Vaşinqton Bakıya yeni vədlər verir

Müəllif: Elçin Alıoğlu, Trend

Rəsmi təsdiq olmasa da, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun 9-11 iyul tarixlərində Vaşinqtonda NATO sammiti çərçivəsində təşkil olunan tərəfdaş ölkələrin görüşündə iştirak edəcəyi gözlənilir. ABŞ Dövlət Departamenti artıq C. Bayramovun erməni həmkarı Ararat Mirzoyanla görüşünün təşkilinə başlayıb.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel dünən jurnalistlərə bildirib ki, NATO sammiti çərçivəsində Amerika tərəfi Ermənistan və Azərbaycan arasında xüsusi görüşlərin təşkilinə çalışır. Patelin sözlərinə görə, Vaşinqton üçün Bakı və İrəvan arasında sülh dialoqu çox vacibdir.

Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ən son ötən ilin iyun ayında Vaşinqton platformasında sülh sazişi üzrə danışıqlar aparmışdılar. Lakin bundan sonra Azərbaycan Vaşinqton formatına, eləcə də ümumilikdə Qərb vasitəçiliyinə marağını itirmişdi.

Ötən ilin sentyabrın 19-da Xankəndindəki separatçı-terrorçu xuntaya qarşı Azərbaycan Ordusunun gerçəkləşdirdiyi lokal antiterror tədbirlərindən sonra sülh danışıqlarında müəyyən durğunluq vardı. Qarabağlı ermənilərin Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanması Bakı-İrəvan müzakirələrinin müvəqqəti də olsa, dayanmasına səbəb olmuşdu.

Bu ilin fevral ayında Almaniyanın Münhen şəhərinlə keçirilən Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutdu.

Həmin görüşdə Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, yekun sülh sazişi, nəqliyyat kommunikasiyalarının bərpası və yeni loqistika marşrutlarının açılması, ən nəhayət, Bakı ilə İrəvan arasında diplomatik münasibətlərin qurulması kimi həddən ziyadə önəmli məsələlərlə bağlı mühakirələrin XİN başçıları səviyyəsində Berlində davam etdirilməsi barədə razılıq əldə edilmişdi.

Fəqət, Ermənistan rəhbərliyi həmişə olduğu kimi, vədlərinə əməl etmədi və faktiki olaraq, danışıqların Berlin raundunun baş tutmaması üçün əlindən gələni etdi.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan yalnız mayın əvvəllərində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin vasitəçiliyi ilə Alma-Atada görüşdülər.

İyunda Alma-Atada XİN başçılarının yeni görüşü planlaşdırılmışdı: İrəvanın absurd bəyanatları səbəbindən növbəti görüş baş tutmadı, danışıqların Qazaxıstan formatı da davamlı alınmadı.

Hazırda ABŞ Dövlət Departamenti Vaşinqton formatını bərpa etmək üçün əhəmiyyətli diplomatik səylər göstərir və hər iki tərəfi tammiqyaslı sülhə nail olmaq imkanını əldən verməməyə çağırır. Başqa sözlə, Birləşmiş Ştatlar bölgəmizdə yürütdüyü taktika çərçivəsində açıq şəkildə göstərir ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi hazırda Vaşinqton üçün Cənubi Qafqazda prioritet məsələlərdən biri, bəlkə də birincisidir.

Çünki Cənubi Qafqazda sülh ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqazda Rusiyanın təsirini azaltmağa yönəlmiş ümumi strategiyasına mükəmməl şəkildə uyğundur.

Vaşinqton əmindir ki, Azərbaycan və Ermənistan arasındakı həll olunmamış münaqişə Moskvanın bu strateji əhəmiyyətli regiona təsir göstərən əsas vasitələrindən biridir.

ABŞ-ın Azərbaycan və Ermənistanı barışdırmaq cəhdləri, şübhəsiz ki, müsbət bir amildir. Bununla belə, rəsmi Bakı Vaşinqtona bir daha bəyan etdi ki, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olması, Ermənistan tərəfinin Prezident İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilən şərtləri yerinə yetirməsindən asılıdır. Xüsusilə, Ermənistanın Azərbaycan ərazilərinə qarşı ərazi iddialarını özündə ehtiva edən konstitusiyasına düzəliş etmədiyi müddətcə.

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında ABŞ-ın rolu və strateji planları, həmçinin regiondakı maraqları, Vaşinqtonun Cənubi Qafqaz siyasətini formalaşdırır. Bu siyasət bir neçə əsas istiqamətdə qurulmuşdur və həm regional, həm də qlobal kontekstdə böyük əhəmiyyət kəsb edir.

ABŞ-ın əsas prioritetlərindən biri - Ağ Ev rəsmilərinin dediklərinə görə - Cənubi Qafqazda sabitliyi təmin etməkdir. Bunun üçün Vaşinqton müxtəlif diplomatik vasitəçilik təşəbbüsləri həyata keçirir və regiondakı dövlətlərlə əməkdaşlıq edir. ABŞ, həmçinin, beynəlxalq təşkilatlar vasitəsilə sülh və təhlükəsizlik təşəbbüslərinə dəstək verir.

Bu çərçivədə, ABŞ, Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həlli üçün intensiv səylər göstərir.

Lakin Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqları, müzakirələr, edilən səfərlər və keçirilən görüşlər sadəcə Birləşmiş Ştatların yox, kollektiv Qərbin bölgədəki münaqişələrin həllində oynadığı rolu ən dəqiq şəkildə əks etdirirdi.

Fransa və Rusiya təki, ABŞ da "hər iki tərəfi dialoqa dəvət etmək", "münaqişənin həlli üçün müxtəlif təkliflər irəli sürmək"lə məşğuldu və işğalçı Ermənistana təsir edərək onu aqressiv siysətinə son qoymağa, işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməyə vadar etmək üçün konkret heç bir iş görmədilər.

Faktdır - Cənubi Qafqaz enerji resurslarının dünya bazarına çıxışı üçün strateji əhəmiyyətə malikdir. ABŞ regionun enerji resurslarının təhlükəsiz və etibarlı şəkildə dünya bazarına çatdırılmasını təmin etmək üçün müxtəlif layihələrə dəstək veriir. Buna şübhə etmirik, lakin Cənubi Qafqazda layihələrin stabil fəaliyyəti üçün sülh gərəkdir və həmin sülhün təminatı da rəsmi İrəvanın adekvat davranışı ilə bağlıdır.

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və TANAP qaz kəməri kimi layihələr ABŞ-ın enerji təhlükəsizliyi strategiyasının əsas komponentləri sırasındadır. Bu layihələr vasitəsilə,ABŞ Avrop İttifaqının enerji təminatında Rusiyadan asılılığını azaltmağa çalışır və regiondakı enerji resurslarının şaxələndirilməsini təmin edir.

Cənubi Qafqaz Rusiya üçün strateji əhəmiyyət daşıyan bir regiondur və Moskva bu bölgədəki təsirini qorumaq üçün müxtəlif siyasi və hərbi vasitələrdən istifadə edir. ABŞ Rusiyanın regiondakı təsirini balanslaşdırmaq üçün müxtəlif strategiyalar həyata keçirir.

Bu müstəvidə ABŞ Cənubi Qafqazdakı dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Vaşinqton, həmçinin NATO və digər beynəlxalq təşkilatlar vasitəsilə regiondakı təhlükəsizlik təşəbbüslərinə dəstək verir.

Amma necə?

İrəvanda Ermənistan Konstitusiyasının yeni redaksiyası üzərində işlər gedir. Bu işlərin nə zaman başa çatacağı və yenilənmiş konstitusiyanın ümummilli referendumda qəbul olunub-olunmayacağı barədə hələ dəqiq məlumat yoxdur. Ekspertlərin fikrincə, proses ən azı bir il çəkə bilər.

Belə bir vəziyyətdə Ceyhun Bayramovun Ararat Mirzoyanla ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə mümkün danışıqları nəyi dəyişə bilər? Bakı və İrəvan arasında Vaşinqtonda aparılan dialoqun danışıqlar prosesini çıxılmaz vəziyyətdən çıxaracağına və ABŞ-ın gözləntilərinə uyğun olaraq, Bakıda keçiriləcək payız sammiti COP29 çərçivəsində Ermənistan və Azərbaycan arasında sülhün imzalanmasına gətirib çıxaracağına inanmaq çətindir.

Eyni zamanda, əgər Vaşinqtonda Bayramov-Mirzoyan görüşü baş tutarsa, bu, ABŞ üçün Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynamağa davam etdiyini nümayiş etdirmək üçün yaxşı bir fürsət olacaq.

Rusiyanın bu prosesdən faktiki olaraq kənarlaşdırılması fonunda bu, ABŞ-ın Cənubi Qafqazda mövqelərini ardıcıl olaraq gücləndirmək, eyni zamanda Bakı və İrəvan arasında sülhün əldə olunmasını sürətləndirmək və Ermənistanla ikitərəfli münasibətləri dərinləşdirmək niyyətlərinin daha bir təsdiqi olacaq.

İrəvana demək olar ki, hər həftə Konqres və ABŞ Dövlət Departamentinin yüksək səviyyəli nümayəndələrindən ibarət növbəti bir heyət göndərilir. Sonuncu belə səfər dünən, iyulun 2-də respublikaçı senator, ABŞ Helsinki Komissiyasının, yəni Avropa Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının üzvü olan Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin İrəvana gəlməsi ilə baş tutub. Uiker həmçinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin yüksək səviyyəli üzvüdür.

Uikerlə birlikdə okeanın o tayından yeddi nəfər gəlib, onların arasında Helsinki Komissiyasının sədri, Nümayəndələr Palatasının üzvü Co Uilson və onun həmsədri, demokrat senator Ben Kardin də var.

ABŞ səfirliyinin İrəvandakı məlumatına görə, erməni-amerikan əlaqələrinin daha da gücləndirilməsi üçün nümayəndə heyəti Milli Məclisin həmkarları və Ermənistan hökumətinin nümayəndələri ilə görüşlər keçirəcək. Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və Milli Məclisin spikeri Alen Simonyan ilə də görüşlər planlaşdırılıb.

... ABŞ Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında vasitəçi rolunu oynamaq istəyir və bu prosesdə əsas oyunçulardan biri kimi çıxış etmək fikrindədir. Vaşinqton hər iki tərəfi masa arxasına gətirərək, münaqişənin həlli üçün diplomatik yollar axtarır. Bununla yanaşı, ABŞ regiondakı gərginliyin azaldılması və humanitar məsələlərin həlli üçün müxtəlif təşəbbüsləri dəstəklədiyini vurğulayır.

Bakının mövqeyi və şərtləri aydındır: Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı maddə ləğv edilmədikcə və Ermənistan konstitusiyasına zəruri düzəlişlər reallaşmadıqca sülh müqaviləsinin imzalanması mümkün deyil. Bu, Bakının əsas tələbi kimi çıxış edir və sülh prosesinin irəliləməsində həlledici rol oynayır.

Bu çərçivədə, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşlərinin konkret nəticə verməsi ehtimalı aşağıdır, çünki Ermənistanın daxili siyasi sistemində islahatlar aparmağa hazır olmaması, sülh prosesinin qarşısında ciddi maneələr yaradır.

Şübhəsiz ki, ABŞ Cənubi Qafqazda davamlı sülh və sabitlik əldə etmək üçün səylərini davam etdirəcək. Bu çərçivədə, Vaşinqton regionda diplomatik təşəbbüsləri dəstəkləməyə, iqtisadi əməkdaşlığı gücləndirməyə və enerji layihələrini təşviq etmək strategiyasını daim aktiv saxlayır. Eyni zamanda, ABŞ, regiondakı dövlətlərin suverenliyini və ərazi bütövlüyünü qorumağa çalışdığını qeyd edir.

ABŞ, Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləmək üçün müxtəlif diplomatik təşəbbüslər həyata keçirəcək. Bu çərçivədə, Vaşinqton, regionda sülh və təhlükəsizliyi təmin etmək üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq, regiondakı digər güclərlə birlikdə çalışmaq fikrində olduğunu bəyan edir.

ABŞ həmçinin, regiondakı humanitar məsələlərin həlli üçün müxtəlif proqramları dəstəkləyəcək və bu istiqamətdə fəaliyyətini genişləndirəcəyini də deyir.

Vaşinqton regiondakı iqtisadi əməkdaşlığı gücləndirmək üçün müxtəlif təşəbbüsləri dəstəkləyəcək. Bu çərçivədə Ağ Ev regiondakı dövlətlərlə ticarət əlaqələrini genişləndirəcək və iqtisadi layihələrə dəstək verəcəyini xüsusilə təkrarlayır.

ABŞ həmçinin, regiondakı enerji layihələrinin inkişafını dəstəkləyəcək və bu istiqamətdə fəaliyyətini genişləndirəcəyini də bildirir.

Bu vədlərin, bəyanatların və açıqlamaların nə qədər real olduğunu isə zaman göstərəcək.