiqlərinə baxmayaraq, Serbiyanın maraqlarını qətiyyətlə müdafiə edir.

Bu liderlər Avropanın gələcəyidir. Onlar anlayırlar ki, liberal eksperiment iflasa uğrayıb və qitəyə yeni strategiya lazımdır. Onlar Avropanın boş insan haqları şüarlarına deyil, real milli maraqlara əsaslanmalı olduğunu dərk edirlər.

Avropanın güclü dövlətlər dövrünə keçməsi, Brüsselin iradəsiz bürokratlarının hakimiyyətinə son qoyması gərəkir.

Qitə öz köklərinə, öz ənənələrinə və mədəniyyətinə qayıtmalıdır.

Əks halda, Avropa labüd şəkildə xaos, radikalizm və tənəzzül girdabına düşəcək.