Alimlər şimpanzelər arasında nadir “vətəndaş müharibəsi” qeydə alıblar

Uqandada yerləşən Kibale Milli Parkı ərazisində aparılan tədqiqat zamanı dünyanın ən böyük şimpanze icmalarından birində nadir rast gəlinən "vətəndaş müharibəsi" müşahidə olunub.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar əvvəllər 200-dən çox fərddən ibarət olan bu icmanın iki düşmən qrupa bölündüyünü və artıq uzun müddətdir qarşıdurma davam etdiyini bildirir.

Araşdırmaya görə, 2015-ci ildən başlayan parçalanma nəticəsində şimpanzelər "Qərb" və "Mərkəzi" qruplara ayrılıb. Bu qruplar arasında mütəmadi hücumlar baş verir, nəticədə yetkin fərdlər və balalar həlak olur. Xüsusilə Qərb qrupunun daha aqressiv olduğu və mütəmadi sərhəd patrulları təşkil etdiyi qeyd olunur.

Mütəxəssislər bu hadisənin olduqca nadir olduğunu və təxminən yüzilliklərdə bir dəfə qeydə alındığını bildirirlər. Onların fikrincə, belə qarşıdurmalar sosial əlaqələrin zəifləməsi, liderlik dəyişiklikləri və xəstəliklər kimi amillərlə bağlı ola bilər.

Alimlər hesab edir ki, bu cür müşahidələr heyvan davranışını anlamaqla yanaşı, insan cəmiyyətlərində münaqişələrin səbəblərini araşdırmaq üçün də mühüm ipucları verir.