Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmələri üçün ölkəmizə gətirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
Day.Az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, uşaqlar Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin ediləcəklər.
Onlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunacaq. Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.
Uşaqlar üçün Qəbələ və Şəkidəki istirahət mərkəzlərinə, tarixi-memarlıq abidələrinə ekskursiyalar da təşkil olunacaq.
Bundan əvvəlki 8 qrupla birlikdə ümumilikdə 300-ə yaxın ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
Qeyd edək ki, Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri davam etdirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре