Suğra Bağırzadə: "Arif Babayev məhz məni çəkmək istəyirdi bu rola" - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Əməkdar artist Suğra Bağırzadənin Milli.Az-a müsahibəsi.

Bu lirik kinokomediyanı pritça kimi də qəbul etmək olar. Təbiətə sevgi, ətraf aləmə qayğıkeşlik, əməksevərlik, həyatının işini tapmaq kimi keyfiyyətə malik olmaq, o işdə təkmilləşmək əzmi, insanlarla ünsiyyətin, onlara münasibətin yüksələn xətt üzrə inkişafı və... əlbəttə ki, məhəbbət. Bəllidir ki, alma müxtəlif dövrlərdə, müxtəlif xalqların mifologiyalarında bir totem, fikirlərin, duyğuların ifadə vasitəsi, gözəllik rəmzi kimi də tanınır. Ekran əsərində də bu gözəl meyvələrdən birinin təbiətdəki və insanların həyatındakı missiyası ayrı-ayrı situasiyaların vasitəsilə maraqlı bir dildə, özgün bir tərzdə çatdırılır - sehrli almalar əllərinə düşdükləri hər kəsə xoşbətlikmi, uğurmu, sevincmi olsun, hər bir halda həyatlarının yeni, daha işıqlı səhifəsinə vəsilə olur.

Yəqin ki, hər kəsə aydın oldu ki, söhbət "Alma almaya bənzər" (filmin digər adı "Sehrli almalar"dı) filmindən gedir. Tammetrajli genişekranlı rəngli film Qubada çəkilib. Ekran əsərinin quruluşçu rejissoru Arif Babayev, ssenari müəllifi Alla Axundova, quruluşçu operator Valeri Kərimov, quruluşçu rəssam Firəngiz Qurbanova, geyim üzrə rəssam Arif Əbdürrəhmanov, bəstəkar Ramiz Mirişli, mahnıları ifa edən Flora Kərimova, Mirzə Babayev, Jilber Beko.

Rollarda Hüseynağa Sadıqov (Nadir kişi, səsləndirən Səməndər Rzayev), Fazil Salayev (Mehdi, səsləndirən Yaşar Nuri), Səfurə İbrahimova (Mədinə, səsləndirən Əminə Yusifqızı), Həsən Məmmədov (Qurban), İnarə Quliyeva (Aişə, səsləndirən Amaliya Pənahova), Hacıbaba Bağırov (Məmmədəli), Firəngiz Abbasova (Güllü, Mirvari Novruzova), Əhməd Əhmədov (Haşım, səsləndirən Ağaxan Salmanov), Cəmil Quliyev (Kərimov), Suğra Bağırzadə (telefonçu qız), Tələt Rəhmanov (milis işçisi), Rauf Gözəlov (Həsən, səsləndirən Ramiz Əzizbəyli), Sergey Filippov (üç idarədə işləyən şəxs, səsləndirən Yusif Vəliyev).

"Azərbaycanın kino incilərindən" layihəmizdə "Alma almaya bənzər" filmi ilə bağlı xatirə və təəssüratlarını filmdə telefonçu qız obrazı ilə yadda qalan əməkdar artist Suğra Bağırzadə danışdı:

Dosye: Aktrisa və florist rəssam kimi tanınan, əməkdar artist Suğra Sadiq qızı Bağırzadə 1947-ci il fevralın 10-da Bakı şəhərində dünyaya gəlib. İxtisasca mühəndisdi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında texniki şöbənin mühəndisi vəzifəsində çalışır. İncəsənətə marağı və bu sahədəki istedadı uşaqlıqdan üzə çıxıb. Onun ifasında "Cücələrim" mahnısı televiziyanın 1956-cı il Moskva dekadasının ən yaxşı nömrələrindən biri kimi etiraf olunub. Kinoya ilk dəfə səkkizinci sinifdə oxuyarkən çəkilib ("Ulduz" filmi). 10-dan çox filmdən ibarət olan filmoqrafiyasını uğurlu hesab etmək olar. Bu filmoqrafiyaya isə "Ulduz", "Alma almaya bənzər", "Şir evdən getdi", "Tələ", "Yuxu", "Güllələnmə təxirə salınır", "Sonuncu şahid" kimi filmlər daxildir. Güllərə olan marağı və sevgisi kimya sahəsinə aid bilikləri ilə birləşərək onun peşə və hobbi dairəsini genişləndirib - hazırda Suğra xanım florist-rəssam kimi də tanınır.
 

Suğra Bağırzadə:

- Arif Babayev məhz məni çəkmək istəyirdi bu rola. Bildiyimə görə, məndən başqa namizəd nəzərdə tutulmamışdı. Bu film, demək olar ki, bütünlüklə Qubanın özündə, oranın alma bağlarında çəkilib. Həmin vaxt da mənim kiçik qızım hələ çox balaca olduğu üçün, heç bir yaşı tamam olmamışdı, filmə çəkilməkdən imtina etməli oldum. Çünki onu nə özümlə apara bilməyəcəkdim, nə də Bakıda qoya bilməyəcəkdim. Bütün çəkiliş qrupu getdi Qubaya, üç aydan sonra qayıtdılar. Bir gün filmin ikinci rejissoru Əşrəf Mamayev mənə yaxınlaşıb dedi ki, sabah sənin çəkilişindi. Dedim, nə çəkiliş, bəyəm Qubada çəkib qurtarmamısınız? Dedi ki, yox, Arif müəllim sənin yerlərini çəkməyib, indi pavilyonu hazırlayırıq ki, səni orada çəkək.


- Siz isə elə bilmisiniz ki, Qubada artıq sizin əvəzinizə başqa aktrisanı çəkiblər?


- Bəli, elə bilmişdim, fikirləşmişdim ki, mənə görə çəkilişi yubatmayacaqlar ki... Dedilər ki, indi pavilyon qurulur, rejissor səni gözləyir. Mən də onda kinostudiyanın laboratoriyasında işləyirdim, növbə rəisi idim. Dedim ki, indi işim var, işimi qurtaran kimi gələrəm. Sonra Arif Babayev özü gəldi mənim iş otağıma, mən də cins şalvarda cins köynəkdə idim, o vaxt dəbdə o geyim idi, mən də o geyimdə idim. Dedim ki, bəs sabah məni necə çəkirsiniz, mənim rola uyğun geyimim yox, heç bilmirəm saç düzümüm, qrimim necə olmalıdı? Dedi ki, sabah elə bu geyimdə gələrsən çəkilişə. Dedim, Qubada poçtda işləyən qız roluna cins şalvar dəstində, saçımda sancaqla çəkəcəksiz məni? Dedi, hə. Dedim, daha özünüz bilərsiniz, mənim üçün lap yaxşı.


- Bu obrazın filmdəki yerindən, yəqin ki, xəbəriniz var idi?


- Əlbəttə. Bu obrazdan, sadəcə, cavan, gözəl sima olmaq tələb olunurdu.


- Almaya oxşayan...


- (Gülərək) Bəli. Ümumiyyətlə, o dövrün filmlərinə baxanda görürük ki, rejissorlar gözəl zahiri görünüşlü aktyor və aktrisaları çəkməyə daha çox üstünlük verirdilər. Bu, filmlərin reklamına da kömək edirdi. Özünü tərifləmək olmasın, hər halda Arif Babayev çox istəyirdi mən o filmdə çəkilim. Ertəsi gün çəkilişlərə başlayanda rolumu oynadıqca ifam onun xoşuna gəldiyi üçün mənim rolumu bir az da artırdı - o qızın mürgülədiyi və sair yerlər ssenaridə yox idi, sonradan əlavə olunub. Onu da dedi ki, Qubaya getsəydin, sənin rolunun xronometrajı daha böyük olardı, burada isə poçt idarəsini imitasiya edən pavilyondan çıxara bilmərik. Təbii ki, həmin vaxt Bakıdan çıxmaq imkanım olmaya-olmaya məhz mənə öz filmində yer ayırdığına görə Arif Babayevə minnətdaram.


Mən yeməyimə çox diqqətli olduğuma görə, yəni az, amma keyfiyyətli, ləzzətli yeməyə üstünlük verdiyim üçün filmdəki telefonçu qızın nahar elədiyi epizodu nəzərdə tutub Arif müəllimdən soruşmuşdum ki, mənə yeməyə nə gətirəcəksiniz? Dedi, sənin üçün yaxşı yemək gətirdəcəm, ən ləzzətli kabab olacaq. Doğrudan da, o vaxt İçərişəhərdə ən tanınmış kababçı var idi, hamı onu "Makedoniyalı İsgəndər" kimi tanıyırdı, onun kababxanasından bütün dəm-dəstgahı ilə birlikdə çox yaxşı kabab alıb gətirmişdilər. Ətri bütün pavilyona yayılmışdı, yaxşı kabab olduğu üçün hamını tamaha salmışdı. Hətta Fazil Salayev zarafatla demişdi ki, Suğra, bir az mənə də ver də, nə yaxşı ətri gəlir bu kababın... Dedim, onsuz da, hamısını yeməyəcəm, bir tikə yeyəcəm, çəkiliş qurtaranda yeyərsiniz. Sonra Əşrəf müəllim mənə dedi ki, Arif müəllim möhkəm tapşırmışdı ki, fikir ver, İsgəndər kababı "sveji" ətdən bişirsin, bu, bizim kinostudiyanın sevimli qızıdı, Allah göstərməsin, birdən qarnı-zadı ağrıyar, bizi biabır eləyər (gülür). Mən yeyəndə də yaxınlaşıb soruşmuşdu ki, necədi, dadlıdı? Kabab isə doğrudan da, ən yaxşısından idi.


Çəkilişlər də, montaj da başa çatana qədər özümün müasir bakılı qız geyimində Qubanın poçt işçisi rolunda çəkilməyimdən nigarançılığım mənə rahatlıq vermirdi. Arif müəllimə deyirdim ki, mənim obrazım Qubanın ümumi mənzərəsindən, adamlarından çox seçilir. Deyirdi, yox, elə bu cür olmağı yaxşıdı. Sonra filmi Moskvaya aparıb təhvil verib qayıdandan sonra laboratoriyaya mənim yanıma gələndə soruşdum ki, nə oldu, filmi təhvil verdiniz? Dedi, yox e, sənin yerlərinin hamısını kəsməli olduq. Soruşdum, niyə? Cavab verdi ki, dedilər bu nədi Qubanı Parisə döndərmisən, bu, nə qızdı çəkmisən? Dedim, gördünüz, sizə dedim məni o görkəmdə çəkməyin, inanmırdınız... Birdən güldü, dedi ki, yox e, sən elə xoşlarına gəldin ki, dedilər, bu qızın filmə salınmayan başqa kadrları varsa, onları da salın. Arif müəllim də zarafatla deyib ki, qalıb bircə "xlopuşka" ilə olan kadrlar, icazə verirsiz, onları da daxil edək? Ünsiyyətdə belə mehriban, səmimi adam idi. Çox gözəl rejissor, çox gözəl dost, çox gözəl insan idi, olduqca gözəl. Sənətini sevən və bu işi bacaran, Azərbaycana, Bakıya sonsuz dərəcədə sevgisini sözdə yox, işində bildirən adamlardan idi. Əsl bakılı oğlan idi. Onun hər bir filmində o qədər sevgi, o qədər təmizlik var ki, o filmlərə baxmaqla doymaq olmur.


- Elədi. Filmdəki epizodunuz kiçik olsa da, maraqlı və güclü tərəf müqabilləriniz var.


- Bəli, elədi. Fazil Salayevlə "Ulduz" filmindən tanış idim. Təəssüf ki, dünyasını tez dəyişdi. Çox istedadlı insan idi. Mən hər dəfə çox heyfslənirəm ki, onun kimi, Hüseynağa Sadıqov kimi aktyorları az çəkiblər. Yeni nəsil onları tanımaq, istedadlarına bələd olmaq üçün çox az imkana malikdi. O cür aktyorlar üçün xüsusi ssenarilər yazılmalıydı. Onlar o dərəcədə peşəkar idilər ki, nə məşqə ehtiyac olurdu, nə də ikinci dubla. Sadəcə, sırf texniki nöqteyi-nəzərdən 2-3 dubl çəkildi ki, birdən həmin kadr plyonkada qalmaya bilər, ya da zədələnmiş olar.


- Yəqin ki, improvizələrsiz ötüşməyib, elədi?


- Bu film başdan-ayağa elə improvizədi. Arif Babayev elə rejissor idi ki, epizodun əsas məğzini deyirdi və həmin epizoddakı situasiyanı tamaşaçıya çatdırmağı buraxırdı aktyorların öhdəsinə. Nəsə xoşuna gəlməyəndə çəkilişi dayandırıb düzəlişlərini verirdi. Amma biz elə oynadıq ki, dedi, məndən olsaydı, elə birinci dubldan götürərdim, intəhası texniki təhlükəsizlik baxımından 1-2 dubl da çəkməliyik. Ümumiyyətlə, filmin yaradıcı heyəti çox güclü idi. Quruluşçu operator Valeri Kərimova demişdim ki, heç kim məni sənin kimi belə gözəl çəkməmişdi. Doğrudan da, mən bu filmdə çox qeyri-adi görünürəm. Gülüb cavab vermişdi ki, yox, mən heç nə eləməmişəm, necə var elə də çəkmişəm.


- Filmin premyerasını necə xatırlayırsınız? Kinomanların marağı hansı səviyyədə idi? Ümumiyyətlə, o dövrün mədəni həyatı yadınızda necə qalıb?


- O vaxt camaat arasında incəsənətə maraq, ümumiyyətlə, güclü idi və bu marağı təmin edən, inkişaf etdirən şərait var idi. Məsələn, "Torqovı"da, küçənin lap başlanğıcında bir stend var idi, orda çəkilməkdə olan filmlərin çəkiliş anlarının, təsdiq olunmuş aktyorların fotoları vurulurdu, beləliklə də camaatın kino istehsalı prosesindən xəbəri olurdu və yeni filmləri gözləyirdi. Mənim valideynlərimin evi həmin ərazidə idi, ona görə hər gün oradan keçəndə mütləq o stenddəki yeniliklərlə tanış olurdum. İndiki geniş texniki imkanların olmadığı, telereklamın hələ təzə tətbiq olunduğu illərdə incəsənətin təbliği bu cür canlı formada qurulurdu. Üstəlik, "kinoprokat" da tam gücü ilə işləyirdi. Ona görə bir gündə bir neçə kinoteatrda, "Nizami"də, "Azərbaycan"da, Araz"da baş tutan premyeralar çox gur keçirdi, qeyri-premyera günləri də ondan geri qalmırdı. Aktyorları tanıyırdılar, yeni filmin nə vaxt ekranlara çıxması, yaradıcılıq prosesi ilə maraqlanırdılar, bileti əvvəldən alırdılar. Eyni marağı teatra da aid etmək olar. Mədəni həyat çox qaynar idi. Kinostudiyadakı indiki sakitliyi görəndə çox məyus oluruq. O vaxt kinostudiya həm zahirən, həm də daxilən, yəni iş prosesi baxımından gözəlliyi, səliqəsi, coşğunluğu əskik olmayan bir məkan idi. Buranın 1500 nəfər işçisi var idi, bütün otaqlarda qaynar iş gedirdi, ya bir-birinin ardınca, intensiv şəkildə filmlər çəkilirdi, ya da filmlər dublyaj olunurdu, tez-tez Moskvadan və keçmiş SSRİ-nin başqa şəhərlərindən kino xadimləri gəlirdilər, üç kinozalın üçü də fəaliyyətdə idi, tez-tez kino nümayişləri baş tuturdu. Biz işçilər də o ab-havaya uyğun olmağa çalışırdıq. Hər gün işə gələndə, sanki, bayrama gəlirdik...

Нажмите на фотографии для увеличения: