Tələbələrin mənzil problemi və bundan qazanclı çıxanlar… - REPORTAJ - FOTO

Day.Az представляет новость на азербайджанском языке:
Hər il olduğu kimi dərs ilinin başlaması ilə əlaqədar bölgələrdən gələn tələbələrin kütləvi şəkildə kirayə mənzil bazarına müraciət etməsi kirayə evlərin də qiymətinə təsir edib. Hazırda qiymətlər 20-30 faiz bahalaşıb. Bir neçə ay öncə 300 manata kirayə verilən evlər indi 350-400 manata təklif olunur. Makler bazarında, qısa müddətdə apardığımız müşahidələr də bunu deməyə əsas verir.
Artıq dərs ilinin başlamasına sayılı günlər qalır. Tələbələrin əksəriyyəti kirayə evlərdə məskunlaşıblar. Ancaq ofislərin qarşısında, maklerlərin kütləvi toplandığı yerlərdə hələ də ev axtaran tələbələrə rast gəlinir.
Bəs, görəsən hazırda tələbələrin büdcəsinə uyğun şəraitdə ev tapılırmı? Makler bazarında tələbələrə hansı şərtlərlə evlər təklif olunur. Hazırkı durumu öyrənmək məqsədilə "Neftçilər" metrostansiyası yaxınlığındakı "Makler bazarına" baş çəkdik.
Bəzi tələbələr hələ də kirayə ev axtarışındadır. Əsasən oğlanların ev tapmaqla bağlı çətinliyi daha böyükdür. Çünki, evini kirayə vermək istəyənlərin əksəriyyəti qız tələbələrə üstünlük verir. Səbəb isə evlərinin daha təmiz və səliqəli qalmasıdır. Əksər maklerlər və ev sahibləri evlərini yalnız tələbə qızlar üçün təklif edirlər.
Özümüzü tələbə kimi təqdim edib kirayə evlərin qiyməti ilə maraqlanırıq. Metrostansiyaların yaxınlığında, mərkəzə yaxın ərazilərdə 3 tələbənin qalması üçün 2 otaqlı mənzillər 400 manata təklif edilir. Lakin ev axtaran tələbələr bu qiymətlə razılaşmayıb daha ucuz ev axtardıqlarını deyirlər.
Tələbələrlə həmsöhbət olub necə bir ev axtardıqlarını soruşuruq. Elnur adlı tələbə qiymət artımından narazılıq edir: "II kurs tələbəsiyəm. Keçən il "Neftçilər" metrostansiyası yaxınlığında 300 manata 2 otaqlı normal şəraitdə ev tapmaq olurdu. Artıq 2 saata yaxındır ki,10 maklerə yaxınlaşmışam, münasib qiymətə ev istəmişik, lakin yoxdur".
Bakıya oxumağa gələn Cabir də metro ətrafında mənzil axtardığını deyir: "Metroya yaxın olmasını istəyirəm ki, sonradan yol xərcim də çox olmasın. Ev çoxdur, lakin bizim büdcəmizə uyğun deyil. "Xalqlar dostluğu", "Əhmədli", "Nefçilər" metrostansiyasına yaxın ərazilərdə 2 otaqlı mənzilə aylıq 350-400 manat pul istəyirlər. Tələbə üçün bu məbləğ çoxdur. Ötən il 3 nəfər ikiotaqlı bir evə aylıq 250 manat verirdik. İndi isə 100 manat artıb. Dövlət tələbələr üçün bir tədbir görsə, yaxşı olar".
Öz evini kirayə verən Məryəm adlı qadın da tələbələrin bazara axın etməsi səbəbindən qiymətlərin süni şəkildə artırıldığını təsdiqləyir: "İyun-iyul aylarında olan qiymətlərlə indi qiymətlər arasına bir xeyli fərq var. Çünki, kirayə mənzilə tələbat artıb. Bu bazarın qanunudur".
"Yeni Müsavat"a açıqlamasında durumu dəyərləndirən mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı da qeyd etdi ki, dərs ilinin başlaması ərəfəsində kirayə mənzillərin qiymətinin artması bazar üçün xarakterik məsələdir: "Hər il bu proses baş verir. İyun ayında kirayə mənzil bazarında təklif artır, qiymətlər azalır. Bundan fərqli olaraq iyul ayının son 10 günündən başlayaraq avqust və sentyabr ayları da daxil olmaqla tələbin kəskin artımı baş verir. Bu il də bu proses qiymətlərə təsir göstərdi. Bundan başqa, şəhərdə aparılan söküntülərlə əlaqədar olaraq təkliflər paketinin həcmi aşağı düşüb. Ona görə də bu il qiymətlərdə nəzərə çarpacaq dərəcədə artım oldu. Artıq kirayə bazarında qiymət artımı dayanıb. Çünki, bu mövsümi xarakter daşıyır. Hazırda vəziyyət sabitləşib".
Ekspertin sözlərinə görə, bu il mənzil bazarlarında 20 faiz qiymət artımı müşahidə olunub: "Ümumilikdə kirayə bazarında 20 faiz artım müşahidə olunur. Şəhərin müxtəlif ərazilərində qiymət artımı ilə bağlı faiz dərəcəsi fərqlidir. Şəhərin mərkəzinə nisbətən ətraf qəsəbələrdə kirayə evlərinin qiymətində bahalaşma daha çox müşahidə olunur".
Ekspert onu da vurğuladı ki, tələbə yataqxanalarının az olması, yataqxanaların əksəriyyətində məcburi köçkünlərin məskunlaşması da, bazara təsirini göstərir: "Yataqxanaların azlığı, məcburi köçkünlərin məskunlaşması, müəyyən bir dövr ərzində yataqxanaların söküntüsü və sairə kirayə bazarına mənfi təsirini göstərir. Bu problemlərin qarşısını almaq üçün ucuz mənzillərin, sosial kirayə evlərin tikintisinə başlanmalıdır".
R.Osmanlının sözlərinə görə, problemlərdən biri də odur ki, kirayə verənlə ev sahibi arasında münasibətləri tənzimləyən qanun olsa da, müqavilələr bağlanmır: "Kirayə müqavilələrinin bağlanmaması problemdir. Düşünürəm ki, bu ildən Vergilər Nazirliyi daşınmaz əmlak bazarında vergi münasibətlərinin tənzimləməsində ciddi islahatlara başlayıb. Alqı-satqı ilə əməliyyatlarında Vergilər Nazirliyinin məsələyə yanaşması eyni zamanda kirayə bazarına da öz təsirini göstərəcək. Vergilər Nazirliyi bu sahəyə ciddi nəzarət edir. Ona görə də, kirayə verənləri xüsusi ilə məhz bu cür məsələlərdə ehtiyatlı olmağı və kirayə müqavilələri imzalamağa çağırıram".
Böyütmək üçün şəkillərə klikləyin.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре