ADA Universitetində Karyera Hazırlığı Həftəsinə start verilib - FOTO
ADA Universitetində tələbələrin əmək bazarına inteqrasiyasını sürətləndirmək və onları peşəkar iş dünyasına hazırlamaq məqsədi daşıyan "Karyera Hazırlığı Həftəsi 2026" artıq başlayıb. 6-15 aprel tarixlərini əhatə edəcək bu 8 günlük intensiv proqram ABB-nin baş sponsorluğu, "Bahar Energy Operating Company"nin aparıcı tərəfdaşlığı və ADA Universiteti Fondunun (ADAF) təşkilati dəstəyi ilə həyata keçirilir.
Day.Az xəbər verir ki, bu il proqrama 914 tələbə müraciət edib ki, onlardan xüsusi seçim mərhələsini keçən 583 gənc təlimlərdə iştirak hüququ qazanıb. Proqram müddətində 23 nüfuzlu şirkətin rəhbər şəxsləri və ekspertləri tələbələrə müasir iş dünyasının tələbləri istiqamətində təlimlər keçəcəklər.
Açılış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Günay Ziyadova tədbirin strateji əhəmiyyətini vurğulayaraq Karyera Hazırlığı Həftəsinin təkcə təlim platforması deyil, həm də tələbələrimizin nəzəri biliklərini real sənaye təcrübəsi ilə qovuşduran bir körpü olduğunu bildirib.
Tədbirin rəsmi hissəsində ABB Bankın İdarə Heyəti Sədrinin Birinci Müavini Aqşin Əmirov "Rəqəmsal İqtisadiyyat üçün Gələcəyin Bacarıqları: Gələcək peşəkarların hazırlanması" mövzusunda, "Bahar Energy Operating Company"nin Vitse-prezidenti Sean Verner isə "Gələcəyi Gücləndirmək: Gənc nəslin enerji sektoruna hazırlanması" mövzusunda təqdimatlarla çıxış edərək gənclərə qlobal trendlər barədə dəyərli məlumatlar veriblər.
Proqram çərçivəsində tələbələr bankçılıq, informasiya texnologiyaları, konsaltinq və enerji kimi sahələrdə çalışan mütəxəssislər tərəfindən gələcəyin bacarıqları və süni intellektə hazırlıq, emosional intellekt, şəxsi brendinq və innovativ düşüncə tərzi kimi mövzularda keçiriləcək təlimlərdə iştirak etdilər.
Karyera Hazırlığı Həftəsi aprelin 24-də baş tutacaq Karyera Sərgisi ilə yekunlaşacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре