İnsan beyninin ən yaxşı işlədiyi yaş müəyyən EDİLİB
Yeni elmi araşdırma insan beyninin ən yüksək performans göstərdiyi yaşı üzə çıxarıb.
Day.Az xəbər verir ki, Kembric Universiteti və Pittsburq Universitetinin Koqnitiv və Neyrologiya Tədqiqat Bölməsi tərəfindən aparılan araşdırmaya əsasən, insan beyninin pik fəaliyyəti orta hesabla 32 yaşda qeydə alınır.
Nature Communications jurnalında dərc olunan tədqiqat çərçivəsində 0-90 yaş arası 4216 nəfərin beyin topologiyası təhlil edilib.
Nəticələr göstərir ki, beynin inkişafı bir neçə əsas mərhələdən ibarətdir və bu mərhələlər 9, 32, 66 və 83 yaşlarında daha aydın şəkildə özünü göstərir.
Araşdırmaya görə, 0-9 yaş aralığında beynin qonşu bölgələri arasında ilkin əlaqələr formalaşır. 9-32 yaş dövründə isə neyron şəbəkələri daha mürəkkəb və ixtisaslaşmış quruluşa çevrilir. Məhz 32 yaşda insanın idrak elastikliyi ən yüksək səviyyəyə çatır: işçi yaddaş, mücərrəd düşüncə və ümumi qavrayış bu mərhələdə maksimum inkişaf edir. 32-66 yaş arasında uzaq beyin sahələri arasındakı əlaqələr zəifləsə də, lokal şəbəkələr güclənərək funksionallığın qorunmasına xidmət edir.
66 yaşdan sonra başlayan mərhələdə neyron şəbəkələri daha parçalanmış və təcrid olunmuş strukturlar şəklində fəaliyyət göstərir. 83 yaşdan sonra isə bu dəyişikliklərin nisbətən sabitləşdiyi qeyd olunur. Bununla belə, mütəxəssislər vurğulayır ki, aktiv həyat tərzi və davamlı intellektual fəaliyyət beynin səmərəliliyini uzun müddət qoruyub saxlaya bilər və fərdi fərqlər bu prosesdə mühüm rol oynayır.
Alimlər bildirir ki, beyin həyat boyu sadəcə qocalmır, fərqli mərhələlərdə funksional olaraq yenidən təşkil olunur və zirvə nöqtəsinə müəyyən bir yaşda çatır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре