Aktrisa: "Az qala depressiyaya düşəcəkdim"

Day.Az представляет новость на азербайджанском языке.

"YUĞ" Dövlət Teatrının aktrisası Təranə Atacanın Milli.Az-a müsahibəsi:
 

- Bu sənətlə bağlı heç bir xüsusi həvəsim, hazırlığım, niyyətim olmayıb. Hər şeyi həyat, tale həll etdi. Atam mənim sənət seçimimlə o qədər də razı deyildi. Qohumlar da təəccüblə soruşurdular ki, sən nə əcəb aktrisa oldun? Mən də cavab verirdim ki, nə bilim, heç özüm də bilmirəm. Doğrudan da, həyatda elə məqamlar olur ki, ağıl yox, hisslər ön plana keçir. Mənim aktrisa olmağım və bu günə qədər keçdiyim yol məhz hisslərimdən qaynaqlanıb. Bütün müəllimlərimə, xüsusilə də məni aktrisa kimi daha geniş şəkildə kəşf etmiş, plastik imkanlarımı üzə çıxarmış, səhnədə hərəkət etmək bacarıqlarını mənə aşılamış, bizi köləlikdən çıxaran, intellektual baxımdan kəşf edən Bəxtiyar Xanızadə ilə Vaqif İbrahimoğluna minnətdəram. Vaqif müəllim deyirdi ki, hər bir aktyor eyi zamanda həm ədib olmalıdı, həm də rejissor, amma ən birinci növbədə şəxsiyyət olmalıdı.
 

- Səhnə fəaliyyətinə Pantomim Teatrında başlamısınız?
 

- Yox, səhnə fəaliyyətimə Gənc Tamşaçılar Teatrında başlamışam. Amma az işlədim orda. Bir gün Bəxtiyar müəllim mənə dedi ki, istəyirsən, bizim teatra keç. Beləliklə, taleyimdə Pantomim Teatrı səhifəsi açıldı. O teatrın aktrisası olmaq hər bir aktyor üçün ayrıca məktəbdi.
 

- Pantomim Teatrındakı obrazlarınız üçün darıxırdığınız vaxtlar olur?
 

- Əlbəttə... Biz idmançılar kimi idik - hər zaman fiziki formamızın bir qaydada qalması üçün sonsuz məşqlər edirdik. Ona görə bu ritmdən ayrılandan sonra az qala depressiyaya düşəcəkdim. "Eşq" tamaşası üçün çox darıxıram. O tamaşadakı obrazımın üzərində düz iki il işləmişəm. Nargilə ilə (Pantomim Teatrının aktrisası, əməkdar artist Nargilə Qəribova - red.) dublyor olaraq oynayırdıq bu tamaşanı.
 

- Orda əxz etdiklərinizi burada hansısa obraz üzərində işləyəndə tətbiq etmək imkanı yaranıb?
 

- Bəli. Məsələn, "Viy" tamaşasındakı Pannoçka obrazında Pantomim Teatrında əxz etdiklərimi ifadə etmişəm. Ümumiyyətlə, hər zaman plastik baxımdan nəyinsə öhdəsindən gəlirəmsə, buna görə Bəxtiyar müəllimə borcluyam.
 

- Deyəsən, Pannoçka "Yuğ" Teatrında ilk rolunuzdu...

- Bəli. O tamaşa "Boş məkanın dolğunluğu" festivalı (2005-ci ildə Teatr Xadimləri İttifaqının təşkil etdiyi festival - red.) üçün hazırlanmışdı. Əslində onda mən hələ "Yuğ" Teatrının aktrisası deyildim. Amma Pantomim Teatrındakı həmkarım Mikayıl Mikayılov artıq "Yuğ"u təmsil edərək "Viy" tamaşasının quruluşçu rejissoru kimi çıxış edirdi. Pannoçka roluna Zümrüd Bəxtiyar təsdiq olunsa da, üzürlü səbəbdən məşqlərdə iştirak edə bilməmişdi. Ona görə bu rol mənə həvalə olundu.
 

- Murad İbrahimbəyovun "Üç qız" filmindən sonra sizi başqa bir filmdə görməmişik. Dəvət etməyiblər, yoxsa təklif olunan rollar ürəyinizcə olmayıb?

- Çingiz Rəsulzadənin "Kuklalar" filmində də çəkilməliydim, daha doğrusu, çəkilirdim də. Amma rejissorla aramızda fikir ayrılığı yarandığı üçün çəkilişlərin yarısında roldan imtina etdim. Murad İbrahimbəyovun "Ondan yaxşı qardaş yoxdur" filminə də çəkilməliydim, amma iş elə gətirdi ki, çəkilişlərə dəvət analıq məzuniyyətimlə eyni vaxta təsadüf etdi. Əlbəttə, ana olmaq ən böyük xoşbəxtlikdi, qızımın indi artıq beş yaşı var. Amma bizdə kino istehsalı o qədər də intensiv olmadığı, həmin dövrdə bir çox kinorolardan əlim üzüldüyü üçün depressiyaya düşdüyüm məqamlar oldu. Gülzar xanım (əməkdar artist Gülzar Qurbanova - red.) belə məqamlarda mənə ürək-dirək verib deyir ki, fikir eləmə, mən özüm 40 yaşından sonra çəkilməyə başlamışam. Əlbəttə, aktrisanın "ulduz"u istənilən yaşda parlaya bilər, amma bir az əvvəl dediyim kimi film istehsalı intensiv olmadığı, yaxşı ssenarilər, yaxşı rejissorlar az olduğu üçün çox zaman 40 yaşını adlamış aktrisalara yalnız statik rollar təklif olunur...
 

- Qızınız hələ çox balaca olsa da, səhnəyə həvəsli olduğunu hiss eləmirsiniz ki?
 

- Deyəsən, nəsə var. Bizim tamaşaları maraqla izləyir, sonra isə evdə təqlid edir. Vaqif müəllimi xatırlayır. Rəşid müəllimlə (Rəşid Şərif "Yuğ" Teatrının baş rəssamı, teatrın mərhum baş rejissoru Vaqif İbrahimoğlunun qardaşıdı - red.) görüşəndə soruşur ki, bəs o biri baba hanı? Mən də onun uşaq psixikasını zədələməmək üçün deyirəm ki, elə bu babadı. Matdım-matdım baxır. Vaqif müəllimin gedişi çox böyük itki, doldurulması mümkün olmayan boşluqdu. Təəssüf edirəm ki, onunla davamlı ünsiyyətim, onun tələbəsi olmaq imkanım cəmisi beş il çəkdi. Belə bir şəxsiyyətlə beş il ünsiyyətdə olmaq böyük, amma həm də qısa sürən xoşbəxtlikdi. Mən onun bütün dərs-məşqlərindən, ya da söhbətlərindən səhifələri qeydlərlə dolu dəftərlə çıxırdım. Bu qeydlərin bir aktrisa kimi özümü tanımaqda, hansısa rolu analiz edib axtarışlar aparmaqda əvəzi yox idi. İndi bunlarsız çox çətindi.

Bilirsiz, belə analizlər, axtarışlar böyük yükdü, amma onlar olmadan rolu bütün dolğunluğu ilə çatdırmaq mümkün deyil. Məsələn, mən özüm "Axırdan sonra" tamaşasındakı işimdən çox narazıyam, çox pəjmürdə olmuşdum onda... O dövrdə həm də televiziyada işləyirdim... Vaqif müəllim isə o vaxtlar tamaşanı 2-3 həftəyə təhvil vermək eksperimenti tətbiq etmişdi. Söhbət düşəndə Vaqif müəllimin bizdən əvvəlki tələbələrinə deyirəm ki, sizin bəxtiniz gətirdi, Müəllimdən bol-bol bəhrələnə bildiniz... Mən şəxsən onsuz indi yeni işin əvvəlində gərginlik keçirirəm...
 

- Yeni mövsümə hansı yeni rollarla start verirsiniz?
 

- Teatrda iki yeni tamaşanın məşqləri başlanıb, onlardan birində Aytən Məmmədovanın Ruminin məsnəviləri əsasında hazırlayacağı "Biz doğmayıq" tamaşasında mən də iştirak edəcəm.
 

- Bəs yaradıcılıqdan kənar boş vaxtlarınızda gənc xanım, gənc ana olaraq başqa maraqlarınız, sevimli məşğuliyyətləriniz varmı?
 

- Dekortiv tikməni sevirəm. Qızıma güldən paltar tikmişdim. Həmkarlarım görəndə yarızarafat, yarıciddi dedilər ki, sən arxayın ola bilərsən, ikinci sənətin də var.

Milli.Az