Yer təki istifadəçilərinin fəaliyyəti ilə bağlı işçi qrup yaradılır

Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair Qaydalar təsdiq edilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Qaydalar "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 13-cü maddəsinin səkkizinci hissəsinə əsasən hazırlanmışdır və qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması və bu Qaydalara əsasən müəyyən edilmiş keçid dövründə qeyri-filiz faydalı qazıntı yataqlarından istifadənin tənzimlənməsinin müvəqqəti qaydalarını müəyyən edir.

Qaydalara əsasən, yer təki istifadəçilərinin fəaliyyətinin yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən və digər aidiyyəti normativ hüquqi aktların tələblərinə tam uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (işğaldan azad olunmuş ərazilər üzrə), "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının azı bir nümayəndəsi təmsil olunmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən işçi qrup yaradılır.

İşçi qrupun fəaliyyətinə Nazirliyin müəyyən etdiyi sədr rəhbərlik edir və onun işini təşkil edir.

İşçi qrup, bu Qaydalarla müəyyən edilmiş hüquq və vəzifələri nəzərə alınmaqla, işçi qrupun iclasında təsdiq edilmiş iş planı əsasında fəaliyyət göstərir.

İşçi qrupun iclasları zərurət olduqda, lakin keçid dövründə altı dəfədən az olmayaraq keçirilir. İşçi qrupun iclaslarının vaxtını və gündəliyini işçi qrupun sədri müəyyən edir.

İşçi qrupun üzvləri iclaslarda əyani formada, belə iştirak mümkün olmadıqda isə informasiya texnologiyalarından istifadə etməklə distant formada iştirak edə bilərlər.

İşçi qrupun iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İşçi qrupun iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir və sədr axırıncı səs verir.

İşçi qrupun katibi sədr tərəfindən ilk iclas zamanı üzvlər arasından müəyyən edilir.

İşçi qrupun üzvü təmsil etdiyi dövlət orqanının (qurumunun) adından çıxış edir.