Dedi-qodu sizi hörmətdən salır

Day.Az представляет новость на азербайджанском языке.
 

Dedi-qodu başqalarının arxasınca danışmaq və onları əmin olmadığımız səbəblərdən günahlandırmaqdır. Belə hallarla hər birimizin qarşılaşdığını desək, yəqin ki, yanılmarıq. Başqasının arxasınca danışan bir kimsə bunun zərərsiz olduğunu hesab edə bilər, lakin o bilməlidir ki, qeyri-ixtiyari də olsa, həmin şəxsin etibarına və nüfuzuna zərər vurur.

Dedi-qoduçular dəyərli insan olduqlarını göstərməyə çalışırlar

Dedi-qodu etmək vərdişinin hansı səbəblərdən ortaya çıxması bu yaxınlarda türkiyəli psixoloqlar tərəfindən araşdırılıb və ortaya maraqlı nəticələr çıxıb. Psixoloqlar belə hesab edirlər ki, insanlar çətinliklə qarşılaşdıqları zaman başqalarını pisləyərək, özlərini "vəziyyətdən" çıxarmağa, doğru və üstün olduqlarını göstərməyə meyllidirlər. Eyni zamanda insanlar "onlar səhv edə bilər, amma mən əsla" düşüncəsi ilə qısqanclıq hissələrini yox etməyə və haqlı olduqlarını isbat etməyə çalışırlar. Bu cür davranışımızın bir çox psixoloji səbəbləri var. Onlar içərisində ən çox rast gəlinəni isə bunlardır:

- Bəzi insanlar boş vaxtlarını "səmərəli" keçirmək məqsədilə dedi-qodu etdiklərini bildirirlər. Bəzi insanlar isə heç bir işlərinin olmadığını, bikarçılıqdan darıxdıqlarını, bu səbəbdən də dedi-qodu etdiklərini deyirlər. Lakin araşdırmalar göstərir ki, darıxmaq dedi-qodu etmək üçün əsas səbəb ola bilməz. Dedi-qodu edən şəxsi buna vadar edən səbəb ümidlərinin puç olması, qısqanclıq hissi, özünə inamın zəif olmasıdır ki, bu da, öz növbəsində, insanı bu hərəkəti etməyə sövq edir.

- Dedi-qodu etmənin səbəblərindən biri də arxasınca danışdığı insanın tutduğu mövqedir. Məsələn, iş yerində müdiriyyətlə və yaxud məktəbdə müəllimlərlə razılaşmayanlar onlara qarşı olan əsəblərini arxalarınca danışmaqla yatırmağa çalışırlar.

- Dedi-qodunun əsas səbəblərindən biri də qısqanclıq hissidir. İnsan qısqandığı birinin qeybətini edərək, başqalarının da həmin insana nifrət etmələrinə nail olmaq istəyir. Bu cür insanların belə pis vərdişdən xilas olmalarının tək yolu özünə olan inamı bərpa etmələridir.

- İnsanlar başqalarının arxasınca yalnız onların səhvlərini danışmaqla həmin şəxslərin özlərindən aşağı səviyyədə olduğunu göstərməyə çalışırlar. Dolayısilə diqqəti öz üzərlərinə çəkməyə səy göstərirlər. Daha doğrusu, özlərinin daha dəyərli bir insan olduqlarını göstərməyə çalışırlar. Məsələn, "bu adam heç nə etməyi bacarmır, zəifdir" cümləsi əslində "o adam mənimlə müqayisə oluna bilməz, mən ondan daha üstünəm" mənasını ifadə edir.

Onlara etimad azalır

Psixoloqların fikrincə, dedi-qodu qısa müddət ərzində stresi azaldır, insanı sakitləşdirir. Lakin zamanla bu qısamüddətli "rahatlıq" mənfi nəticələrə yol açır. Bunlardan qeybətini etdiyi şəxslə qarşılaşarkən keçirdiyi sıxıntı, sonradan çəkilən vicdan əzabı və peşmanlıq hissini qeyd edə bilərik. Bundan başqa, iki şəxsin öz aralarında üçüncü şəxsin arxasınca danışmaları bir-birilərinə olan inamın itməsinə də səbəb olur.

Qeybət edən insanlar hər zaman başqalarının xoşagəlməz xüsusiyyətlərini danışdıqlarından bu, onların düşüncəsinə mənfi təsir edir; bir şey haqqında pozitiv deyil, neqativ düşünməyə başlayırlar. Ünsiyyətdə olduqları insanların niyyətlərinə şübhə ilə yanaşırlar. Dedi-qodu edənlərin ətrafında olan insanlar da onların bu xüsusiyyətlərindən yararlanmağa çalışırlar. Yəni onlardan "informasiya mənbəyi" kimi istifadə edirlər. Bütün bunların nəticəsi olaraq, müəyyən müddətdən sonra onlara olan etimad azalır.

"Zaman Azərbaycan"