Bölgəmiz barədə məlumatların dürüst və qərəzsiz şəkildə yayılması gələcək əməkdaşlıqlar üçün əsas ola bilər

İnanırıq ki, yeni reallaşmağa başlayan "Eastweststream.com" media-platforması öz fəaliyyəti ilə məhz bu əməkdaşlıq imkanlarına, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcək. Çünki bölgəmiz barədə məlumatın operativ, dürüst və qərəzsiz şəkildə yayılmasının təmin edilməsi gələcək əməkdaşlıqlar üçün əsas ola bilər.

Trend xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Trend və TASS agentliklərinin birgə layihəsi olan "Eastweststream.com" media-platformasının təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün əsası qoyulan layihə sadəcə regionda deyil, beynəlxalq müstəvidə baş vermiş hadisələrin dünya miqyasına çatdırılmasında etibarlı, aparıcı məlumat mənbəyinə çevriləcək. Müasir beynəlxalq münasibətlərdə media sahəsində əməkdaşlıq böyük önəm kəsb edən məsələlərdən biridir:

"Xüsusən 44 günlük Vətən müharibəsi ərəfəsində biz bu əməkdaşlığın necə böyük rol oynadığının şahidi olduq. Postmüharibə dövründə də əməkdaşlıq xüsusilə də Azərbaycan üçün əhəmiyyətlidir. Azərbaycanın milli maraqları üzərində qurulan xarici siyasətimiz bölgədə və beynəlxalq müstəvidə sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Hazırda BMT-nin Baş Assambleyasından sonra dünyanın ikinci ən böyük siyasi platforması olan Qoşulmama Hərəkatına sədrlik edən ölkəmiz ədalətin və beynəlxalq hüququn təmin edilməsi istiqamətində əməli və çox önəmli addımlar atır. Məlum olduğu kimi Azərbaycan pandemiyaya qarşı qlobal mübarizə sahəsində səylərin səfərbər edilməsi istiqamətində də çox böyük işlər görür. Cənab Prezident tərəfindən bu sahədə çox əhəmiyyətli təşəbbüslər irəli sürülüb".

XİN rəsmisi əlavə edib ki, Azərbaycan bu gün bölgəmizin aparıcı iqtisadi qüvvəsidir:

"Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən böyük iqtisadi, nəqliyyat layihələri qitələri, dənizləri birləşdirməklə, böyük coğrafi ərazidə enerji təhlükəsizliyinə, dayanıqlı inkişafa töhfələr verir. Azərbaycanın Avrasiya bölgəsində əhəmiyyətli nəqliyyat mərkəzinə çevrilmək üçün nəqliyyat şəbəkəsinin inkişafına diqqət yetirilir. Bu gün ölkəmizdən keçən nəqliyyat yolları və dəhlizlər nəqliyyat operatorları üçün yüksəksəviyyəli infrastruktur və qısa müddətdə rəqabət baxımından böyük imkanlar vəd edir. Ölkəmiz regional enerjinin inkişafında fəal rol oynayır. Rabitə və maneəsiz nəqliyyat əməliyyatlarının yaxşılaşdırılmasına yönəlmiş yeni əməkdaşlıq formatlarını dəstəkləyirik".

Leyla Abdullayeva qeyd edib ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına təkan verəcək:

"Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi-ticari əlaqələrin inkişaf etməsi Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək. Onilliklər ərzində davam edən münaqişənin həlli əməkdaşlıq, inkişaf və tərəqqi üçün yeni perspektivlər açıb. 10 noyabr 2020-ci il tarixli, həmçinin bölgədə kommunikasiyaların açılması ilə bağlı 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası bölgənin mənzərəsini dəyişməklə yanaşı, onun əhəmiyyətini daha da artıracaq. Nəqliyyat, rabitə və ticarətlə bağlı yeni tərəfdaşlıq imkanlarından faydalanmaq fürsəti yaranacaq. Gücləndirilmiş regional əməkdaşlıq həm də bölgədə sülh və sabitliyin mökəmləndirilməsinə xidmət edəcək".

XİN rəsmisi sonda bildirib ki, göründüyü kimi bölgəmiz yeni və dinamik şəkildə inkişaf edən və əlavə əməkdaşlıq imkanlarını yaradan vəziyyətlə üz-üzədir:

"Bu imkanlardan faydalanmaq hesab edirik ki, bütün ölkələrin marağındadır. İnanırıq ki, yeni reallaşmağa başlayan "Eastweststream.com" media-platforması öz fəaliyyəti ilə məhz bu əməkdaşlıq imkanlarına, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcək. Çünki bölgəmiz barədə məlumatın operativ, dürüst və qərəzsiz şəkildə yayılmasının təmin edilməsi gələcək əməkdaşlıqlar üçün əsas ola bilər. İnanırıq ki, bu platforma gələcəkdə bölgənin digər ölkələrinin, xüsusən də şərqlə qərbi birləşdirən dəhliz boyunca yerləşən böyük keçmiş İpək Yolu üzərinə yerləşən ölkələrin də bu platformaya qoşulması ilə daha da böyük media alətinə çevriləcək".