Ümummilli Lider Heydər Əliyevin gördüyü işlər milli düşüncənin formalaşmasında mühüm rol oynayıb - Azər Qarayev
Azərbaycanın müasir tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız müəyyən bir dövrün siyasi hadisələri ilə ölçülmür. Belə liderlərin gördüyü işlər dövlətin gələcək taleyini müəyyənləşdirir, milli düşüncənin formalaşmasına təsir edir və bütöv bir xalqın tarixində dönüş nöqtəsinə çevrilir. Ümummilli Lider Heydər Əliyev də məhz belə tarixi şəxsiyyətlərdən biridir. Onun adı bu gün Azərbaycan dövlətçiliyi, siyasi sabitlik, milli təhlükəsizlik və güclü idarəçilik anlayışları ilə birgə çəkilir.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"2026-cı il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur. Aradan keçən illərə baxmayaraq, onun dövlətçilik fəlsəfəsi, siyasi irsi və müəyyən etdiyi strateji inkişaf xətti bu gün də ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Heydər Əliyevin siyasi fəaliyyətinin ən mühüm istiqamətlərindən biri dövlət təhlükəsizliyi sisteminin formalaşdırılması və milli maraqlara əsaslanan peşəkar kadr siyasətinin həyata keçirilməsi idi. O, hələ sovet dövründə anlayırdı ki, milli dövlətçiliyin təməli yalnız iqtisadi inkişaf və siyasi idarəçiliklə məhdudlaşmır. Dövlətin uzunömürlü və dayanıqlı olması üçün güclü təhlükəsizlik sistemi, milli maraqlara bağlı peşəkar kadrlər və strateji düşüncə tələb olunur.
1944-cü ildən dövlət təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Heydər Əliyev qısa müddət ərzində yüksək peşəkarlığı, prinsipiallığı və idarəçilik bacarığı ilə seçilməyə başladı. Həmin dövrdə SSRİ təhlükəsizlik sistemi ən qapalı və ciddi nəzarət olunan strukturlardan biri hesab edilirdi. Bu sistem daxilində milli respublikaların nümayəndələrinin yüksək vəzifələrə irəli çəkilməsi olduqca nadir hallarda baş verirdi. Xüsusilə azərbaycanlıların strateji dövlət qurumlarında təmsilçiliyi minimal səviyyədə idi. Belə mürəkkəb bir dövrdə Heydər Əliyevin təhlükəsizlik orqanlarında yüksələrək rəhbər vəzifələrə gəlməsi yalnız şəxsi uğur deyildi. Bu, eyni zamanda Azərbaycan xalqının milli potensialının və intellektual imkanlarının nümayişi idi. O, təhlükəsizlik sistemində çalışdığı illərdə məsələlərə sırf inzibati yanaşmır, gələcək dövlətçilik perspektivlərini nəzərə alaraq strateji qərarlar qəbul edirdi", - o bildirib.
Onun sözlərinə görə, 1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin olunması isə ölkənin gələcək siyasi və təhlükəsizlik tarixində mühüm mərhələyə çevrildi. Həmin dövrdən etibarən təhlükəsizlik orqanlarında milli kadrların hazırlanması istiqamətində sistemli siyasət həyata keçirilməyə başlandı. SSRİ rəhbərliyinin siyasəti nəticəsində mühüm dövlət strukturlarında qeyri-milli kadrların üstünlük təşkil etdiyi bir vaxtda Heydər Əliyev azərbaycanlı gənclərin strateji sahələrdə irəli çəkilməsi üçün ciddi fəaliyyət göstərirdi.
"Onun təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gənc SSRİ-nin Moskva, Leninqrad, Kiyev, Minsk və digər şəhərlərində yerləşən nüfuzlu ali məktəblərə göndərildi. Bu gənclər əsasən hüquq, təhlükəsizlik, hərbi idarəçilik və xüsusi xidmət sahələri üzrə ixtisaslaşırdılar. Həmin dövrdə bu addım sadəcə təhsil siyasəti deyildi. Heydər Əliyev gələcəkdə Azərbaycanın milli təhlükəsizlik sisteminin məhz peşəkar və milli düşüncəyə malik kadrlar üzərində qurulacağını uzaqgörənliklə hesablayırdı.
SSRİ dövründə təhlükəsizlik orqanlarında xidmət edən azərbaycanlıların bir çoxu məhz Heydər Əliyevin təşəbbüsü ilə bu sistemə cəlb edilmişdi. O, yalnız kadrların seçilməsi ilə kifayətlənmirdi. Gənclərin təhsil prosesini, xidmət dövrünü və peşəkar inkişafını xüsusi diqqətdə saxlayırdı. Təcrübə qazanmış mütəxəssislər sonradan Azərbaycana qaytarılır və strateji dövlət qurumlarında mühüm vəzifələrə təyin olunurdular.
Bu siyasət nəticəsində 1970-1980-ci illərdə Azərbaycanın təhlükəsizlik və hüquq-mühafizə sistemində peşəkar azərbaycanlı kadrların sayı əhəmiyyətli dərəcədə artdı. Sonrakı illərdə müstəqil Azərbaycanın dövlət idarəçiliyində mühüm rol oynayan şəxslərin əhəmiyyətli hissəsi məhz həmin məktəbin yetirmələri idi. Bu isə Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin uzunmüddətli nəticəsi kimi qiymətləndirilir", - o bildirib.
A.Qarayev qeyd edib ki, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra Heydər Əliyev respublikanın inkişafında tamamilə yeni mərhələnin əsasını qoydu. Həmin illərdə Azərbaycanda sənaye sürətlə inkişaf etməyə başladı, yeni zavod və fabriklər istifadəyə verildi, kənd təsərrüfatında məhsuldarlıq artdı, elm və təhsil sahəsində ciddi irəliləyişlər əldə olundu.
"Ən vacib məqamlardan biri isə idarəçilik sistemində peşəkarlığın ön plana çəkilməsi idi. Heydər Əliyev dövlət idarəçiliyində intizamı gücləndirdi və milli kadrların irəli çəkilməsini prioritet məsələyə çevirdi. O, yaxşı anlayırdı ki, gələcəkdə Azərbaycanın müstəqil dövlət kimi mövcud olması üçün güclü insan kapitalı formalaşdırılmalıdır. 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunması Heydər Əliyevin siyasi nüfuzunun ittifaq miqyasında qəbul edildiyini göstərirdi. O, SSRİ rəhbərliyində təmsil olunan ən nüfuzlu siyasi fiqurlardan birinə çevrilmişdi. Lakin Moskvada yüksək vəzifədə çalışdığı dövrdə belə Azərbaycan daim onun diqqət mərkəzində qalırdı. Respublikaya yeni iqtisadi layihələrin cəlb edilməsi, azərbaycanlı mütəxəssislərin irəli çəkilməsi və milli maraqların qorunması istiqamətində fəaliyyətini davam etdirirdi", - o bildirib.
Politoloq vurğulayıb ki, 1987-ci ildə Sovet İttifaqı rəhbərliyinin siyasətinə etiraz olaraq istefa verməsi isə onun prinsipial siyasi mövqeyinin göstəricilərindən biri idi. Xüsusilə Mixail Qorbaçov rəhbərliyinin Azərbaycana münasibətdə apardığı qərəzli siyasət Heydər Əliyev tərəfindən qəbul edilmirdi.
"1990-cı ilin 20 Yanvar faciəsi zamanı onun nümayiş etdirdiyi mövqe Azərbaycan tarixinin ən mühüm siyasi hadisələrindən biri hesab olunur. Sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələrə etiraz edərək Moskvada açıq bəyanat verməsi böyük siyasi risk idi. Həmin dövrdə SSRİ rəhbərliyinə qarşı açıq şəkildə çıxış etmək ciddi təzyiqlərlə müşayiət olunurdu. Buna baxmayaraq, Heydər Əliyev xalqının yanında olduğunu nümayiş etdirdi və faciəyə hüquqi-siyasi qiymət verdi.
1993-cü ildə Azərbaycanda yaranmış dərin siyasi böhran, xaos və vətəndaş qarşıdurması təhlükəsi ölkəni faktiki olaraq parçalanma həddinə çatdırmışdı. Belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi təmin etməyə nail oldu. Dövlət institutları yenidən formalaşdırıldı, hüquq-mühafizə və təhlükəsizlik sistemi gücləndirildi, ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı", - A.Qarayev bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре