Aliment ödəməkdən yayınanları hansı cəza gözləyir?

Aliment mövzusu cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biridir. Bəzi valideynlər alimentin az olduğunu deyir, digərləri isə ödənişdən yayınmağa çalışır. Halbuki aliment birbaşa uşağın gündəlik ehtiyaclarının - qida, təhsil və yaşayış xərclərinin qarşılanması üçün nəzərdə tutulur.

Day.Az xəbər verir ki, Ailə Məcəlləsinə əsasən, aliment bir uşağa görə valideynin gəlirinin 1/4-i, iki uşağa görə 1/3-i, üç və daha çox uşağa görə isə 50 faizi qədər müəyyən edilir. Minimum aliment məbləği isə dövlət tərəfindən müəyyən edilən uşaqlar üçün yaşayış minimumu ilə əlaqələndirilir.

Statistikaya görə, 2025-ci ildə Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında 142 minə yaxın aliment işi olub. Onlardan 47 minində müəyyən gecikmələr qeydə alınıb, 6,300 iş üzrə isə aliment ümumiyyətlə ödənilməyib.

Aliment ödənişindən yayınan şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlər görülür. 4,299 nəfər barəsində inzibati xəta haqqında protokol tərtib edilib, onlardan 2,344 nəfər inzibati qaydada həbs olunub, digərlərinə isə cərimə tətbiq edilib. Bundan əlavə, 235 nəfər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Həmin maddəyə əsasən, məhkəmə qərarını qərəzli şəkildə icra etməyən şəxslər cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər.

Mütəxəssislər bildirirlər ki, aliment qarşı tərəfə deyil, uşağın hüquqlarının təmin olunması üçün ödənilir və bu ödənişdən yayınmaq həm hüquqi, həm də sosial baxımdan ciddi məsuliyyət yaradır.

Elvin Səxavətoğlu
Day.Az