"Servis haqqı" LƏĞV EDİLİR?
"Servis haqqı kassa çekində və sənədlərdə açıq şəkildə göstərilməlidir".
Bunu Day.Az-a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib.
O, Azərbaycanda restoranlarda servis haqqının ləğv olunması ehtimalı ilə bağlı fikirlərini səsləndirib.
Sədr bildirib ki, servis haqqı məsələsinə yenidən baxılması məqsədəuyğundur.
Onun sözlərinə görə, bəzi iaşə obyektlərində hesab üzərinə əvvəlcədən bildirilməyən 5-15% servis haqqının əlavə olunması həm yerli istehlakçılar, həm də turistlər arasında narazılıq yaradır.
"Bu, təkcə maliyyə məsələsi deyil, ümumilikdə xidmət mədəniyyəti, bazar etibarı və ölkənin qonaqpərvərlik imicinə təsir edən amildir. Qanunvericiliyə əsasən, istehlakçıya xidmətin qiyməti və şərtləri barədə əvvəlcədən tam və aydın məlumat verilməlidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun və mövcud qaydalar əlavə ödənişlərin şəffaf şəkildə göstərilməsini və istehlakçının seçim hüququnun qorunmasını tələb edir.
Vergi və inzibati tələblərə görə də bütün ödənişlər, o cümlədən servis haqqı kassa çekində və sənədlərdə açıq şəkildə göstərilməlidir. Bu, xidmətlərin şəffaflığını artırmaqla yanaşı, qeyri-müəyyən və məcburi əlavə ödənişlərin qarşısını alır", - o deyib.
S.Dübəndi qeyd edib ki, servis haqqı ya tamamilə qiymətə daxil edilməli, ya da menyuda, girişdə və hesabda açıq şəkildə göstərilməlidir. Eyni zamanda, xidmət keyfiyyəti ilə yanaşı əməkhaqqı və motivasiya sistemləri də daha şəffaf və dayanıqlı şəkildə qurulmalıdır.
Xatılradaq ki, Türkiyədə 2026-cı ilin əvvəlindən etibarən restoran, kafe və bənzər ictimai iaşə obyektlərində "servis haqqı" adı altında əlavə ödəniş tələb edilməsi rəsmi olaraq qadağan edilib.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре